Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaşayış olmayan mənzilləri məcburi köçkünlərdən geri alması ilə bağlı məlumat vermişdik. Hətta evi əlindən alınanlardan biri də 2014-cü ildə erməni girovluğunda öldürülən Həsən Həsənovun ailəsidir. Hərçənd ki ev onun ailəsinə məcburi köçkün olduqlarına görə yox, ailə başçısı erməni girovluğunda öldürüldüyünə görə verilmişdi…
Əldə etdiyimiz olan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin dekabrın 6-da keçirdiyi əməliyyatda saxlanılan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərciyin 10-cu binasında 4 otaqlı mənzili var.
Qeyd edək ki, Habil Vəliyev əslən Zəngilanın Həkəri kəndindir. Həmin mənzili də köçkün kimi qeydiyyata düşərək alıb. Amma 3 ildir mənzildə yaşayış olmamasına baxmayaraq, nədənsə reketçilikdə ittiham olunan “jurnalist”ə “Dövlətqaçqınkom” tərəfindən gözünün üstdə qaşın var deyən olmayıb.
Qeyd edək ki, Habil Vəliyev eyni zamanda “Yeni Əkinçi” qəzetlərinin, “Kanal M5”, “M5 Pressa” və “Bakı TV” internet telekanalının rəhbəridir.
MSK-dan verilən məlumata görə, Habil Vəliyev həm də seçki məntəqəsinin sədriymiş.
Belə ki, o, hazırda da 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının (DSK) 6 saylı Seçki Məntəqəsində sədridir. Bu həbsdən sonra Vəliyevin məntəqə sədrliyindən uzaqlaşdırılması məsələsinə baxılacaq. (modern.az)
Azinforum.az bildirir ki, Habil Vəliyev eyni zamanda, hakim Yeni Azərbaycan partiyasının üzvüdür və şəxsi məqsədlərinə çatmaq üçün bu amildən daha çox istifadə edib. Habil Vəliyevin tutduğu daha bir ictimai vəzifə var ki, bundan da əksər zamanlarda məharətlə yararlanıb. O, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon təşkilatının sədridir. Yazdığı yazılara görə cəlb olunduğu məhkəmələrin bir çoxunda təşkilatının üzvü olan əlillərin presinqindən istifadə edib.
Yəqin ki, hakim partiya və digər qurumlar Habil Vəliyevin törətdiyi əməllərə görə, onunla bağlı məsələni ciddi müzakirə edəcək və bu şəxsin tutduğu vəzifələrdən uzaqlaşdırılması ilə bağlı müvafiq qərar verəcək.
Azinforum.az