Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Hacı Məmmədov Qobustan türməsinə köçürülə bilər

Hacı Məmmədov Qobustan türməsinə köçürülə bilər

23 iyul 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan 8 ay sonra səs-küylü əməliyyat baş tutdu. MTN 2005-ci il martın 10-da “Qara Kəmər” əməliyyatı keçirdi, başında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun durduğu adam oğurlayan banda ifşa olundu. Rəsmi olaraq bandanın 10 il fəaliyyət göstərdiyi, üzvlərinin adam oğurluğu və sifarişli qətllər törətdiyi açıqlanıb.

Mətbuatda bu əməliyyatın sorağına günlərimizə qədər ara-sıra da rast gəlmək olurdu. Bandanın məhkəməsi 2006-cı ildə başlayıb, 2007-ci ilə qədər davam etdi, Hacı Məmmədov da daxil olmaqla 10 nəfər ömürlük, 15 nəfər isə ən müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər.

İş üzrə ömürlük həbsə məhkum edilmiş 9 nəfər Qobustan Qapalı Həbsxanasına göndərildi. Hacı Məmmədov isə ibtidai istintaq dövründə olduğu kimi, yenə də Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanıldı. Bu gün də oradadır.

Onu MTN-nin İstintaq Təcridxanasında digər kameralardan şəraitinə görə fərqlənən 44 saylı kamerada saxlayırlar. Həmin kamera digərlərindən genişliyinə görə fərqlənir. Təcridxanadakı kameraların ölçüsü standartdır – 2 metr 80 santimetr uzunu və eyni ölçüdə enidir.

Kameraların tavanına bitişik balaca pəncərələr var. Həmin pəncərələrdən yalnız səmanı görmək olur. Hacı Məmmədovun saxlanıldığı kameranın ölçüləri daha böyükdür. Şəhidlər Xiyabanı tərəfə açılan pəncərəsindən Bakını seyr etmək olur. Banda başçısına illərdir ki, fərqli münasibət var.

Ömürlük məhkumun MTN-də saxlanılması qurumun tarixində ilk belə haldır. Hacı Məmmədova qədər ora ömürlük həbsə məhkum edilmiş şəxsləri göndərmir, orada saxlamırdılar. Hacı Məmmədovun MTN-də qanunsuz saxlanıldığı zaman-zaman ictimailəşsə də, heç bir nəticəsi olmayıb. İş üzrə təqsirləndirlən Zakir Nəsirovun vəkili Adil İsmayılov H.Məmmədovun MTN-də saxlanılmasının qanunsuz olduğunu mətbuata dəfələrlə deyib.

Vəkil 2011-ci ildə qəzetimizə verdiyi açıqlamada demişdi ki, Hacı Məmmədovu orada qanunsuz saxlayırlar: “Qanun buna imkan vermir. Onu Qobustana çoxdan göndərməli idilər. Amma göndərmirlər”.

MTN təcridxanasına baş çəkmək hüququ tanınan yeganə hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə qəzetimizə açıqlamalarında Hacı Məmmədovun orada qalmaq istədiyini dəfələrlə bildirib.

Onun qəzetimizə verdiyi açıqlamalardan birindən sitat: “Hacı özü mənə demişdi ki, Qobustana köçürülmək istəmir. Dedi, ora köçürsələr, həyatıma təhlükə olacaq, mənim üçün elə ən təhlükəsiz yer MTN-dir”.

Məsələnin bu tərəfi də var ki, məhkumun saxlama yerini seçmək hüququ Azərbaycan qanunları ilə tanınmır. Buna görə də onun MTN-də saxlanılması qanunsuzdur.

Belədə ortaya suallar çıxır: Hacı Məmmədova xüsusi münasibət haradan qaynaqlanır? Eldar Mahmudov nazir olaraq belə bir qanunsuzluğa niyə qol qoyub? Marağı nə olub? Məgər o, Hacı Məmmədovun millətin, dövlətin təhlükəsizliyinə cavabdeh olan bir qurumda saxlanılmasının Azərbaycan qanunlarına zidd olduğunu bilməyib?

Aydındır ki, nazir bunları bilməmiş deyildi. Sadəcə Hacı Məmmədovu himayə etməklə onu məhkəməsində şəxsi maraqlara uyğun ifadə verməsinə yol açmışdılar. Hacı Məmmədov isə məhkəməsində sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə şər atmaqdan, DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirovun üzünə dayanmaqdan çəkinməmişdi. Onun yalana söykənən ifadələri əsasında Z.Nəsirov bu gün də ömürlük həbsdədir.

Hacı Məmmədov “Qara Kəmər”ə qədər sifarişlə adam öldürürdüsə, bu əməliyyatdan sonra sifarişlə üzə dayanana çevrilmişdi. O, törətdiyi əməllərə görə ömürlük cəza alacağını tutulduğu andan bilirdi. Bilirdi ki, bu əməlləri ilə özünə Qobustan Həbsxanasında ömürlük kamera qazanıb. Orada isə yanına sifarişlə öldürdüyü şəxsin qohumu, oğurlayıb pulunu aldığı biznesmenin tanışı düşüb, onu çətin duruma sala, suallar verə bilərdi. Bunlardan özünü sığortalamaq üçün yalan ifadələrə qol çəkdi, məhkəmədə dedi və MTN-dəki kameranı ömrünün axırına qədər özünə qazandı.

O zaman heç kimin ağlına belə gəlməzdi ki, Hacı Məmmədova qarşı keçirilən əməliyyatın biri də onu himayə etmiş şəxslərə qarşı keçirilə bilər. Və Hacı Məmmədov açıqda qalar. Azərbaycanda daman bütün “krışa”sı da bir gün su buraxar.

Bu gün H.Məmmədovun qanunsuz olaraq saxlanıldığı MTN-dən Qobustan Qapalı Həsbxanasına köçürülməsi qanuni qərarla bağlı məsələdir. Bu isə milli təhlükəsizlik naziri təyin ediləcək şəxsin Azərbaycan qanunlarına sayğısının göstəricilərindən biri olacaq.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın