Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Generalın oğlu ofisiantı belə bıçaqladı

Generalın oğlu ofisiantı belə bıçaqladı

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntüləri ortaya çıxıb.

Həmin videogörüntülərdə Tamerlan Əsədullayevin bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı restoranların birində bir neçə nəfərlə mübahisəsi öz əksini tapıb.

Mübahisənin yekununda isə general oğlu ofisiantı bıçaqlayıb. Videodan da göründüyü kimi, ofisiant insidentdən qaçmağa çalışsa da Tamerlan Əsədullayev onun ardınca düşüb və istəyinə nail ola bilib.

Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev ötən ay məhkəmə zalından sərbəst buraxılıb. Onun barəsində 3 il şərti cəza təyin olunub.

Virtualaz.org saytı xatırladır ki, qanlı olay aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında baş vermişdi. Həmin restoranda dava-dalaş olmuş, bir nəfər bıçaqlanmışdı.

Hadisədən dərhal sonra məsələyə aydınlıq gətirən Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirmişdi ki, qeyd edilən faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

E.Sultanov onu da bildirmişdi ki, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub və Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

General Şərif Əsədullayev

“Hamı qanun qarşısında bərabərdir. Oğlumun günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azad olunacaq” – bunu isə o zaman hüquq müdafiəçisi Elçin Behbudovun sorğusuna cavabında general Şərif Əsədullayev söyləmişdi.

İndi isə belə görünür ki, barəsində 3 il şərti cəza təyin olunan general oğlunun törətdiyi əməl o qədər də böyük günah sayılmayıb deyə o, məhkəmə zalından sərbəst buraxılıb.

Onu da qeyd edək ki, general Şərif Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır.

Sosial şəbəkələrdə yayılan həmin videogörüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın