Ana səhifə / Cəmiyyət / “Gizlincə ona baxırdım, cəsarət etmirdim…” – Yaşar Nuri ilə bağlı xatirələr

“Gizlincə ona baxırdım, cəsarət etmirdim…” – Yaşar Nuri ilə bağlı xatirələr

Bu gün böyük sənətkar, Xalq artisti Yaşar Nurinin doğum günüdür. Sevilən aktyor yaşasaydı, 67 yaşını qeyd edəcəkdi.
Sənətkarın həmkarları onunla bağlı xatirələrini AzVision.az-la bölüşüblər.

Əməkdar artist, aktrisa Sənubər İsgəndərli Yaşar Nurinin əvəzsiz aktyor olduğunu deyib.

“Aktyor var ki, bir planda işləyir, ya komik, ya da dramatik aktyordur. Yaşarda isə belə deyildi. Onda janr məhdudiyyəti, ampula söhbəti yox idi. Oyun tərzləri onun üçün əl çatmaz deyildi. Çox rahat idi. Tərəfmüqabili kimi deyə bilərəm ki, çox diqqətli olub. Səhnəni birgə bölüşdüyü insana imkanlar, şərait yaradan aktyor idi. Həmişə kömək edərdi, məsləhət verərdi. Onunla bir neçə televiziya tamaşasında -“Nigarançılıq”, “Yaşıl eynəkli adam”ın 2-və 3-cü bölümlərində çəkilmişəm. Daha sonra teatrda dəfələrlə tamaşalarda -“Hamlet”də, “Brusseldən gələn məktublar”da eyni səhnəni paylaşmışıq.

Aktyor var ki, onunla yalnız sənəti bölüşürsən, aktyor da var ki, sənətlə bərabər, özünü də həyatına buraxırsan, sənə yaxın dost olur. Yaşar ilə sıx, mehriban dostluq münasibətlərimiz var idi. Yeri çox görünür”.

Aktrisa mərhum sənətkarla bağlı maraqlı hadisəni yada salıb: “Yadıma bir xatirə düşdü. “Azdrama”da onun əlli iliyini qeyd edirdik. Mənə tədbirdə Yaşar Nuriyə ithaf olunmuş bir şeiri oxumağa vermişdilər. Sonda ucadan“ Yaşar Nuri , Yaşar Nuri” deməliydim. Mən də bu şeiri əzbərlədim. Elə oldu ki, şeir kağızını itirdim. İki gündən sonra yubileydir. Özümü də sındırmıram ki, buna deyim, Yaşar, şeiri itirmişəm. Özümə arxalandım ki, əşi əzəbərləmişəm də, çıxıb deyəcəm. Üstündən iki gün keçdi, başım digər məşqlərə qarışdı. Həmin gün gəldi, səhnəyə çıxdım. Şeirin iki kupletini dedim, üçüncüdə səhnədə dayandım. Şeiri yadıma sala bilmədim. Həmin an məni gülmək tutub, Yaşara baxıram. Deyə blmirəm ki, neyləyim? Gözlərimlə ondan kömmək istədim. Sağ olsun, mənə tərəf döndü, o kupletləri ki, mən deyirdim, elə o avazla, ritmlə, bəndlə, sözü fırladıb 4 misralıq “Ey Sənubər”lə başlayan şeir dedi. Bu çox böyük alqışlara səbəb oldu. Axırda mən də ona baxıb dedim, “Ey Yaşar Nuri”. Tədbirdən sonra məni qucaqlayıb dedi: “hə, özünü itirmişdin ha. Axırda da yaxşı dedin”. O anda məni xilas etdi”

Xalq artisti Naibə Allaverdiyevanın sözlərinə görə, belə sənətkarlar hər əsrdə bir dəfə doğulur.

“Qeyri-adi, inciyə bərabər sənətkar idi. Sənətkar olmaqla yanaşı, gözəl şəxsiyyət idi. Uşaq kimi kövrək, sadə qəlbli idi. Onu bu xüsusiyyətlərinə görə çox sevirdim. Onun ölümü mənə pis təsir etmişdi. Biz tamaşada, Yeni il şənliklərində bir yerdə oynamışıq. Bir neçə dəfə Yeni il şənliyində Telman Adıgəzlovla birgə çəkilmişdim. Sonra məni görüb zarafatla dedi, “incimişəm səndən, atanşiksən, məni başqa tərəfmüqabilinə dəyişirsən”.

Xatirəmdə uşaq qəlbli bir insan qalıb. Ürəyi yaşına uyğun deyildi. İnsan var ki, qaraqabaqdır, özündən razıdır. Onda bunların heç biri yox idi”.

Xalq artisti Firəngiz Mütəllimova səhnədə ilk dəfə onunla birlikdə tanındığını etiraf edib.

“İndi fikirləşəndə deyirəm, nə yaxşı elə böyük sənətkarla birgə səhnədə addımlamışam. Yaşarın sənət aləmində yeri həmişə görsənir. İnsani kefiyyətləri yüksək olan böyük sənətkar idi. Ondan çox şey öyrənmişəm. Mən elə bilirəm ki, o, bu gün də yaşayır. Səmmi idi və maraqlı zarafatlar edirdi. Heç kimə toxunan söz demirdi. Biz birgə çox qastrollarda olmuşuq. Hər sözü başdan ayağa duz idi. Həmkarlarımla indi də yadımıza salıb danışıb gülürük. Çox hazırcavab idi. Sözün altından asanlıqla çıxırdı”.

Aktrisa Mehriban Xanlarova tələbəlik illərində aktyora bağışladığı hədiyyələrdən söz açıb:

“Mən həmişə deyirəm ki, sənətdə cılzılaşma gedir. Bu sözümə çoxları etiraz edir. Ancaq o etiraz edənlər Yaşar Nuriyə, Telman Adıgözəlova, Həsən Turabova, Həsən Məmmədova bərabər aktyor göstərə bilərlərmi? Bir dənə elə aktyor göstərin. Yaşara çox böyük hörmətim olub. Cavanlara arxa idi. Teatrın gözü sayılırdı. Bu gün onların yerini dolduracaq aktyorlar yoxdur. Mən institutda oxuyanda gizlincə teatra gəlib onun oyunlarına baxırdım, amma yaxınlaşmağa cəsarət etmiridm. Ad günlərini bilirdim. Sonralar ona çox istədyimi, dərin məhəbbətim olduğunu demişdim. Yadımdadır, tələbə təqaüddümün axrıncı pulunu verib ona ad günü hədiyyəsi alıb vermişdim”.

Həmçinin oxuyun

VII Muğam Televiziya Müsabiqəsi başa çatıb

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatıb. Trend-in məlumatına …