Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəmiyyət / “Eybəcər, amma pullu qızla evlənir ki, qayınatası onu nazirlikdə işə düzəltsin“

“Eybəcər, amma pullu qızla evlənir ki, qayınatası onu nazirlikdə işə düzəltsin“

Sovet döründə oğlanlar imkanlı adamların qızları ilə ailə həyatı qurmağa meyl etmirdilər. Çox adam bunu ayıb sayırdı. Ətrafdakı insanların izdivacın var-dövlət, pul xatirinə qurulmasını düşünə biləcəklərindən ehtiyatlanırdılar. İndi isə vəziyyət bir qədər dəyişib. Varlı qayınata axtaran oğlanlarla tez-tez qarşılaşırıq. 

Bunun səbəbi nədir? Niyə izdivac zamanı maddiyat sevgini üstələyir?

Tanınmış şair, ədəbiyyatşunas, professor Vüqar Əhməd mövzu ilə bağlı Yenisabah.az-a maraqlı açıqlama verib. O, bu məsələnin ciddi müzakirə tələb etdiyini bildirib:

“Bu mövzu geniş müzakirə tələb edir. Sovet vaxtı Azərbaycanda milli qürur var idi. Oğlanlar da qürurlu idi. Qayınata hesabına mövqe tutmaq istəmirdilər ki, onlara məhlədə, kənddə, şəhərdə pis baxarlar. Hər bir insan istəyirdi ki, öz zəhməti ilə çalışsın, müəyyən mövqe tutsun. Sovet vaxtı işsizlik də az idi. Təbliğat elə aparılmışdı ki, elmə, sənətə məhəbbət var idi. İndi diplom alan oğlanların 70%-i işsizdir. Dövlət qayğı göstərir iş yerləri açır, lakin işə düzəlmək çox çətindir. Gərək qohumun, tanışın olsun”.

V.Əhməd indiki gənclərin çox pessimist olduğunu qeyd edib:

“Ümumiyyətlə, indiki cavanlarda pessimizim, ruhdan düşmə, tənbəllik əmələ gəlib. Hamısı deyir: “Bir vəzifəli adamın qızını alsaydım, hər şey düzələrdi”. Özlərindən böyük, amma eybəcər qızlarla evlənirlər ki, təki qayınata maşın alsın, bunu nazirlikdə şöbə müdür qoysun və ya pullu işə düzəltsin.

Həm də ətraflarında olanlara baxırlar, görürlər ki, qayınatanın pulu ilə kef edir. Qayınata maşın, ev alır, o da oturur gecə restoranlarda, barlarda, saunalarda. Şübhəsiz ki, belə vəziyyət də qayınatada da olan pul da halal olmur. 4-5 maşını var, ailə üzvü 6-7 nəfər, eyni zamanda kürəkənə də baxır.

Uzun sözün qısası sonra da qayınatanı həbs edirlər, kürəkən də qızı boşayır ki, yuxarıda olanlar görsün ki, əlaqələri kəsildi.

Nazirlər, vəzifəli adamlar bir-biri ilə quda olurlar, hansısa həbs edilən kimi övladlar boşanır.

Bizim Leyli və Məcnundakı kimi sevgiyə ehtiyacımız var. Təbii və saf sevgi. Sevgi olmayan yerdə evlilik ayrılıqla bitir”.

Şair bu fikirlərin bütün oğlanlara aid olmadığını vurğulayıb:

“Təbii ki, bu sözlər bütün gənc oğlanlara aid deyil. Qeyətli, namuslu oğullarımız çoxdur. Qarabağı kimlər aldı? Həmin qeyrətli oğullarımız.

Şəhərdə maşınlarla avtoxuliqanlıq edənlər azad etmədi Qarabağı.

Qeyrətli, ata, qayınata malına göz dikməyən oğullar azad etdi”.

Həmçinin oxuyun

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. …