Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / Hacı İbrahimlə “A.M.A.Y. Abdulla”nı nə birləşdirir?

Hacı İbrahimlə “A.M.A.Y. Abdulla”nı nə birləşdirir?

“Avesta” konserninin rəhbərinin öz işçilərinin adına külli miqdarda kredit götürdüyü deyilir; Beynəlxalq Bank isə iş adamının iddiasına münasibət bildirmək istəmir

Azərbaycan Beynəlxalq Bankı “Xəzər Adaları” layihəsinin rəhbəri, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin banka qarşı məhkəmə iddiasına şərh vermir. Bankın mətbuat xidmətindən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq belə bildiriblər. Qeyd edək ki, Hacı İbrahim Nehrəmli DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda xəbərlərə münasibət bildirərkən deyib ki, Beynəlxalq Bankı məhkəməyə verəcək. Onun sözlərinə görə, banka ümumilikdə 450 milyon manat kredit borcu var.

 
Beynəlxalq Bankdan nümayəndə heyəti onun 5 obyektini qiymətləndirib. “Həmin 5 obyektə bankın qoyduğu qiymət 1.5 milyard manat oldu. Əgər bank mənim borclarımı ödəməyimi istəyirsə, gəlib həmin obyektlərimi ala bilər. 2 gündən bir ”Bandotdel” tərəfindən çağırılmağım doğru deyil. Mən bankı buna görə məhkəməyə verməyə hazırlaşıram” – deyə iş adamı bildirmişdi. Qeyd etmişdi ki, özü ilə yanaşı işçilərini də istintaqa çağırırlar: “Dünən mənim işçilərimdən bəzilərini şəxsi kredit borcları olduğu üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışdılar. Lakin bu, onların şəxsi borclarıdır. Mənimlə heç bir əlaqəsi yoxdur. Ancaq mənə də dünən axşam saatlarında ”Bandotdel”dən zəng ediblər ki, sabah səhər saatlarında gəlin görüşək. Mən də bu gün görüşmək üçün idarəyə gedəcəm”.
Belə məlumatlar var ki, iş adamı işçilərinin adına müxtəlif məbləğlərdə kredit götürüb. Ona görə də işçiləri ilə yanaşı onun özünü də istintaqa çağırırlar. Ümumiyyətlə, ölkədə belə praktika mövcuddur. Məsələn, hazırda həbsdə olan “A.M.A.Y.” ticarət mərkəzinin sahibi Abdulla Abdullayev 31 işçinin adına müəssisə təsis etdirib və “Texnikabank”dan 40 milyon 150 min manat kredit götürüb. Bugünlərdə redaksiyamıza müraciət edən Kəlbəcər köçkünü Əli Bayramov deyib ki, 30 nəfərdən çox qohumunun adına banklardan 100 min manata qədər kredit götürüb və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısına rüşvət şəklində verib. Hacı İbrahim Nehrəmlinin də bu praktikadan istifadə etdiyi haqda məlumatlar var.
Xatırladaq ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Beynəlxalq Banka olan kredit borclarını ödəmədiyi üçün mayın 13-də də saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı. “Turan”ın məlumatına görə, hazırda BMCMİ-də Beynəlxalq Banka kreditlərini ödəyə bilməyən 20-yə yaxın iş adamı saxlanılır.
Tutulanların 50 milyon dollardan 340 milyon dollara qədər öhdəliyi var. Maraqlıdır ki, Beynəlxalq Bank işçilərindən Dubay nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynovdan başqa heç kim saxlanılmayıb. Qeyd etmək lazımdır ki, istənilən bank kreditləri müvafiq girov müqabilində verir.
Amma heç kim yuxarıda adıçəkilən kreditlər üçün nəyin girov qoyulduğunu deyə bilmir və əgər girov qoyulubsa, niyə onu satışa çıxarmırlar? Baş verənlər göstərir ki, Beynəlxalq Bankdan qaydalar və normalar pozulmaqla böyük kreditlər verilib. Bunu isə bankın rəhbərliyinin icazəsi olmadan həyata keçirmək mümkün deyil. Belə olan halda Cahangir Hacıyevin həbsdən kənarda qalması maraq doğurmaya bilməz…
Məlumdur ki, iyulun 15-də dövlət başçısı Beynəlxalq Bankdakı dövlətin payının özəlləşdirilməsinə hazırlıq haqda fərman imzalayıb. Məlumata görə, Maliyyə Nazirliyinə 15 gün ərzində problemli kreditləri bankdan çıxarmaq və “Aqrarkredit” QSC qeyri-bank kredit təşkilatının balansına vermək tapşırılıb. Sonradan bu kredit təşkilatı dövlət zəmanəti ilə uzunmüddətli istiqrazlar buraxacaq. Həmçinin dövlət büdcəsində dövlət borcunun limiti hesabına ABB-nin problemli aktivləri üzrə öhdəlikləri yenidən təşkil etmək nəzərdə tutulur.6 aydan gec olmayaraq ABB-də 50,2 faizlik dövlət payının satışı üzrə tədbirlər planı hazır olmalıdır. Hələ 2009-cu ildə Fitch reytinq agentliyi ABB-nin bütün kreditlərinin təxminən üçdə birini problemli kreditlər kateqoriyasına aid edib. Bu günə bankda problemli kreditlərin həcmi 27,8% təşkil edir. Onların 18,6%-nin müddəti keçib və 9,2%-i yenidən təşkil edilib. Lakin hakimiyyət müddəti keçmiş və problemli kreditlərin siyahısını açıqlamır.
Qeyri-rəsmi məlumatlara görə, BB-də ən böyük kreditləri İbrahim İbrahimov – “Xəzər Adaları”nın tikintisi üçün və Nizami Piriyev – Metanol Zavodunun tikintisi üçün – alıb. Piriyev yüz milyonlarla dollar dəyəri olan zavodu tiksə də, İbrahimov hələ də heç nə tikməyib. Qeyri-rəsmi məlumatlara görə, hər iki halda söhbət yüz milyonlarla dollar kreditdən gedir.
E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? – AÇIQLAMA

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt …

Bir cavab yazın