Ana səhifə / Cəmiyyət / Ermənistanın Qarabağın mərhələli həll planını İranın əli ilə pozmaq taktikası…

Ermənistanın Qarabağın mərhələli həll planını İranın əli ilə pozmaq taktikası…

Elşən Həsənov: “Əslində İran sərhədindəki işğal faktoruna etiraz səsini ucaltmalıdır”
“Məqsəd İranla Azərbaycan arasında sərinlik yaratmaqdır”

Ermənistan mətbuatı İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dair sensasion iddia irəli sürüb. Ermənistanın “Armtimes” nəşri iddia edir ki, İran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərinə təqdim etdiyi sülh planından çox narahatdır.
“Armtimes” bu barədə İranın diplomatik mənbələrindən məlumat əldə etdiyin diqqətə çatdırıb.
“Aprel döyüşlərindən sonra danışıqların bəzi aspektləri ictimaiyyətə bəlli olub. İran tərəfi Lavrovun planına əsasən Ermənistanın Qarabağ ətrafında yerləşən 5 rayonu Azərbaycana qaytarması variantından narahatdır.
İran tərəfi onun şimal sərhədləri yaxınlığında belə bir mövqe dəyişikliyinə qarşıdır və hər hansı formada danışıqlar prosesinə müdaxilə etməyə çalışır”.
Məlumatda, həmçinin, İran prezidenti Həsən Ruhaninin avqust ayında Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni qaldıracağı bildirilir.
Bu iddia nə dərəcədə əsaslıdır və deyilənlər Ermənistanın növbəti təxribatı sayıla bilərmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə bildirdi ki, bu, məqsədli şəkildə yayılan informasiyadır:

“Hədəf bəllidir. Avqustda baş tutacaq üç ölkə prezidentinin görüşü ilə bağlı indidən etimadsızlıq yaratmaq istəyirlər. Qəbul edirik ki, İranın Dağlıq Qarabağ problemilə bağlı fərqli bir yanaşması var. Bu yaxınlarda Ermənistanla İran arasında viza rejiminin ləğv edilməsi də deyilənə sübutdur. Ancaq bu heç də o anlama gəlmir ki, İran 5 rayonun qaytarılmasına açıq formada etiraz etsin. İrəli sürülən arqument inandırıcı deyil. İddiaya görə, İran şimal sərhədi yaxınlığında mövqe dəyişikliyi istəmir. Rayonları qaytarmaq heç də o anlama gəlmir ki, bununla İranın ərazi bütövlüyünə xələl gələ bilər. Uzun illərdir İran həmin ərazidə bizimlə həmsərhəd olub. Onda hansısa narahatlıq olubmu? Hazırda da həmin ərazilər Azərbaycana aiddir, amma reallıqda Ermənistanın nəzarətindədir. Əslində İran sərhədindəki işğal faktoruna etiraz səsini ucaltmalıdır. Hesab edirəm ki, bu, Ermənistan tərəfdən məqsədli şəkildə ortaya atılan növbəti təxribatdır. Məqsəd İranla Azərbaycanın arasında sərinlik yaratmaqdır. İran dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Xaricdə attestatla təhsil alanların diplomu tanınır?

Xarici ali təhsil müəssisələrində təhsil alanlar  ixtisaslarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi …

Bir cavab yazın