Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / “Həftə sonları məktəblərdə dərs günü elan edilə bilər”

“Həftə sonları məktəblərdə dərs günü elan edilə bilər”

Nazirlər Kabineti koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib. Hətta prosesin sonradan daha da uzadılacağı istisna deyil.

Ölkənin baş infeksionisti Cəlal İsayev AYNA-ya deyib ki, indiyədək Azərbaycanda cəmi 3 nəfərdə koronavirus aşkarlanıb: “Amma belə bir məsələ var ki, xəstəlik yayılmadan onun qarşısının alınması lazımdır. Nəzərə alaq ki, qonşu ölkələrdə karonavirus kifayət qədər geniş yayılıb və bu virus toplu olan yerlərdə daha çox sürətlə yayılır. Artıq 3 nəfərdə virusun aşkar olunması bu virusun başqa insanlara da yayılmasının mümkün ola bilməsi deməkdir. Bunun qarşısını almaq üçün təhsil ocaqlarının müvəqqəti bağlanması müsbət haldır. Qabaqlayıcı tədbir kimi yerində verilmiş qərardır. Bu da virusun yayılmasının qarşısını almağa kömək edəcək”.

Təhsil eksperti Kamran Əsədov isə AYNA-ya açıqlamasında bildirib ki, “Təhsil haqqında” qanuna görə, tətil müddətlərinin yeri dəyişdirilə, bir tətil digər tətillə əvəz edilə bilər, ancaq bu, öncədən elan edilməlidir: “Amma Baş Nazirin imzaladığı qərarda bu, öz əksini tapmayıb. Yəni Nazirlər Kabinetinin qərarında tətillərin yerinin dəyişdirilməsi məsələsi yox idi. Ancaq mən bunu təklif etmişdim. Səbəb də odur ki, pedaqoji təcrübəyə görə, dərs günlərinin müddətinə 15 gündən artıq tətil əlavə edilərsə, yay tətili günlərində həmin tətil dərslərlə əvəz edilməlidir. Ancaq burada məqam fərqlidir. Elan edilən tətil müddəti 15 gündən azdır, cəmi dörd gündür”.

“Düşünürəm ki, aprel ayında heç bir tətil və bayram günü olmadığı üçün həftəsonu məktəblərdə dərs günü elan edilə bilər. Belə ki, 5 günlük məktəblərdə 4 həftə ardıcıl olaraq 6-cı gün dərs günü etməklə tətil elan olunmuş 4 günü əvəz etmək mümkündüür. Başqa bir versiya isə dərslərin birləşdirilməsidir. Yəni yalnız 4 dəfə olmaqla ardıcıl olan dərslər birləşdirilir. Bu da elə ciddi və təhlükəli bir məqam deyil. Elan edilmiş tətil 15 gündən artıq olsaydı, dərslər 14 iyun tarixində bitməyəcək və əlavə 15 gün də dərslər davam edəcəkdi. Bu, o deməkdir ki, əlavə təhlükə olmasa, əlavə tətil gününə ehtiyac yaranmasa, dərslər öncədən planlaşdırılmış vaxtda – 14 iyunda başa çatacaq”, – Əsədov vurğulayıb.

Ekspertin sözlərinə görə, koronavirusa görə məktəblərdə müvəqqəti tətil elan edilməsi o demək deyil ki, bu fürsətdən istifadə edib hamı uşağını götürüb əyləncə mərkəzlərinə, bölgələrə səfər etməlidir: “Bu addım Nazirlər Kabineti tərəfindən məktəblilərin təhlükəsizliyi üçün atılıb. Tətilin verilməsi o demək deyil ki, məktəblərimizdə koronavirus var. Xeyr, məktəblərimizdə virus yoxdur, ancaq başqa yerlərdə ola bilər. Ona görə əgər məktəblilər dərsə getmirlərsə, maksimum dərəcədə əhalinin sıx toplaşdığı yerlərə getməməli, kütləvi yerlərdə olmamalıdırlar. Yaxşı olar ki, valideynlər bunu nəzərə alsınlar”.

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …