Milli Məclisin deputat Musa Qasımlının “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədəki çıxışı müzakirələrə səbəb olub. Deputat bildirib ki, müstəqilliyin ilk illərində ölkədə çobanlar məktəblərə direktor təyin olunurdu, bunu edənlər də bu gün xalqdan, millətdən danışanlardır. İddia olunur ki, Musa Qasımlı “müstəqilliyin ilk illəri” deyərkən 1992-ci ildə Azərbaycanın o vaxtkı xalq təhsil naziri Firudin Cəlilovun fəaliyyəti dövrünü nəzərdə tutur.
Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən professor Firudin Cəlilov bildirib ki, geniş şərh vermək istəmir.
“Mən ona cavab vermək istəmirəm. “Müstəqilliyin ilk illəri” deyəndə 1991-ci ili, yaxud konkret kimi, nəyi nəzərdə tutur, mən bilmirəm. Belə deyibsə, mənim adımı çəksin ki, çobanı direktor qoymuşam. Adımı çəkməyibsə, ona nə deyim? Cəsarətləri çatırsa, biri mənim adımı çəksin, vəssalam. Ümumi şəkildə deməsinlər…”, – sabiq nazir bildirib.