Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ermənistandan Azərbaycana qarşı yönələn “ticarət təxribatı”

Ermənistandan Azərbaycana qarşı yönələn “ticarət təxribatı”

Arzu Nağıyev: “İki dövlət arasında müharibə vəziyyətidir və hər hansı bir müqavilə bağlanması da mümkünsüzdür”

Bu günlərdə Azərbaycan gömrükçüləri Gürcüstanla sərhəddə ölkəyə Ermənistan əriyinin gətirilməsinin qarşısının alındığını açıqladı. Dövlət Gömrük Komitəsinin yaydığı məlumatdan bəlli olurdu ki, erməni dilində dərc edilmiş qəzetlərlə qablaşdırılmış bir neçə ton əriyin Gürcüstan üzərindən Azərbaycana daxil olmasının qarşısı alınıb.

Gömrükçülər əriyin erməni mənşəli olmasını, təbii ki, qəzetdən biliblər. Çünki meyvənin hansı ölkədə yetişdirildiyini müəyyən etmək çətindir. Bundan əvvəl də Ermənistan mənşəli müxtəlif malların, o cümlədən kənd təsərrüfatı məhsullarının, siqaretin və spirtli içkilərin Gürcüstan üzərindən Azərbaycana keçirilməsi hallarına rast gəlinib. Eləcə də Azərbaycan mənşəli malların, məsələn, “Azərsun”un istehsal etdiyi çayların Gürcüstan üzərindən Ermənistana daşınması və satılması halları məlumdur. Belə görünür ki, mümkün olur. Ermənistanda dərc edilən “Dördüncü hakimiyyət” qəzetinin yazdığına görə, düşmən ölkənin Statistika Xidmətinin məlumatlarında Azərbaycandan mal ixracına dair məlumata rast gəlmək olar.

Doğrudur, Azərbaycandan idxal edilən malların həcmi çox cüzidir, lakin faktın özü maraqlıdır. Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair fakt bu ölkənin Maliyyə Nazirliyinin gömrük xidmətinin 2014-cü ilə dair hesabatında yer alıb. Orada göstərilir ki, Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib. Malın nədən ibarət olduğu hesabatda göstərilmir, ancaq ehtimal edilir ki, söhbət xalçadan gedir. Yeri gəlmişkən, qəzet yazır ki, Azərbaycandan Ermənistana 2011-ci ildə 8,5 min dollarlıq xalça idxal edilib.

Aydındır ki, erməni mənbələrinin ölkəmizlə onlar arasında ticarət əlaqələrinin olmasına dair verdiyi açıqlamalar cəfəngiyatdır. Çünki Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə Azərbaycanın onlarla hansısa formada ticarət əlaqələri qurması absurddur.

Bəs erməni mənbələri niyə belə məlumatın yayılmasında maraqlıdır?

Təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev məsələ ilə bağlı bunları bildirdi: “Bir vaxtlar iddia edirdilər ki, Azərbaycan qazı, neft məhsulları, guya Ermənistana ixrac edilir. Dəqiq araşdırmalardan sonra məlum oldu ki,Gürcüstana satılan hər hansı bir məhsul sonradan müəyyən gürcü firmaları vasitəsilə ermənilərə verilir. Yəni bu ticari əlaqələr heç vaxt birbaşa ola bilməz. Çünki iki dövlət arasında müharibə vəziyyətidir və hər hansı bir müqavilə bağlanması da mümkünsüzdür. Bu ancaq qaçaqmalçılıq yolu ilə Gürcüstan, İran və ya digər dövlətlər vasitəsilə ola bilər. Məlumatlar da təxribat xarakterlidir, çünki bu məlumatlardan sonra müəyyən şübhələr yaranır.Araşdırmalar başlanır,yəni bunların hamısı bir çox dövlət strukturlarına inamsızlığı artırır. İddia edən tərəf ortalığa fakt qoymalıdır, lakin bu məsələlər, təbii ki, iddiadan o yana keçmir…”.

Dövlət Gömrük Komitəsi (DGK) də Azərbaycandan Ermənistana mal ixracına dair məlumatlarla bağlı açıqlama yayıb. DGK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açıqlamada bildirilir ki, son günlər bəzi yerli KİV-də Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair məlumat yer alıb. “Orada göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir”, – deyə DGK-nın mətbuat xidmətinin açıqlamasında bildirilir.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Çovdarovların “Vosmoy bazarı”na dair iddiası təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq generalı Akif Çovdarovun cinayət işi üzrə …

Bir cavab yazın