Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Cəmiyyət / “Həmin təhqirləri yazıb, evinin qapısına vuracam…” – YAP-ın universitet üzrə sədrindən şok şikayət

“Həmin təhqirləri yazıb, evinin qapısına vuracam…” – YAP-ın universitet üzrə sədrindən şok şikayət

Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun sabiq müşaviri, 40 il “İqtisadi Kibernetika” kafedrasına rəhbərlik etmiş, 2011-ci ildə isə keçmiş rektor tərəfindən vəzifələrindən əsassız azad olunduğunu deyən professor, iqtisad elmləri doktoru Bədirxan Musayev ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasına və Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynova müraciət ünvanlayıb.

Strateq.az-a daxil olan müraciəti qısa ixtisarla təqdim edirik:

“Hörmətli cənablar!

Düz 3 ildən çoxdur İqtisad Universiteti rektorunun sabiq köməkçisi, YAP-ın universitet üzrə təşkilatının sədri Zəfər Bayramov məni mətbuatda təhqir edib, böhtan atdığına görə məhkəməyə vermişəm. Ancaq 3 ilddən çoxdur məhkəmə hələ də 2X2 kimi aydın olan bu işi bilərəkdən uzadır. Məhkəmə tarixində görünməyən “yeniliyə” imza atanlardan biri də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovdur. Bu, o hakimdir ki, iş üzrə müxtəlif bəhanələrlə düz 4 dəfə ekspertiza təyin edib, adam sanki Azərbaycan dövlətinin deyil, Zəfər Bayramovun vəkilidir.

Hörmətli cənablar!

Bu, o Zəfərdir ki, seçki komissiyasının iclasında ayağa qalxaraq məni vurmaq istəyəndə, ona “yaramaz”, “üzünə tüpürürəm” dedim. Zəfər Bayramov buna görə məni məhkəməyə verdi, məhkəmə prosesi rayon, apellyasiya və Ali Məhkəmə daxil cəmi üç ay çəkdi və 400 manat cərimə olundum. Ancaq Zəfər Bayramov qəzetdə mənə 15 dəfə böhtan atıb, 12 dəfə şərləyib, 3 dəfə ağır cinayətdə ittiham etsə də, 3 ildən çoxdur, ona “gözünün üstə qaşın var” deyən yoxdur. Bu, necə ədalətdir? Bu, necə məhkəmədir? Axı, hakimlərin bu cür yanaşması Zəfərin daha da cəsarətlənməsinə səbəb olur, bu isə qana, bəlaya, daha böyük hadisələrin baş verməsinə baza hazırlamırmı?

Görün, bu adam nə qədər özbaşınadır ki, YAP sədri olsa da, siyasi savadsızlıq göstərməyi bir yana, hələ üstəlik, Ulu öndər Heydər Əliyevin fikirlərini təhrif edərək, dolayası ilə ona da böhtan atmaqdan çəkinməmişdir:

1) Dövlətçiliyə qarşı çıxış edən adam o dövrdə də, indi də Bədirxan Musayevdir.

2) O, H.Əliyevə qarşı çirkin kampaniyalarda iştirak edirdi.

3) Dövlətçiliyimizin, xalqın düşməninə, xəyanətkarına öz aramızda yer olmamalıdır. 

Cənablar, mən burada bir haşiyəyə çıxıb demək istəyirəm ki, Zəfər Bayramov 1988-ci ildə İnstitut “onun günahı ucbatından Moskvaya göndərdiyi 40 anonim məktuba görə bağlanmışdır”, deyə, məni növbəti ittihama “qonaq” edib. Bu ifadədə digərləri kimi, tam əsassız, siyasi və idarəetmə savadı olmayan birinin təfəkküründən başqa bir şey ola bilməz.

Ən əvvəla, mən, heç zaman anonim məktub yazmamışam. Moskvaya 18 dəfə, respublikanın müvafiq orqanlarına 21 dəfə öz imzamla müraciət etmişəm. Sənədləri istənilən vaxt təqdim edə bilərəm. Zəfər Bayramov isə bunları bildiyi halda, ağ yalan üyütməkdə davam edib. Məni kafedrada intiriqa, qeyri-sağlam mənəvi iqlim yaratmaqda ittiham edir. Zəfər Bayramov başa düşmür ki, keçmiş rəhbərliyin küyünə düşüb, böhtan danışmağın gec-tez çox ağır cəzası olacaq. Necə ki, “İqtisadi Kibernetika” kafedrası əməkdaşları adından sabiq rektorun təyin etdiyi kafedra müdiri Yalçın Hacızalov da mənim haqqımda mənfi məqalə nəşr etdirməyə məcbur edilmişdi və o, öz səhvini başa düşdüyündən aşağıdakı məzmunda məndən üzr istəmişdir.

“Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevə cinayət işi üzrə təqsirləndirən şəxs Hacızalov Yalçın İbrahim oğlu tərəfindən

Ərizə

Yazıb bildirirəm ki, Bədirxan Musayev mənə qarşı xüsusi ittiham qaydasında şikayət edərək 16.03.2013-cü il tarixli “Yeni xəbər” qəzetində onun şərəf və ləyaqətini ləkələyən məlumatların yayıldığını bildirmişdir. B. Musayevin həmin məqalədə mənə irad tutduğu cümlə və fikirlərə görə ondan üzr istəyirəm və belə bir halın bir daha baş verməyəcəyinə söz verirəm.

Hörmətli hakim! Məqalədə göstərilən “böhtançı, iftiraçı, mənəvi terrorçu, üfunət iyi verən xəstə təxəyüllü şəxs, şantajist, donosçu, sərsəm, şər-xata, zəhərli əqrəb, utanmaz, mənfur səs sahibi” terminlərinə görə dönə-dönə üzr istəyirəm.

İmza: Y.Hacızalov”.

14.07.2014-cü il.

Bədirxan MUSAYEV

Hörmətli cənablar, Yalçından fərqli olaraq, Zəfər mənə qarşı daha ağır ittihamlar səsləndirib. O, yuxarıda qeyd etdiyim kimi, Ulu öndər H.Əliyevin universitetin 70 illik yubileyindəki tənqidi çıxışını da, mənə bağlamaqdan utanmayıb. Ancaq:

1) Əgər belə olsa idi, mənim adımı çəkərdi.

2) Heydər Əliyev “Nöqsanlar var idi, yazılan şikayət ərizələrində həqiqət də var idi. Bu məsələ burada təlimatçı səviyyəsində həll oluna bilərdi” sözlərini deməzdi.

3) Tənqidi çıxışını mənə həsr etsə idi, cümlələrini cəm halında deyil, tək halda işlədərdi. Bütün cümlələri cəm halında işlətmişdir. Bu da onu bir daha təsdiq edir ki, bu çıxış o zaman universiitetdən şikayətlər yazan məlum qrupa aid olan məsələləri əhatə edirdi. Bunu Heydər Əliyevin çıxışındakı sual da sübut edir? “Bunları kim etmişdir?” Özü də cavab verir ki, “bizim azərbaycanlılarımız” və i.a.

4) Bəli, H.Əliyev sözügedən tənqidi çıxışını, onun vəzifəyə qoyub getdiyi, ona naxələf çıxanlara həsr etmişdir.

5) Tənqidi çıxışını mənə həsr etsə idi, mənim keçmiş Ali Sovetin sədri A.Qramıkonun qəbuluna düşməyimə kömək etməzdi və ikinci dəfə hakimiyyətə qayıdanda da, məhz onun tapşırığı ilə yenidən vəzifəyə təyin olunmazdım və i.a.

Zəfər Bayramov isə Ulu öndər H.Əliyevin demədiyi sözləri onun adına yazmaqla nə demək istəyir? Bu, bir YAP-çıya yaraşırmı? Belə bir adam YAP-da vəzifə tuta bilərmi? 

Bəli, bu və ya digər faktlarla bağlı Z.Bayramova qarşı qaldırdığım cinayət işi 3 ilddən çoxdur davam edir və 35 məhkəmə iclasında müzakirə olunub. Hər biri 150 səhifədən ibarət II cildlik, lazımsız, müzakirə ilə əlaqəsi olmayan təkrarlanan materiallar toplanıb. İşin gecikdirilməsi ilə əlaqədar məhkəmə sədrləri və hakimlərin maddi marağın təsiri altına düşmələri haqda müvafiq orqanlara məlumat vermişəm. Bunlarla əlaqədar aşağıdakı müraciətlərimi qəbul etmənizi də xahiş edirəm:

1) Xahiş edirəm, müzakirənin gedişinin video-kasetə yazılmasına icazə verəsiniz.

2) Zəfər Bayramovun digər bir neqativ əməlini təsdiq edən videokaseti nümayiş etdirəsiniz.

3) Linqivistik ekspertizanı aparan şəxsin müzakirədə iştirakını təmin edəsiniz.

4) İşin ekspertizaya göndərilməsinin təşəbbüsçüsü iddiaçı və cavabdeh olmalıdır və ya onların vəkilləri. Əgər vəkillər təşəbbüs göstəribsə, nə üçün qəbul etmirsiniz? Marağınız nə olubdur?

5) Nə marağınız vardır ki, 4 dəfə cavabdeh Zəfər Bayramov prosesdə iştirak etmədən müzakirə keçirmisiniz? 

6) Zəfər Bayramovun cinayət işi Apellyasiya Məhkəməsində ikinci dəfədir ki, müzakirə olunur. Birinci dəfə hakim Abid Abdinbəyov 15 gün ərzində müzakirəni başa çatdırdı. “Rüşvətə yox, xahişə olmaz” və hədə-qorxuya sinə gərərək, Yasamal rayon Məhkəməsinin qondarma qərarını ləğv etdi.

Ancaq Mirpaşa Hüseynov Z. Bayramovun cinayət işinin müzakirəsini məqsədli uzadır, süründürür. Bu, rüşvət alıb, ona haqq qazandırmaqla əlaqədar deyilmi?.

Hörmətli cənablar!

Zəfər Bayramovun 72 nəfər iştirak etdiyi elmi şura iclasında da mənə qarşı bu təhqirləri səsləndirib:

1) B. Musayev insan simasından məhrum olunmuş məxluqdur.

2) B. Musayev nə alim, nə də ziyalı adına layiq deyildir.

3) B.Musayev kor və kar olmalıdır ki, universitetdə gedən quruculuq işlərini görməsin.

4) B.Musayev paslanmış və naftalin iyi verən şəxsdir.

5) B.Musayev kimi parazitlərə aramızda yer olmamalıdır.

6) B.Musayev müqəddəs müəllim adını daşımağa layiq deyildir.

7) Dövlətçiliyimizin, xalqın düşməninə, xəyanətkarına öz aramızda yer olmamalıdır və i.a. kimi sözlər təhqir deyilmi?

Əgər deyilsə, o zaman sabah, yəni iyulun 8-dən sonra eynən bu sözləri kimin ünvanına layiq görürəmsə, yazıb, onun evinin qapısına, məhəlləsinin girişinə iri plakatda vuracam. Görək, o zaman buna dözümlülük necə olacaq?

Hörmətli cənablar! 

Azərbaycan Respublikası Ali məhkəməsinin pleniumunun 14 may 1999-cu il tarixli, 7 saylı “şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarın 3-cü bəndinə müvafiq olaraq, məlumat əxlaqi prinsiplər, istehsal – təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş (hüquqi şəxs) barəsində mənfi rəy yaradırsa o, lərəf və ləyaqəti ləkələyən hesab edilir. Məlumatın döğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması yəni yalan olması anlaşılır.

Baxın, Zəfər Bayramov yuxarıda qeyd etdiyim böhtan, şər-şəbadələrlə bərabər, mənim haqqımda – böhtançı, şantajist, kompramat toplayan, iftiraçı, nankor, şər atan, çirkin əməllər sahibi və i.a. təhqirlərlə yanaşı, BİM fakültəsinin elmi şura iclasında “insan simasından məhrum olan məxluq”, “o, nə alim, nə də ziyalı adına layiq deyildir”, “O, kor və kar olmalıdır ki, universitetdə gedən quruculuq işlərini görməsin”, “paslanmış naftalin iyi verən şəxs”, “bu kimi parazitlərə aramızda yer olmamlıdır”, “müqəddəs müəllim adını daşımağa layiq deyildir” və s. sözlər və cümlələr, bəyəm mənim barəmda mənfi rəy yaratmırmı? Əgər bunlara heç bir reaksiya vermirsinizsə, o zaman siz ədalət məhkəməsi hakimi ola bilməzsiniz.

Zəfərin digər şər-böhtanlarına gəlldikdə isə, deyə bilərəm:

1) Zəfər Bayramov məni oğlum və qızıma ev tikdirməkdə günahlandırır. Diqqətinizə çatdırım ki, oğlumun bir aylıq maaşı Zəfər Bayramovun bir illik maaşından çoxdur. Qızımın bir aylıq maaşı isə onun 6 aylıq maaşından çoxdur. Nəyə görə Zəfər Bayramovun bir neçə yerdə evi olsun, mənim oğlum və qızımın bir yerdə evi olmasın?

2) Zəfər Bayramov məni yeməxanada pulsuz yeməkdə suçlandırır. Daha bura qədər də cılızlıq, bura qədər də düşük səviyyəli böhtan atan adamı niyə YAP-da saxlayıblar, mən, bunu da anlaya bilmirəm…

3) Zəfər Bayramov məni onun haqqında məqalə, anonim məktub yazmaqda, onun dissertasiyasını əldə etmək üçün Leninqrada adam göndərməkdə suçlayıb. Zəfər Bayramov işlədiyim dövrlərdə həmişə mənə səcdə edən adam olub, o, kimdir ki, mən onun səviyyəsinə enib, ondan anonim məktub yazam və Leninqrada adam göndərəm?

4) Zəfər Bayramov məni 40 il dərs deməməkdə suçlayıb. 40 ildə nə qədər rektor dəyişilib. Bəs, onda rektorlar, o cümlədən elə köməkçisi olduğu keçmiş rektor Ş.Hacıyev hara baxırdı? Bunun özü köməkçi kimi niyə susurdu? Nə üçün haqqımda tənbehedici tədbirlər görmürdülər? Bunlar olmayıbsa, demək ki, yalandır. Yox, olub susublarsa, demək ki, daha dəhşətli cinayətə yol veriblər…

5) Zəfər Bayramov məni əvvəllər keçmiş rektor Ş.Hacıyevi tərif edib, indi onu tənqid etməkdə suçlayıb. Zəfər Bayramov bir dənə iclas protokolu göstərə bilməz ki, mən, Ş.Hacıyevi tərifləmişəm və sair.

Cənablar, bu, mənim sizlərə son məktubumdur. Sabah isə Mirpaşa Hüseynovun sədrliyi ilə məhkəmədir. Həmin məhkəmənin qərarının ədalətli olacağına hələki inanıram. Əgər olmayacaqsa, məndən inciməyin, bu Zəfərin dediyi bütün təhqirlərin ünvanlarını özüm seçim etmək məcburiyyətində qalacağam. O zaman həmin təhqiqləri bilirəm kimlərin evinin qapısına iri hərflərlə vuracağam…”.

Yazıda adları çəkilənlərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Naxçıvan əhalisinin sayı 456 min nəfəri ötüb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. Azinforum.az xəbər verir ki, cari ilin 1 aprelində muxtar …

Bir cavab yazın