Cümə axşamı , May 23 2019
Ana səhifə / Cəmiyyət / Evi dağıdılan, özü isə döyülən vətəndaş Prezidentə və baş prokurora ümid bağlayıb – VİDEO

Evi dağıdılan, özü isə döyülən vətəndaş Prezidentə və baş prokurora ümid bağlayıb – VİDEO

 

Şamaxı rayon sakini Rövşən Talıbov evinin qanunsuz sökülməsindən şikayətçidir.
Problemini musavat.com-a danışan Rövşən deyir ki,  2012-ci ildə Biləcəri qəsəbəsi 1 may küçəsində bələdiyyədən 7 sot torpaq alıb və hasara da salıb. Lakin bir neçə ay keçdikdən sonra qonşusu Vəliş adlı şəxs ona məxsus olan torpaq sahəsini başqasına satıb.
Rövşən torpağını geri qaytarmağa çalışsa da, qonuşusu Vəliş adlı şəxsin yuxarı vəzifələrdə olan qohumları buna mane olublar. Rövşən isə torpağın ona qalan yarım sot hissəsi ilə kifayətlənməli olub.
Şikayətçi deyir ki, həmin hadisələr cərəyan etdiyi vaxtda ailəsi, 3 övladı bir vaqonda qalırmış. Ona görə də həmin yarım sot torpaqda kiçik ev tikib, ailəsini buraya yığır: “Ancaq qonşum Vəliş yenə pis əməlindən qalmadı. Mənim burada olmadığım bir vaxtda fürsətdən istifadə edərək, evimi sökdürüb və zibilliyə tökdürüb. Evdə olan 2340 manat pulumu da götürüblər. Qanunsuz ev tikməyə görə məndən Binəqədi rayonu 6-cı polis bölməsinə şikayət də edib.
Mən Bakıya qayıdıb, polis bölməsində haqqımı tələb edəndə, polis rəisi bildirdi ki, həmin ərazidə park salınması nəzərdə tutulub. Mən də etirazımı bildirdim ki, əgər o ərazi park olacaqdısa, nə üçün “satılır” lövhəsi vurulub, niyə bələdiyyə bu ərazini mənə satıb? Bu açıq-aşkar mənə qarşı ədalətsizlik idi. Aydın məsələ idi ki, Vəliş polis rəisi ilə əlbirdir”.
Evi söküləndən sonra Rövşən həmin əraziyə vaqon gətirərək, ailəsi ilə birgə vaqonda yaşamağa davam edir: “Bir neçə ay belə davam etdi, mən vaqonda yaşayırdım. Sonra 4-5 nəfər mülki və polis geyimli şəxslər bir neçə avtomobildə gəlib həyətə doluşdular, özlərini təqdim etmədən məndən buranı tərk etməyi tələb etdilər. Mən isə torpaq sahəsinin mənə məxsus olduğunu və buradan çıxmayacağımı dedim. Bu zaman gələnlərin başında duran adam yanındakılara əmr etdi ki, “Vurun, bunu!”
Məni övladlarımın gözü önündə vəhşicəsinə döydülər. Həmin şəxslərlə birgə gələn polislər isə heç bir müdaxilə etmədilər. Yoldaşımı da gözümün önündə döydülər. Uşaqlarımı, yoldaşımı gözlərim önündə sürüyüb, yolun ortasına atdılar. Məni döyəndən sonra polislər hərəkətə gəldi, onları aralamağa başladılar. Məni döyəndən sonra polis bölməsinə apardılar, mənim və yoldaşımın aldığı xəsarətlərlə bağlı tibbi ekspertizanın rəyi də var. Lakin o gündən buyana həmin şəxslərdən heç bir xəbər yoxdu. Məni döyənlərin kim olduğunu hələ də tapa bilməmişəm, polis də onların kimliyni gizlədir. Yəqin ki, polis onlarla əlbirdir”.
Rövşən Talıbov deyir ki, 1 ay öncə Biləcəri rayon 6-cı polis bölməsinin rəisi Rəşad Əhmədzadə ilə görüşüb: “Polis rəisinə dedim ki, mənim olan o ərazi hazırda satışa qoyulub. Əgər park olmayacaqdısa, nə üçün məni oradan çıxardılar? Polis rəisi isə mənə hədə-qorxu gələrək, susmağımı tələb etdi və məni böhtan atıb, həbsə salacağı ilə təhdid etdi. Bu da o deməkdir ki, əslində polis rəisinin də bu işdə əli var”.
Zərərçəkən onu da bildirdi ki, Vəliş adlı şəxs həmin ərazidə bir neçə nəfərin torpaq sahəsini müxtəlif yollarla zəbt edib. Rövşənin iddiasına görə, Vəliş bunun üçün aidiyyatı qurumlarla anlaşmağı bacarır.
İndi fəhlə işləməklə dolanan 3 uşaq atası Rövşən Talıbov ailəsi ilə birlikdə kirayədə yaşadığını deyir. Müsahibim ona qarşı edilən ədalətsizliklə bağlı ölkə başçısından və baş prokurordan kömək istəyir.
Qeyd edək ki, zərərçəkənin adını çəkdiyi polis rəisi Rəşad Əhmədzadə Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur. Bir müddət öncə onun adı rektor Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı videoların mətbuata sızdırılmasında hallanırdı.
Daha ətraflı aşağıda təqdim etdiyimiz videoda zərərçəkənin öz dilindən eşidə bilərsiniz.
Qeyd: Məqalədə adları çəkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
Məğrur Salmanov
 

Həmçinin oxuyun

“Şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur”

Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq …

Bir cavab yazın