Bazar , Avqust 18 2019
Ana səhifə / Cəmiyyət / Ey könül mülkünün barı Naxçıvan… – REPORTAJ, FOTOLAR

Ey könül mülkünün barı Naxçıvan… – REPORTAJ, FOTOLAR

Naxçıvanın hər qarışı gəzdikcə görməli, gördükcə gəzməlidir. Nə yalan deyim, Naxçıvanı gəzib mədəni-tarixi abidələrini gördükcə, bizi bu qədim diyardan bir neçə saatdan sonra ayıracaq səfər biletimizin vaxtını dəyişmək, ən azından bu tarixi torpaqda bir gün də artıq qalmaq keçirdi içimdən. 
 
Kaş ki, təyyarə reysimiz hava şəraiti üzündən təxirə düşəydi, kaş ki, Naxçıvanın mədəni-tarixi abidələrini görmək üçün tələsmədən, qarış-qarış gəzəydik bu diyarı deyirəm ürəyimdə…
Hərdən özümü də bu yay məzuniyyət müddətimi Naxçıvanda keçirəymədiyim üçün qınayıram. Amma bilmirdim axı Naxçıvanın hər addımında tarixə boylanmağın mümkün olduğunu…
Bilmirdim axı, bu qədim diyarın keçmişimizin bizə miras qoyduğu, yüzillikləri özündə yaşadan canlı tarix olduğunu… Elə ürəyimdə götür-qoy edə-edə bir də gördüm ki, artıq hələ kitablarda möhtəşəm görünüşü ilə məni heyrətləndirən Möminə Xatun türbəsinə gəlib çatmışıq.

Qoç heykəllər, daş kitabələr – 169 maddi-mədəniyyət nümunəsi bir muzeydə…

Bakıdan səfərə gələn 20 KİV rəhbəri ilə birgə Möminə Xatun türbəsinə bizi aparan bağın içərisində Ulu Öndərin büstü önündə xatirə şəkli çəkdirdikdən sonra türbənin qarşısındakı Açıq Səma Altında Muzeylə də tanış oluruq. Burada bizə məlumat verirlir ki, muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunubdur. “Əcəmi” seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir. Açıq Səma Altında Muzeydə olarkən, buradakı qoç heykəllərlə bağlı maraqlı məlumat da əldə etdim. Sən demə keçmiş dövrlərdə dünyasını dəyişən insanın məzarı üzərinə indiki kimi dəbdəbəli və bahalı məzar daşı yox, elə bu qoç heykəlləri qoyarmışlar. Həmin heykəllərin üzərinə isə, dünyasını dəyişən insanın hansı peşə sahibi olduğunu əks etdirən şəkil çəkilərmiş… Məlumata görə, Möminə Xatun türbəsini görməyə gələnlər öncə Açıq Səma Altında Muzeydəki qoç heykəllərə, daş kitabələrə, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrə baxmamış türbəyə daxil olmurlar.

Şərq memarlığı incisi olan Möminə Xatun türbəsində…

Budur, artıq, Naxçıvan tarix-memarlıq incisi sayılan Möminə Xatun türbəsindəyik. Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə Xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Deyərdim ki, bu əsər Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, şərq memarlığı incilərindən biridir. Burada qonaqlara məlumat verildi ki, türbə 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin qərb hissəsində tikilib.
Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar verib. Bu möhtəşəm sənət əsəri, elin yaddaşında “Atabəy günbəzi” adı ilə qalıbdır. Abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıbdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Ümumi hündürlüyü 34 m olan, sonralar 8 m hündürlükdə olan xarici örtüyü dağılıbdır. Türbə yeraltı sərdabə və yerüstü hissələrdən ibarətdir. Bəzi tədqiqatçılara görə, sərdabədə Atabəylər dövlətinin başçısı Şəmsəddin Eldəniz, onun arvadı Möminə Xatun və oğlu Məhəmməd Cahan Pəhləvan dəfn olunubdur. Sərdabədə dəfn olunanların məzarlarının başdaşıları vaxtilə oğurlanıb aparılıbdır. 2003-cü ildə sərdabədə qiymətli daşlardan nəfis şəkildə əsaslı bərpa işləri aparılıbdır. Türbənin yerüstü hissəsi xaricdən onüzlü bütün tərəfləri kufi kitabələrlə haşiyələnibdir, daxildən isə dairəvidir.
Günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var. Türbənin qərb hissəsi işlənmə xüsusiyyətinə görə fərqlənir. Burada səth iki yerə bölünüb, aşağı hissəsində giriş qapısı baştağ şəklində həll edilmiş, yuxarı hissəsində isə ornamental bəzəklər verilibdir. Memarın adını və abidənin inşa tarixini göstərən kitabələr baştağdan yuxarıda həkk edilibdir. Abidə əzəmətli memarlıq zənginliyi ilə yanaşı, Azərbaycanın qədim tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq məktəbinə malik olduğunu göstərir. XIX əsrə aid rəsm əsərlərindən və fotoşəkillərdən görünür ki, Möminə Xatın türbəsinin yanında monumental tikililər, o cümlədən, Came məscidi olubdur.

XVIII əsrin yadigarı- Xan Sarayı…

Qonaqlar Möminə Xatun türbəsində xatirə kitabına ürək sözlərini yazdıqdan sonra, yollanırıq Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan Sarayına… Qeyd edim ki, türbə ilə Xan Sarayını cəmi 40-50 metr məsafə ayırır. Burada öyrənirik ki, şərq memarlıq üslubunda tikilmiş abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olubdur. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tikdiribdir. Abidə 3600 m2 sahəsi olan saray kompleksinin qərbində, xan dikinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilibdir. Bina ikimərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət olub. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulub. Bölmələrə giriş ikimərtəbəli, balkon tipli çatma tağlı dəhlizlərdən olub. Bölmələr arasında daxili keçid yaradılıb. Dəhlizlərə pilləkənlərlə qalxılır. Pəncərələrdə şəbəkə üslubundan və bütün otaqlarda Naxçıvan yaşayış evlərinə xas olan müxtəlif ölçülü taxçalardan istifadə olunubdur. Bina divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş. Xan Sarayı 2015-ci ildən yeni yaradılaraq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Burada Naxçıvan xanları ailəsinə mənsub sənəd və fotoşəkillər, xanlıqlar dövrü tarixini əks etdirən orijinal mənbələr, həmçinin həmin dövrə aid misgərlik nümunələri və digər dəyərli muzey materialları mühafizə olunaraq nümayiş etdirilir. Xan Sarayı kompleksində 42×8 m ölçüdə yardımçı bina da var. Onu da öyrəndik ki, muzeydə 900-dən artıq eksponat var.

Bayraq meydanından açılan gözəl mənzərə – bir ucu Araz çayı, bir yanı Ağrı dağı…

Tarixi özündə yaşadan bu abidələrə baxışdan sonra yolumuzu salırıq Naxçıvanın müxtəlif dövrlərinə aid bayraqlarının qorunub saxlandığı Dövlət Bayrağı Meydanı və Muzeyinə. Qeyd edək ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılaraq 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Bayraq Muzeyindən Naxçıvanın göz oxşayan mənzərəsi adamı baxdıqca valeh edir. Buradan bir ucu cənubi Azərbaycana uzanan Araz çayına, Ağrı dağına gözəl bir mənzərə açılır. Muzey isə insanı xanlıqlar düvrünə aparır. Burada Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Muzeydə bizə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar verildi.

Qala divarlarının sehrində-Naxçıvanqalada…

İndi yolumuz Naxçıvanın cənub-şərqində yerləşən qədim arxeoloji abidəyə-Naxçıvanqlaayadır. Bura getməyimizin iki səbəbi var. Həm bu tarixi canlı seyr etmək, həm də burada keçirilən “bal yarmarkası”nda iştirak etmək. Biz Naxçıvanqalaya çatanda cəngi musiqisinin sədası ətrafa yayılmışdı. Hava yağışlı olsa da, bura bal almağa gələnlərin sayı kifayət qədər çox idi. Naxçıvan öz balı ilə məşhur olduğundan buradan qonaqlar arasından bal almamış geri qayıdan da az oldu. Öz qala divarları ilə qonaqları heyran qoyan Naxçıvanqala sən demə xalq arasında”Köhnəqala” adları ilə də tanınır. Qalanın inşa tarixi 632-652-ci illərə aid edilir. 1957-1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunubdur. Arxeoloji tədqiqatlardan məlumdur ki, belə daş gürzlərdən Tunc dövründə eramızdan əvvəl 3-2-ci minilliklərdə Duz mədənlərində istifadə olunub. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə monqol işğalçıları qalanı dağıdıblar. Həmin qalanı sonralar Naxçıvanda olmuş fransız səyyah Şarden və Frehanq da əsərlərində xatırladırlar. Qala XIX əsrədək fəaliyyətdə olubdur. 1827-ci il planında bu qala sxematik qeyd olunubdur.
Plana əsasən qala iki hissədən – Kiçikqala – Narınqala və Böyükqaladan ibarətdir. Narınqalanın cənub-qərbində 300 nəfərin qoruna biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol çox güman ki, qaladan təxminən 2 kilometr aralı məsafədə axan Naxçıvan çayına çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanılıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 2013-cü il 5 iyun tarixdə Sərəncam imzalayıb. 2014-cü il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olub. Proqramımız o qədər sıx idi ki, iki günə Naxçıvanın gəzməli-görməli, tarixi abidələrini ziyarət etməyə çalışırdıq.
Burada olarkən öyrəndim ki, Naxçıvanqalanın yanında sən demə Nuh Peyğəmbərin türbəsi də varmış. Naxçıvana gəlmişkən Nuhun məqbərəsini də ziyarət etmək fürsətini qaçırmaq istəmədim. Burada məlumat alaraq öyrəndim ki, türbə Naxçıvan şəhərinin cənub tərəfində, Köhnəqala adlanan ərazidə VIII-XII əsrlərə aid memarlıq abidəsidir. Sən demə K.A.Nikitinin “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsində Həzrəti Nuh Peyğəmbərin buradakı məzarı və türbəsi təsvir olunub: “Nuhun qəbri Naxçıvan şəhərinin cənub tərəfində, qədim qalanın qalıqlarının yaxınlığında yerləşir. Məzarın hazırkı görkəmi VIII yüzillikdə bərpa edilibdir. İndiki görkəmdə məzar yerdən qalxan, çox da böyük olmayan türbəni xatırladır. Əvvəlcə burada məbəd olmuş, sonra uçub dağılıbdır. Hazırkı türbə keçmiş məbədin aşağı mərtəbəsinin qalıqlarından ibarətdir. Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, ortadan daş dirəklə möhkəmləndirilmiş sərdabə tipindədir. Rəvayətə görə həmin dirəyin altında Nuhun cənazəsi yerləşir. Sərdabədə obrazların və bəzəklərin təsviri yoxdur. Sərdabənin divarları ağardılmış, səyyahların və ibadətə gələn zəvvarların müxtəlif dillərdə olan adları ilə yazılıb doldurulubdur”. Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli (1892-1922) XX əsrin əvvəllərində yağlı boya ilə Naxçıvan şəhərindəki Nuhun türbəsinin naturadan şəklini çəkib. Naxçıvanda Nuhun qəbri ilə bağlı xeyli əfsanələr var. Əfsanəyə görə dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunaraq, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salıb. Həmin yerin Gəmiqaya adlandırılması, bu ərazidə “Nəbi yurdu” adlanan yaylaq yerinin və yaxınlıqda “Nuhdaban” adlanan qədim yaşayış məskəninin mövcud olması əfsanədə öz əksini tapan mətləblərin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verir. Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçılar məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı əsasında 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunaraq, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılıbdır.

Məmməd Arazı onun doğum günündə öz torpağında anmaq da varmış qismətdə…

Naxçıvana gələsən, bu gözəl diyarın yetirməsi olan xalq şairi Məmməd Arazı ziyarət etməyəsən. Həm də onun doğum günündə. Bəlkə də, Məmməd Araz sevənlər arasında elə ən şanslısı biz idik. Hamı bu gün Məmməd Arazı anmaq üçün Bakıda onun məzarını ziyarət üçün Fəxri Xiyabana toplaşsa da, biz xalq şairini onun dünyaya göz açdığı Şahbuzun Nursu kəndində anmağa yollanırdıq. Şairin sevimli kürəkəni, millət vəkili Aqil Abbasın müşayəti ilə…
Yolboyu diqqətimizi çəkən əsas məqamlardan biri də, Şahbuzun kəndlərinə bizi aparan yolların abad olması, kəndlərə təbii qaz xətlərinin çəkilişi, hər kənddə müasir məktəb, tibb məntəqəsinin olması idi. Aqil Abbasın duzlu-məzəli söhbətlərinə qulaq asa-asa, onun Məmməd Arazla bağlı xatirələrini dinləyə-dinləyə mənzil başına çatdıq. Budur, artıq şairin doğulduğu torpaqdayıq. 2004-cü ildə istifadəyə verilən bu ev muzeyində Məmməd Arazı yaşadan o qədər xatirə vardı ki… Onun əlyazmalarından tutmuş, geyindiyi kostyuma, gənclik illərinə dair fotolarına, iş stoluna qədər, hər bir əşya xalqın sevimli şairindən bizə qalan xatirə idi… Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyev də Məmməd Araz yaradıcılığını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Məmməd Arazın Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək demişdir: “Ana dilinin bütün incəliklərini özündə toplamış Məmməd Araz poetik irsi gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşması baxımından müstəsna əhəmiyyətə malikdir”. Bəli, Məmməd Arazın yazdığı hər misrada dilimizin incəliyi,zənginliyi hiss olunur. Bəlkədə ona görə də, artıq el arasında belə bir deyim formalaşıb: “Məmməd Araz bu xalq üçün elə Azərbaycan deməkdir”.

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim… kimi məşhur misraların müəllifi olan Məmməd Araz bu gün də xalqın ürəyində vətənpərvər şair kimi yaşayır. Şairin ev muzeyindən, onun dünyaya göz açdığı torpaqdan ayrılıb şəhərə doğru yol alırıq.
news Image

Görüşənədək Naxçıvan, qədim diyar…

Bu, Naxçıvanda ziyarət etdiyimiz son məkan idi. İndi bizi bu qədim diyardan ayırmağa sayılı saatlar qalmışdı. “Təbriz mehmanxanası”na çatanda artıq saat əqrəbləri 6-nın üzərində idi. İki gün ərzində Naxçıvanda xeyli sayda mədəni-tarixi abidəni ziyarət etsək də, görmədiyimiz görməli yerlər də qalmışdı. Bura Qazançı qala, Fərhad evi, Yusif Küseyir oğlu türbəsi, Qarabağlar türbəsi, Xanəgah Memarlıq Kompleksi, Kırna türbəsi, Ordubad Buzxanası, Qazançı Körpüsü, Qeysəriyyə memarlıq abidəsi, “İsmayılxan” hamamı kimi yerlər daxildir.
Amma biz bu qədim diyarı biryolluq yox, bir də gəlmək, bu səfərimizdə gəlib gəzə bilmədiyimiz yerləri gələn səfər görmək arzusu ilə tərk edirdik. Bu səfərimizdə Naxçıvandan yüksək təəssüratlarla ayrılırdıq. Onu da ümid edirdik ki, Naxçıvan səfərimiz öz zəngin tarixi irsi, qonaqpərvərliyi ilə bizim yaddaşlarımızda iz qoyduğu kimi, media ilə əməkdaşlığın genişləndirilməsində də yeni bir yol açacaq…

Həmçinin oxuyun

“İkinci arvad kişinin ömrünü uzadır”

Evli qazaxların özlərinə sevgili tapmaları yaxşıdır. Bunu qazax etnoqraf “Altın Alka” çoxuşaqlı analar cəmiyyətinin idarə …

Bir cavab yazın