Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Fazil Mustafa özündən imtina edir, yoxsa Elçibəydən? –  “Elçibəy liderimdir” (2015), “Rəhmətə gedib, liderim deyil” (2016) 

Fazil Mustafa özündən imtina edir, yoxsa Elçibəydən? –  “Elçibəy liderimdir” (2015), “Rəhmətə gedib, liderim deyil” (2016) 

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa son günlər polemikaya səbəb olmuş “Elçibəyə münasibəti” ilə bağlı geniş açıqlama ilə çıxış edib.

Azinforum.az Turkustan.info-ya istinadən F.Mustafanın  həm ötən il 24 iyunda Elçibəylə bağlı qeydlərini, həmçinin, bu gün yazdığı qeydləri təqdim edir.

 

Elçibəy – Azərbaycanı öz şəxsiyyətində daşıyan insan…

 

Tarixi şəxsiyyətlərin qiymətləndirilməsində hansısa standartlar olmur. Sevən də, sevməyən də, dəyər verən də, dəyərsizləşdirən də olur və hər zaman olacaq.

Ancaq elə obrazlar var ki, mən onları “öz şəxsiyyətində Azərbaycanı daşıya biləcək adamlar” adlandırıram. Məsələn, hər zaman Məhəmməd Əmin Rəsulzadəni bir obraz olaraq təsvir etmək istəyəndə niyəsə “Yürüyən Azərbaycan” ifadəsi ağlımdan keçir. Sanki o, yerişi, yazısı, mövcudluğu ilə özündə bir Azərbaycan daşıyır.

Müasir dövrdə də bu obraza yaxın şəxsiyyətlərdən biri, heç şübhəsiz, Əbülfəz Elçibəydir. Onun prezidentliyini, idarəetmə anlayışını, fikir və görüşlərini dartışa bilərsiniz, nəyisə doğru və ya yanlış hesab edə bilərsiniz, ancaq obraz olaraq əminəm ki, “Azərbaycanı öz şəxsiyyətində daşıyan insan” kimi yaddaşlarda qalıb. Müəllimim, liderim, dostum Əbülfəz bəyin doğum günündə onu rəhmətlə anıram.

24.06.2015

Mənbə:

fazilmustafa.az

 

 

“Bu gün Əbülfəz Elçibəy rəhmətə gedib və bizim liderimiz deyil”

 

Biz müəyyən məsələlərdə nədənsə, hansısa fikirlərdən uzaqlaşanda onu əsaslandıraraq uzaqlaşırıq. Əbülfəz bəyin o zamankı ideoloji sisteminin içində biz də var idik, biz də Bütöv Azərbaycan, Azərbaycan və Türk dünyasının birliyi kimi ideologiyaları qəbul edirdik. Biz də o məktəbdə yetişmişdik, o məktəbin içindən çıxmışdıq. Bu günləri isə bizim yanaşmamız budur ki, hansı real hədəflər varsa, o hədəflərə doğru yürüməmiz bizim üçün, Azərbaycan üçün daha faydalıdır. Azərbaycanın çəkisini biz 100 kq-dan 60 kq-a salmışıq. 100 kq çəki ilə hansısa yarışa qatılan bir ölkənin potensialı şişirdilmiş bir potensial olur. O, orada uğur qazana bilməz. Çəkini aşağı salaraq, hədəfləri də daha doğru, real müəyyən eləmək lazımdır. Bu gün artıq Bütöv Azərbaycan ideyalarını hər hansı bir şəkildə prioritet məsələ kimi gündəmə qoymaq, Azərbaycan üçün hansısa uğur vəd eləmir. Çünki bu potensialı buraxmaq lazımdır Güney Azərbaycanda yaşayan azərbaycanlıların üzərinə. Azərbaycan bu yükü daşımağa hazır və maraqlı deyil.

Diqqət edin, 25 il öncə sərhədlər açılanda güney məsələsinə olan münasibətlə 25 il sonra – bu gün olan münasibət eynidirmi? Bu istəklə yaşayan nə qədər qurum, nə qədər insan var? Kiçik ocaqlar, təşkilatlar bu yükü daşıya bilmirlər. Bir neçə marginal qrupların olması lazımdır. Amma həmişə bir şeyi unutmaq lazım deyil. Türkiyənin timsalında da gördük: bir milliyyətçilik marginal qüvvədən o tərəfə – 14-15 faiz səsdən o tərəfə böyüyə bilmir. Daha dünyəvi ideyalar böyüyə bilir. Solçuluq da artıq böyüyə bilmir. Səbəbi nədir? Ya sağ ideya böyüyür, çünki əhalinin çoxluğunu əhatə edə bilir, ya da daha dünyəvi islam ideyası bunu həyata keçirə bilir. Biz marginallaşmanı istəyiriksə, Əbülfəz Elçibəydə – o xətdə qalmalıyıq. Əbülfəz Elçibəy lider idi və biz də siyasətdə onun kursunu, ideyalarını davam etdirirdik. Bu gün Əbülfəz Elçibəy rəhmətə gedib və bizim liderimiz deyil. Biz özümüz siyasi kursu müəyyən ediriksə, biz Əbülfəz Elçibəyin doğrularını, yanlışlarını hansısa formada davam etdirməyə yükümlü deyilik. Biz artıq müstəqil, bugünki mövcud Azərbaycana uyğun formada yolumuzu davam etdiririk.

 

Elçibəyin yolu bizim yolumuz deyil. Bu gün “Elçibəyin yolu” deyilən anlayışın özü də müzakirəyə açıq anlayışdır. Məsələn, mən bu gün Məhəmməd Əmin Rəsulzadənin siyasət anlayışına daha çox üstünlük verirəm. Bunu dəfələrlə də qeyd edirəm. Məhəmməd Əmin Rəsulzadə 5 düşüncə sistemi daxilində dəyişim edibdir. Onun həyatını araşdıranlar bir-bir baxar ki, sosial-demokratlıqdan tutmuş, milliyyətçiliyə, milliyyətçilikdən tutmuş türk-konfederasiya fikrinə, milli təsanüdə qədər gələn bir anlayışı var. Məhəmməd Əmin Rəsulzadə qədər dinamik şəxs olmayıb. Bilirsinizmi, “Mən əqidəmdə qalıram, Azərbaycan harada qalırsa qalsın”,- kimi anlayışla siyasət həyata keçirilməz! Mən Azərbaycan harada olmalıdırsa, ona uyğun siyasəti formalaşdırmalıyam.

Bu adamların böyük əksəriyyəti orada qalıblar və düşüncə də budur ki, “sən 10-15 il bundan qabaq filan fikirləri müdafiə edirdin, bu gün niyə müdafiə etmirsən?” Çünki 15 il bundan qabaq oxumadıqlarımı bu 15 il müddətində oxumuşam. Düşüncələrim də xeyli dəyişib. Sizin dar çevrədən çıxıb, daha geniş çevrəyə atılmışam.

14.03.2016 (Facebook səhifəsi)

 

QEYD: Hörmətli Fazil Mustafanın Elçibəyə lider anlamında yanaşması onun öz seçiminə bağlıdır. Və müzakirə mövzusu olmamalıdır. Bununla belə, onun Azərbaycanın gələcəyində Elçibəy düşüncə sisteminin yeri, həmçinin, Bütöv Azərbaycan ideyası ilə bağlı mülahizələrini cavablandırmaq istəyən müəlliflərə yer verməyə hazırıq.   

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …

Bir cavab yazın