Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfrans baş tutub. Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard açıqlama verib ki, son 10 ildə Avropa İttifaqı Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro qrant ayırıb.
Avropa İttifaqının nümayəndəsinin bu açıqlaması çox ciddi rezonansa səbəb olub. Xanım M.Mard çıxışında deyib ki, 90 milyon avro, yəni 200 milyon manatdan artıq bir vəsait Azərbaycanda fəaliyyət göstərən QHT-lərə qrant şəklində verilib. Həmin məbləği ilə böləndə, hər il üçün 9 milyon avro düşür ki, bu da olduqca ciddi rəqəmdir. Azərbaycanda rəsmən qeydiyyatdan keçən 3000-dən artıq QHT fəaliyyət göstərir. Belə olan halda, bu qədər vəsait niyə məhz yalnız 70 QHT-yə ayrılıb? Hansı kriteriya əsas gətirilərək bu vəsait yalnız onlara verilib? Ən vacib sual budur ki, bu 70 təşkilat hansılardır?!
Tanınmış QHT rəhbəri Məhərrəm Zülfüqarlı “Bakı-xəbər”ə bildirdi ki, həmin pullar Azərbaycanın xeyri üçün xərclənməyib:
“Bunu tam məsuliyyətilə deyirəm. Ancaq layihələrinin adını belə qoyurlar ki, guya Azərbaycanla bağlı işlər görürlər. Avropa İttifaqı və ABŞ Səfirliyinin öz orbitində olan müəyyən şəxslər və QHT-lər var. Onlar bütün alış-verişlərini məhz həmin çevrə ilə edir. Ya da ki, qondarma qurumların adı ilə pulları silirlər. Bir sözlə, həmin layihələrin kökündə Azərbaycanın xeyrinə olmayan fəaliyyət və korrupsiya amilləri durur. QHT rəhbəri kimi bir neçə dəfə ABŞ Səfirliyinə müraciət etmişəm. Heç yaxın da buraxmayıblar. Çünki mənim kimi adam onlara sərf etmir. Həmin layihələrdəki pulu mənimsəmək üçün əcnəbi qurumlar Azərbaycanda ofislər açır, öz ölkələrindən dəvət etdikləri işçilərini yüksək əməkhaqqı və lüks şəraitlə təmin edirlər. Sonra onların əksəriyyəti burada iş görmək əvəzinə, başlayır yüngül həyat tərzi keçirməyə. Konkret misal deyim. Bir neçə il bundan əvvəl Milli Demokratiya İnstitutunun Azərbaycan ofisinin rəhbəri ilə bir tədbirdə olduq. Gecədən o qədər spirtli içki içmişdi ki, bütün tədbir boyu özünə gələ bilmədi, yalnız su içirdi. Təbii ki, belə vəziyyətdə olan adamı müzakirə edilən mövzudan çox öz canı maraqlandırır. Bir az tənqid eşidən kimi durub zalı tərk etdi. Həmin pulların böyük əksəriyyəti korrupsiya mexanizmi üzrə mənimsənilib. Buna görə də haqlı narazılıq doğurur”.
Məhəmmədəli QƏRİBLİ