Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Cəmiyyət / Həftəsonu taksi firmalarına milyonları kimlər qazandırır…

Həftəsonu taksi firmalarına milyonları kimlər qazandırır…

Pandemik vəziyyətdən asılı olmayaraq, həftəsonu marşrutlar qadağası heç vaxt ləğv edilmədi ki, bu da hələ də ciddi narazılıq doğurmaqdadır. Haqlı olaraq soruşulur: xəstəliyin sayı 30 nəfərə düşəndə bir çox qadağalar ləğv edilsə də, metro və marşrutlara həftəsonu qadağası niyə qaldı?

İddialar var ki, bu qadağalardan məmurların himayəsində olan taksi firmaları, xüsusən də Bakıda ən çox maşını olan “189″ taksi firması milyonlar qazanmaqda davam edir. İş o yerə çatıb ki, məsələn, 189 şəhər işçində Bakıdan Gəncə qiymətinə (bir adam) aparır. Məsələn, ”Jurnalistlər binası”ndan Neftçilər metrosuna qiymət 12 manatdır. Bu qiymət pik saat olmayanda da belədir. Digər taksi xidmətləri nisbətən ucuzdur, amma o firmalarda sürücülərin çoxu özlərinin istədiyi maşınla və bir çox hallarda tanınma işarəsi olmadan (“şahmat”la) küçələrə çıxırlar, əksəriyyəti təcrübəsiz və hətta aralarında narkotik istifadəçiləri də var.

Deputat Fazil Mustafa yenidən Operativ Qərargahın həftəsonu qadağasına diqqət çəkib: “Dəfələrlə söyləmişəm ki, bir sıra qərarlar var ki, onları hökmən əhalinin real durumunu dəqiq araşdıraraq qəbul etmək lazımdır. Bunlardan biri də istirahət günləri ictimai nəqliyyatın işləməməsi barədə qərardır. Uzun müddət metro işləmədi, bunun əziyyətini kim çəkdi? Əlbəttə, avtobusda bir-birinə yapışan və daha çox yoluxma riski daşıyan insanlarımız. Düşünmürəm ki, bu qərar bilavasitə pandemiyanın yayılması qayğısı ilə bağlı olsun. Təsəvvür edin ki, Bakının ətraf kəndlərindən kimsə mərkəzə həyati vacib iş üçün gəlmək istəyir və taksiyə də verməyə pulu yoxdur. Bazar günləri yarmarkaya alış-veriş etməyə gedənlər, günəmuzd işləyən fəhlələr, xadimələr, avtomobilsiz jurnalistlər, müəllimlər, həkimlər, tibb bacıları, sadə vətəndaşlar onsuz da aşağı səviyyədə olan gəlirlərindən əhəmiyyətli qismini niyə taksi xidmətinə ayırmalıdırlar? Ən ağır problemi də qadınlar yaşayır. Mental xüsusiyyətlərə görə qadınların çoxu təklikdə taksini tərcih etmirlər, o halda xəstəxanaya tələsən, yaxud vacib işi olan qadınlar nə etsinlər? Əlimdə əsas yoxdur ki, bunu məhz taksi şirkətlərinin marağını güdənlərin qəbul etdiyini söyləyim, ancaq əmin olduğum məsələ budur ki, məntiqsiz və vətəndaşa məqsədyönlü şəkildə əziyyət yaradan bir qərardır. Təəssüf ki, səsləndirilən fikirlərə əhəmiyyət verən və ictimai rəyi vecinə alan kimsə yoxdur”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, Operativ Qərargah bu məsələyə yenidən baxmalıdır: “Nazirlikdə oturub 2-3 nəfərin müzakirəsi ilə ”yedinoqlasnı” qərar verib həftəsonu ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırırlar. Sosial tədqiqat aparıb vəziyyəti aydınlaşdırmaq daha doğru olar. Bəlkə ictimai nəqliyyatın həftəsonu olmamasının fəsadları daha ağırdır?”

Ekspert deyir ki, ictimai nəqliyyat olmadıqda, yük taksi şirkətlərinin üzərinə düşür: “4 nəfərin əvəzinə 5 nəfər götürürlər. Maddi tərəfdən də vətəndaşlara bu xeyir eləmir. Sosial Tədqiqatlar Mərkəzi vasitəsilə bu məsələlər aydınlaşdırılmalıdır, öyrənilməlidir. Əksəriyyət həftəsonu ictimai nəqliyyatın işləməməsindən narazıdır. Deməli, bəzi hallarda yumşalmalara getmək lazımdır. Avtobusların həftəsonu hərəkəti nə problem yaradır ki? Həftəsonu metro işləmirsə, pandemiyanın qarşısı alınır? Nəsə ortaq məxrəc tapılmalıdır. Bugünkü reallıq budur ki, avtobus işləmir, əvəzinə mikroavtobuslar işləyir. 9 nəfərin əvəzinə, 12 nəfər götürürlər. Həftəsonu taksilərdə gediş haqqı baha olur. Qərar qəbul edərkən dünya praktikasına əsaslanırlar, düşünürlər ki, dünyada belə ediblərsə, biz də edək. Nəzərə almırlar ki, belə olan halda mikroavtobus gizli işləyir, taksi camaatı bir neçə dəfə baha qiymətə aparılır”.

Ekspert deyir ki, həftəsonu ictimai nəqliyyat qadağasının  doğru qərar olmasına əmin deyil: “Tədqiqat aparılsa, bunun əks effektini görəcəklər. Peyvəndlənmə sürətini də nəzərə alsaq, həftəsonu qapanmalarının aradan qalxacağına ümid edirəm. Yay fəslində insanları dayanacaqlarda günün altında incitməklə nəticə əldə etmək mümkün deyil”.

Həmçinin oxuyun

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqaüddə olan polis generalına vəzifə verib.Qaynarinfo.az xəbər verir …