Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Fəzail Ağamalı: “Zaxarova Novruz Məmmədovdan üzr istəməlidir”

Fəzail Ağamalı: “Zaxarova Novruz Məmmədovdan üzr istəməlidir”

Mən əslində “5+2” formatında münaqişənin həllinin tərəfdarı deyiləm, hesab edirəm ki, Kəlbəcər və Laçın da daxil olmaqla 7 rayon azad edilməlidir…

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Moderator.az – a müsahibə verib, onunla  söhbəti oxuculara təqdim edirik:

– Neçə gündür ki, Rusiya XİN mətbuat katibi Mariya Zaxarovanın həyasızcasına Azərbaycanı aşağılaması ölkə mediasının əsas mövzularındandır. Amma nədənsə rəsmi Bakı tərəfindən bu ermənipərəst qadının sərsəmləməsinə reaksiya bildirilmədi…

– Sankt-Peterburq görüşünün nəticələri haqqında Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının dedikləri fikirlər demək olar ki, üst-üstə düşdü. Diqqət etdinizsə onların heç biri digərini hər hansı formada təkzib etmədi. Burdan çıxarılan nəticə ondan ibarətdir ki, deməli, ortalıqda münaqişənin həlli, işğal edilmiş torpaqların azad edilməsiylə bağlı Azərbaycanın konkret mövqeyi olub və bu mövqe də müzakirə nəticəsində ümumi rəy kimi qəbul olunub. Elmar Məmmədyarov Azərbaycan dövlətinin və ölkə prezidentinin fikirlərini ifadə edir. Əgər ortada ümumi razılaşma olmasaydı, onun mətbuata vermiş olduğu bəyanatda bu cür nikbin əhval-ruhiyyə ifadə olunmazdı. Eyni zamanda bu görüşün təşkilatçısı Rusiya idi və bu dövlət öz nüfuzu naminə eyni şəkildə Lavrov səviyyəsində bu cür bəyanatla çıxış etməzdi. Mən qətiyyən şübhə etmirəm ki, Ermənistan tərəfə də Rusiya kifayət qədər təzyiq göstərib ki, artıq işğala son qoymağın vaxtı çatıb. Aprel döyüşləri də birmənalı olaraq Ermənistanın əslində sülhə razılaşmaqdan başqa yolunun qalmadığını çılpaqlığı ilə ortaya qoydu. Bu baxımdan mən hər zaman özünün doğru və düzgün sözü ilə seçilən Novruz Məmmədovun fikirlərinin tamamilə həqiqəti əks etdirdiyi düşüncəsindəyəm. Digər mötəbər mənbələrdən əldə etdiyim məlumatlara görə əslində ortalıqda Novruz Məmmədovun dediyi məsələ tam mənada müzakirə olunub və ilkin prinsipial həllini tapıb. Sadəcə olaraq məncə Ermənistan tərəfi müəyyən zaman istəyib ki, bu şərtləri daxili auditoriya üçün hazırlasın, onu erməni xalqına həzm etdirsin. Sərkisyanın Qarabağa hərbi paltarda deyil, mülki geyimdə və ağ köynəkdə gəlməsi də bir mesaj idi. Ola bilsin bununla öz adamlarına başa salıb ki, Ermənistanın başqa çıxış yolu yoxdur, ona görə də sülhə razılaşmaq lazımdır. Nalbandyanın da Novruz Məmmədovu təkzib etməyi də məncə Ermənistandakı daxili auditoriyaya hesablanmış bir məsələdir. Yəni mümkün qədər Sərkisyan rejiminin laxlamasının qarşısını almağa hesablanmış bir davranışdır. Mariya Zaxarovanın bu bəyanatı isə heç cür başa düşülən deyil. Bu qadın bütün etik normaları pozaraq birbaşa ermənilərin yanında olduğunu ortalığa qoydu. Məncə sizin dediyiniz kimi mətbuat vasitəsi ilə rəsmi Bakının bu bəyanata hər hansı etirazına rast gəlməsək də diplomatik kanallarla Zaxarovanın bu hərəkətinin qəbuledilməzliyi barədə etiraz Moskvaya çatdırılıb. Əslində onun soyadı da ermənilərə yaxınlığını bildirir. Zaxar əsasən erməni adıdır və biz kifayət qədər Zaxaryan soyadlı ermənini qiyabi də olsa tanıyırıq, yəni eşitmişik, oxumuşuq. Ola bilsin ki, Mariya elə soyadını dəyişsə də ya ermənidir, ya da ermənipərəst. Hansıdırsa onun bu cür davranışı qəbuledilməzdir və düşünürəm ki, buna görə Zaxarova Novruz Məmmədovdan üzr istəməlidir. Novruz Məmmədov adətən danışıqlarla bağlı həmişə bədbin açıqlamalarıyla yadda qalıb, erməni tərəfinin hər vəchlə bu müzakirələri pozmağa çalışdığını qınayan mövqe sərgiləyib. Amma ilk dəfədir ki, Novruz Məmmədov Sankt-Peterburqda baş verənləri açıqlayıbsa, buna haqq qazandırıram və əslində bunu gizlətməyə də ehtiyac yoxdur.

– Fəzail bəy, Novruz Məmmədovu ona görə qınayırlar ki, hətta Sankt-Peterburqda prezidentlər razılığa gəlmiş olsa belə onu bu şəkildə açıqlayaraq əslində kəmfürsətliyi ilə hər zaman bu danışıqları pozan erməni tərəfinə, hansı ki, Rusiya onları zorla, sanki yaxalarından darta-darta gətirdiikləri danışıqlardan imtina etməsi üçün vazkeçilməz bəhanə vermiş olub…

– 25 ildir ki, Azərbaycan sizin dediyiniz o qaydalara, konfidensiallığın maksimum qorunmasına riayət edib. Amma görünən odur ki, erməni həyasızlığı hər dəfə bu danışıqların nəticəsiz başa çatmasına, yaxud əldə edilən razılaşmaların sonradan pozulmasına rəvac verib. Azərbaycan məgər daha 25 ildəmi gözləməlidir? Ermənilərin nazı ilə nə qədər oynayacağıq? Artıq 4 günlük aprel döyüşləri ermənilərə yaxşı qulaqburması oldu və heç olmasa indi anlamalıdılar ki, bu dəfə də əldə edilmiş razılaşmalardan boyun qaçırsalar onları faciəli aqibət gözləyir. Mən düşünürəm ki, Novruz Məmmədov düz edib. Çünki o olanı deyib. Əgər ermənilər Novruz Məmmədovun bu açıqlamasından siz dediyiniz kimi imtina edəcəklərsə məsuliyyət onların üzərinə düşəcək. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı son qarışınadək azad edəcək, buna nə mənim zərrə qədər şübhəm var, nə də sizin və cəmiyyətimizin olsun.

– Belə iddialar da var ki, Putinlə Lavrovun arasında Qarabağ razılaşması məsələsində ciddi fikir ayrılığı var və Lavrov Putinin planının həyata keçirilməsini bacardığı qədər əngəlləmək, heç olmasa müəyyən müddətə tormozlamaq istəyir. Buna görə də Zaxarovanın dilindən deyilən o həyasız ritorikanın əslində Lavrovun diktəsiylə ifadə olunduğu deyilir.

– Mən bunu istisna etmirəm, çünki Lavrov rus soyadı daşısa da ermənidir, onun damarlarından erməni qanı axır. Ona görə də Lavrov sona qədər çalışacaq ki, işğalın daha uzunmüddətli olmasına aparan sonugörünməyən danışıqlar prosesi olsun. Amma mənə elə gəlir ki, əgər həqiqətən də Putinin bu münaqişənin nizamlanması üçün iradəsi ortalıqdadırsa Lavrov bu iradənin qarşısında heç nə edə bilməz.

– “5+2” formatının nələri özündə ehtiva etdiyini də bilməmiş deyilsiniz. Putin ona görə belə canfəşanlıq edir ki, sonda bölgəyə rus sülhməramlıları adı altında yenidən rus qoşunları gətirilsin. Şəxsən siz bu formatda sülh nizamlanmasını dəstəkləyirsinizmi?

– Mən bu cür nizamlanmanın tamamilə əleyhinəyəm və hesab edirəm ki, Azərbaycan cəmiyyəti də bu cür razılaşmanı həzm etməyəcək. Buna heç cür imkan vermək olmaz. Acı təcrübə ortadadır və Abxaziya, Cənubi Osetiya dərslərini də unutmaq olmaz. Rusiya hətta BMT tərəfindən belə bir sülhyaratma mandatı almışdı, hətta mənim özüm MDB parlament Assambaleyasının xətti ilə Abxaziyaya gedəndə onun şahidi də oldum ki, rus əsgərlərinin-zabitlərinin bu bölgədə sülhməramlı adı altında nələr edirlər. Sonradan da gördünüz ki, Saakaşvili oradakı rus kontingentinin törətdiyi çoxsaylı cinayətlərə son vermək üçün hərəkətə keçəndə rəsmi Moskva hansı aressiyaya yol verdi. Rusiyanın tankları gəlib Tiflisin 5 addımlığınadək çıxdı. Biz bunu heç vaxt unutmamalıyıq və cəmiyyət olaraq, dövlət olaraq bu halın bizdə də yaşanmasına imkan verməli deyilik. Digər tərəfdən ATƏT-in Budapeşt sammiti var və bu məsələ orada müzakirə olunanda ulu öndərimiz Heydər Əliyev buna getmədi və nəticədə çoxmillətli sülhməramlı kontingentin bölgədə yerləşməsi barədə razılaşmaya nail olundu. Yəni heç bir halda münaqişə bölgəsinə yerləşdiriləcək hərbi kontingentin tərkibində hansısa dövlət üstünlük əldə etməməlidir. Ona görə də hətta Rusiya belə bir niyyətdə olmuş olsa belə düşünürəm ki, Azərbaycanın əlində beynəlxalq hüquqi gücə malik sənəd var və rəsmi Bakı bundan çıxış edərək belə bir məkrli planın reallaşmasına imkan verməz.

– Amma Azərbaycanın da artıq razılğını verdiyi “5+2” formatında məhz bu təhlükə realdır…

– Mən əslində “5+2” formatında münaqişənin həllinin tərəfdarı deyiləm. Mən hesab edirəm ki, Kəlbəcər və Laçın da daxil olmaqla 7 rayon azad edilməlidir, ermənilərə dəhliz verilməsi məsələsi də həllini tapmalıdır. Əslində həmin dəhlizin verilməsinə də faciə kimi baxılmamalıdır və nəzərə alınmalıdır ki, bu zaman həmin dəhlizdən təkcə ermənilər deyil, həm də azərbaycanlılar istifadə etməklə Naxçıvanın blokadasının aradan qaldırılması mümkün olacaq. Yəni həmin dəhliz təkcə ermənilər üçün deyil, həm də azərbaycanlılar üçün olacaq.

– Onlar icazə verəcəkmi azərbaycanlılar da sərbəst şəkildə həmin dəhlizdən keçib sonradan da Ermənistandan Naxçıvana keçə bilsinlər?

– Ola bilməz ki, o dəhliz yalnız ermənilər üçün olsun. Çalışılmalıdır ki, həmin dəhliz sırf humanitar mahiyyət daşısın və hərbiləşdirmiş niyyətlərə deyil, insanların rifahına xidmət edən bir yol olsun. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da öz doğma yurdlarına qayıtdıqdan sonra ermənilərlə əvvəllər mövcud olan bütün kommunikasiyalar da açılır, ermənilər də artıq həm Azərbaycan, həm Türkiyə tərəfdən blokadadan çıxırlar, nəticədə ermənilər də adam kimi yaşamağa başlayırlar. Bundan sonra Dağlıq Qarabağda yaşayan erməni əslli Azərbaycan vətəndaşları da Azərbaycanın imkanlarından istifadə edə bilərlər və mən bunun mümkünlüyünə də inanıram. Onsuz da rəhmətlik ulu öndərimiz də demişkən, Azərbaycanda indinin özündə 40 min erməni gəlini yaşayır. Qoy lap 30 min də üstünə gəlsin, nə faciə var ki, bunda? Amma ermənilər Azərbaycan qanunlarına əməl etməlidirlər, yalnız bu halda onlara Azərbaycan torpqlarında yaşamağa icazə verilə bilər.

– Fəzail bəy, seçicilərinizdən bank borcuna görə həbs olunan yoxdur ki?

Ardı var…

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın