Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Cəmiyyət / Həftənin “əkinçisi”

Həftənin “əkinçisi”

Son günlər “kəndli getsin soğan əksin” təklifi ilə sosial şəbəkələrin “qəhrəman”ına çevrilmiş yazıçı-deputat, keçmiş “Sovet kəndi” qəzetinin sabiq müxbiri Aqil Abbas mətbuata son müsahibəsində yenə də əkin-biçindən danışdı: “Mən bu gün də kənd təsərrüfatının inkişaf etdirilməsinin tərəfdarıyam. Kənd Təsərrüfatı Nazirliyi xüsusi planlar hazırlamalı, ölçüb-biçməlidir. Deyək ki, kimsə gedib soğan əkir, sata bilmir. Deməli, ölkədə soğan çox əkilib. Yaxud kütləvi şəkildə qarpız əkilir, qarpız 5 qəpiyə düşür. Yəni Kənd Təsərrüfatı Nazirliyi bunu tənzimləməlidir…”.

Həftənin “sualı”

“Niyə Azərbaycan əsgərinə Türkiyədən paltar tikilib gəlsin? Niyə Azərbaycan xəstəxanaları üçün Çindən və yaxud Pakistandan yataq dəstləri gətirilsin?”. Bu sualları verən məşhur “91”lərdən biri, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev bunları da əlavə etdi: “Heç bir ehtiyac yoxdur ki, Azərbaycan şagirdləri üçün tikilən paltarların parçaları xaricdən gətirilsin. Bu gün Azərbaycanın neftdən qazandığı pullar var və yüngül sənayeni inkişaf etdirmək üçün ən yüksək texnologiyanı Azərbaycana alıb gətirmək olar…”.

Həftənin “bixəbəri”

Əməkdar artist Elnarə Abdullayeva ölkədə yaşanan böhranın ona heç bir təsir etmədiyini, ölkədəki bahalaşmadan da xəbərsiz olduğunu dedi: “Böhrandır, ya böhran deyil, mən belə şeyi bilmirəm ki. Bizim nə borcumuza? Bir-iki manat pulumuz var, toya gedəndə alıb yeyirik, vəssalam. Devalvasiya deyirsiniz, nə deyirsiniz, bunları bilmirəm. Bir tikə çörəyimizi qazanırıq, qalan şeyləri bilmirəm. Bahalaşmaya gəldikdə isə, 1-2 aydır bazara getmirəm deyə, heç nədən xəbərim yoxdur. Dünyadan nə baş verir, xəbərim yoxdur…”.

Həftənin “xuliqanı”

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton “The New York Times” qəzetinin suallarına cavabında Rusiya Prezidenti Vladimir Putini xuliqana bənzətdi: “Onunla münasibətlər bəzən “maraqlı”, bəzən də “çox sərt” olurdu. Putin o şəxslərdəndir ki, gərək, daim ona qarşı mübarizə aparasan. Əks halda o, xuliqan kimi davranacaq. Başqalarından nə qədər çox qoparmaq lazımdırsa, qoparacaq…”.

Həftənin “morju”

Moskvada şaxtaya baxmayaraq, 25 minədək adamım qatıldığı xaç suyuna salma mərasimində iştirak edən Rusiya Liberal-Demokratlar Partiyasının lideri, deputat Vladimir Jirinovski buzlu suya girib-çıxdıqdan sonra, soyuğun təsirindən dili tutuldu. Sudan çıxdıqdan sonra, danışmaqda çətinlik çəkən deputat yalnız qışqırmaqla vəziyyətdən çıxmağa çalışdı və və daha sonra qəribə səslər çıxarmağa başladı.

Həftənin “bombaçısı”

Rusiya Prezidenti Vladimir Putin Elm və Təhsil Şurasının iclasında şair Pasternakın Oktyabr inqilabını təhlil edən və Lenindən söz açılan poemasından sitat gətirən Kurçatov İnstitutunun direktoru Mixail Kovalçuka Lenini ittiham etməklə cavab verdi:”Düşüncənin doğru nəticələrə gətirməsinə çalışmaq lazımdır. Lenində isə nəticə fərqli olub. O zaman inqilaba ehtiyac yox idi. Məhz Leninin bu cür fəaliyyəti Rusiyanın “altına bomba qoyub…”
Həftənin “qadağası”

Tanzaniyanın prezidenti Con Maguful HİV və AİDS-in yayılmasına səbəb olduğunu iddia edərək, mini-yubka və qısa paltarı qadağan etdi. Bu barədə mediada yayılmış məlumatda belə deyilir: “Prezident qadınlara “əxlaqsız paltarlar”dan qurtulmaq üçün 3 həftə vaxt verib. Ölkədə bir neçə ay əvvəl də əxlaqsız olduğu üçün “yverking” rəqsini qadağan etmişdi. Bir çoxları bu rəqsin gənclərə pis təsir etdiyini deyib…”.

Həftənin “atası”

2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunaraq 6 il azadlıqdan məhrum edilmiş oğlu, müğənni Emil Rəhmanov polis tərəfindən növbəti dəfə saxlanıldıqdan sonra, Azərbaycanın əməkdar artisti Rəhman Rəhmanov övladından imtina etdiyini açıqladı: “O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!..”.

Həftənin “fərasətli qaçqını”

Gəncədə qanunsuz spirtli içki satan Abşeron rayonu Xırdalan qəsəbəsində qeydiyyatda olan Ağdamdan olan məcburi köçkün Cəlal Mirzəyev saxlanıldı. Gəncə şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının C.Mirzəyevin “Mercedes” markalı avtomobilinə keçirdiyi baxış zamanı yük və salon hissəsindən 3 ədəd plastik qabda 60 litr həcmində spirt, 357 ədəd üzərində müxtəlif markalı rus araqlarının əmtəə nişanları olan boş şüşələr, 218 ədəd tıxac, 25 ədəd Rusiya aksiz markası aşkar edildi.

Həftənin “üsyankarı”

Davosdakı Dünya İqtisadi Forumu çərçivəsində Kristal Mükafatın sahiblərindən biri, ətraf mühit və iqlim dəyişikliyi ilə əlaqədar gördüyü işlərə görə mükafatlandırılan məşhur aktyor Leonardo di Kaprio neft hasilatına qarşı üsyan etdi: «Gələcəyimiz üçün neft sənayesinin acgözlüyünə artıq göz yuma bilmərik. Daha bəsdirin!.. Dünya bundan daha yaxşısını bilir, bizlər daha yaxşısını bilirik…”

Həftənin “korrupsioneri”

Ukrayna Lüstrasiya İctimai Komitəsinin rəhbəri Aleksandra Drik erməni mənşəli Daxili İşlər naziri Arsen Avakovu öz korrupsioner fəaliyyəti ilə rəhbərlik etdiyi qurumun adına xələl gətirməkdə ittiham etdi: “O, Ukraynanın Maydan hadisələrinin araşdırılmasına və lüstrasiya haqqında qanunun icrasına mane olur. Hər kəs xatırlayır ki, ictimai fəallar yeni yaranan Ukrayna polisinin rəis müavini Vasili Paskalın işdən uzaqlaşdırılmasını tələb edirdilər. Avakov isə bu tələbi rədd etdi…”.

Sultan Laçın, Hafta.az

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni rəis təyinatları

Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin edilib. Daxili işlər naziri, general-polkovnik …

Bir cavab yazın