Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Cəmiyyət / Fəzail Ağamalıdan  Fazil Mustafaya sərt təpki: “Təhsilinə uyğun olaraq hüquq elmi ilə məşğul olsun”

Fəzail Ağamalıdan  Fazil Mustafaya sərt təpki: “Təhsilinə uyğun olaraq hüquq elmi ilə məşğul olsun”

Son günlərdə Səfəvilər dövlətinin tarixi ilə bağlı sosial şəbəkələr və mətbuatda təzadlı fikirlər səslənir. Xüsusilə, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın bununla bağlı mətbuata verdiyi açıqlamalarda və öz feysbuq səhifəsində Səfəvi tarixi ilə bağlı dedikləri ciddi müzakirə mövzusuna çevrilib.

F.Mustafa Səfəvi tarixini “fəlakətimiz” adlandıraraq, bu dövlətdən daha çox İranın bəhrələndiyini bildirib. Deputat qeyd edib ki, müstəqillikdən sonra Səfəviliyi milli miras olaraq görmək, Azərbaycanı İranın bir parçası olaraq görməyə bərabərdir.

Tarixçi deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında tarixi faktları ardıcıllıqla sadalayaraq, həmkarına sərt cavab verdi: “Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini yaradanlarla Şah İsmayılın Xətainin çox sıx şəcərə bağlılığı var idi. Xüsusilə, Uzun Həsən onun dayısı hesab olunurdu. Uzun Həsəndən başlayaraq, Azərbaycanda vahid dövlətin yaradılması uğrunda başlayan mübarizəni başa çatdıran Şah İsmayıl olub. O, Azərbaycan tarixinin ən böyük tarixi şəxsiyyətlərindən biridir. Fazil Mustafa əgər bundan sonra bir daha Şah İsmayıl və Səfəvilər hakimiyyətinin dövlətçiliyimizə verdiyi töhfələrin üstünə gələrsə, mən bunu onun düşüncələrində, təfəkküründə dəyişikliklərin olması kimi qiymətləndirəcəm. Uzun Həsəndən başlayaraq, vahid dövlət yaratmaq uzun bir tarixi proses idi və bunu Şah İsmayılı başa çatdırıb. Bu bizim çox şərəfli tariximizdir. İlk dəfə olaraq, Səfəvilər dövründə Azərbaycan torpaqları vahid məkanda birləşdirildi. Eyni zamanda, Şah İsmayılın dövründə Azərbaycan dili rəsmi olaraq dövlət dili statusu qazandı. Bununla bağlı Yaqub Mahmudovun çox ciddi tarixi araşdırmaları var. Səfəvilərin Avropa dövlətləri ilə apardığı bütün diplomatik danışıqlarda Azərbaycan dili hakim mövqe tutub, sarayda hakim dil Azərbaycan dili olub, fars dili məişət və şeir dilindən o tərəfə keçməyib. Sadəcə Şah Abbasın paytaxtı Təbrizdən İsfahana köçürdükdən sonra tədricən fars dili dövlət dilinə keçib. Buna baxmayaraq, 1736-cı ilə qədər səfəvilər hakimiyyətdə olublar. Bu hakimiyyət nəinki Azərbaycan torpaqlarının vahid məkanda birləşdirilməsinə, eyni zamanda, qonşu türk xalqlarının da bu dövlətin tərkibində olmasına nail olub. 1736-cı ildən sonra Nadir Şah da 1747-ci ilə qədər böyük imperiyanı qoruyub saxlaya bilib. Hətta onun gücünü daha da artırıb. O, öldürüldükdən sonra vahid dövlət xanlıqlara parçalanıb. Vahid dövləti bərpa etmək üçün Ağa Məhəmməd Şah Qacar mübarizə aparmış, böyük hissəsini birləşdirib. Lakin şimala yürüşləri uğursuzluqla nəticələnib və beləliklə vahid dövlət yaratmaq mümkünsüz olub. 1804-13 və 1826-28-ci illərdə Rusiya-İran müharibələrindən sonra faktiki torpaqlarımız iki hissəyə parçalandı. Tarix budur. Fazil Mustafaya demək istərdim ki, təhsilinə uyğun olaraq hüquq elmi, məsələləri ilə məşğul olsun. Sonradan tarix, hüquq kitablarını, bədii əsərləri oxumaq olar. Amma beş ildə o, tarix dərsi almayıbsa, tarixi bilə bilməz. Çünki tarixi təfəkkür formalaşmaya bilər və formalaşmır da. Bunu hüquq və riyaziyyat elmlərinə də şamil etmək olar. Hərə bir kitab oxuyur, elə bilir tarixçidir, politologiyadan kitab oxuyan politoloq olduğunu zənn edir. Bu artıq həmin elmlərə böyük hörmətsizlikdir. Fazil Mustafa bir dəfə söylədi ki, tarix elm deyil. Tarix elmdir, konkret arqumentlərə əsaslanır. Yazılır ki, 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanıb, Azərbaycan iki hissəyə bölünüb, bu artıq faktdır”.

Deputat hüquqçulara da atmaca atdı: “ Hüquq elminin üstünə getmək istəmirəm. Elə bir hüquqçu tanımıram ki, bir fikri digərinə uyğun gəlsin. Bunu onların özlərinə də deyirəm. Fazil Mustafa təhsilli, savadlı, intellektual səviyyəsi yüksək olan şəxsdir. Amma bu imkanları ona şərait yaratmamalıdır ki, tarix elmimizə şübhə ilə yanaşsın. Bunlar yolverilməzdir. Qətiyyətlə pisləyirəm. Ona deyirəm ki, bilmədiyin şeylərdən danışma. Ola bilər ki, onun düşüncələrində dəyişmələr var. Bunun dərinliyinə getmək istəmirəm. Ancaq bunlara son qoymalıdır. Öz baxışları ilə yaşasın, amma bu baxışlara söykənərək, tariximizə böhtan atmasın. Bu gün Azərbaycanda dövlətçiliyimizin tarixə söykənən konsepsiyası hazırlanır. Çox hörmətli akademikimiz, millət vəkili Yaqub Mahmudova xüsusi minnətdarlığımı bildirirəm.

Baxmayaraq ki, köhnə düşüncəli insanların müqaviməti ilə qarşılaşır, amma müasir şərəfli tariximizi yaratmaqla məşğuldur. Tövsiyə edərdim ki, hər kəs aldığı təhsil sahəsi üzrə özünü göstərsin. Fəzail Ağamalı bu gün hüquq elmində nə qədər savadlı görünürsə, Fazil Mutafa da tarix elmində o qədər savadlı görünür”.
Musavat

Həmçinin oxuyun

Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskən …

Bir cavab yazın