Ana səhifə / Cəmiyyət / Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?

Fazil Məmmədov nə qədər sərvət qoyub getdi?

Bu gün Azərbaycanın sabiq naziri Fazil Məmmədov vəfat edib.

Axar.az xəbər verir ki, Fazil Məmmədov çox gənc yaşlarından müxtəlif vəzifələr tutub.

O, hələ 29 yaşında ikən Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyinat almışdı. 35 yaşında Dövlət Vergi Müfəttişliyinə, 36 yaşından yeni yaradılan Vergilər Nazirliyinə rəhbər təyin edilmişdi.

Fazil Məmmədov 17 il nazir vəzifəsi daşımışdı.

Fazil Məmmədovun nazir fəaliyyəti dövründə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaiti büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı. Həmin xəbərlər bu günə qədər təkzib edilməyib.

Bundan başqa, Məmmədova aid olduğu bildirilən “Sinerji Qrup MMC” şirkətlər qrupuna rəsmi olaraq 30 şirkət daxil idi. Şəmkirdə yerləşən “Excelsior Hotel Şəmkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər “Sinerji Qrup MMC”nin tərkibində idi. “Şəmkir-Quşçuluq” MMC, 200-ə yaxın istixana, “Zəyəmkəndmaş” zavodu, “Şəmkir Ət-süd” MMC, “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, “Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyektlər də keçmiş nazirə məxsus idi.

İddialara görə, Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olmuşdu. Bu xəbərlər də indiyədək təkzib edilməyib.

Vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Bu rayonlar Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonlarıdır. Gədəbəydə “Eldorado” hoteli, “Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyektlərin də F.Məmmədova aid olduğu deyilirdi.

Fazil Məmmədovun Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf etdiyi də iddia edilir ki, onlardan da biri Ukraynadır.

Onun Kiyevdə 5 ulduzlu “11 Mirros Dizayn” hoteli, siqaret, təkər zavodu və “Vladimirski” adlı böyük bazarı var. Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Bu bazar Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdədir.

Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə “Mir” adlı olduqca lüks hotelə sahib idi.

Hazırda Ukraynada müharibə gedir və mərhum nazirin bu ölkədəki biznesinin taleyi bəlli deyil.

Rusiyada isə “Treydhaus Kaspian Kost Vayneri end Vaynyards” MMC adlı şirkəti fəaliyyət göstərirdi.

Məmmədovun nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi barədə də mətbuatda yazılar dərc olundu.

Bildirilirdi ki, nazir postunda ikən F.Məmmədov Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri başqa şəxslərin adına keçirməklə əlindən çıxarılmasını önləməyə çalışıb.

2021-ci ildə isə Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin 100 milyon manata Londonda bir neçə mülk aldığı barədə məlumat yayıldı. Həmin xəbərə sənədlər də əlavə edilmişdi.

Əbdül Əliyev Nottingem şəhərinin mərkəzində də dəyəri 1,5 milyon funt sterlinq olan binanı (Long Rov küçəsi 50, 51 və 52) satın almışdı. Britaniya paytaxtının Ledbrouk Qrov 131 və Ledbrouk Kressent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı aldığı deyilirdi.

Fazil Məmmədovun səhhətində hələ vəzifədə ikən problemlər yarandığı haqda da bilgilər var. Bəzi məlumatlara görə, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən nazir həftələrlə işə gəlmirdi.

Onun xaricdə müalicə alması xəbərləri isə vəzifədən azad edildikdən sonra üzə çıxdı. Belə ki, nazirin ölkə daxilində özünə aid olduğu bildirilən xəstəxanalarda və Türkiyədə müalicə aldığı haqda görüntülər də yayıldı.

F.Məmmədovun vəzifədən çıxması ilə qeyri-leqal biznesində problemlər də yaranmışdı. Hətta oğluna məxsus şirkətin dövlətə olan vergi borcunu ödəyə bilmədiyi də bəlli olmuşdu.

Yeri gəlmişkən qeyd edək ki, F.Məmmədovun kürəkəni Xaləddin İsgəndərov uzun illər Binəqədi rayonunun icra başçısı olub. X.İsgəndərov özü və ailəsinin çoxsaylı mühafizə ilə gəzdiyi, var-dövləti ilə fəxr etdiyi və özbaşınalığı dillər əzbəri idi. Hətta Binəqədi rayonu ərazisində böyük faciəyə səbəb olan bina yanğını zamanı onun “Vertu” ilə performansları, faciədən qətiyyən təsirlənməməsi də ictimaiyyətdə tənqidlərə səbəb olmuşdu.

Həmçinin oxuyun

Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb. Aparıcı tamaşaçıların …