Vüqar Qədirov: “Qərbin özü səsini çıxarmırsa, Ermənistanın qərbpərəst müxalifəti nə edə bilər ki?”
Noyabr ayı Dağlıq Qarabağ münaqişəsinə dair bir neçə hadisə ilə yadda qaldı. Ayın əvvəlində Azərbaycan Ordusu irimiqyaslı hərbi təlimlərə başladı.
Prezident İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda-idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən Ermənistanın işğal etdiyi torpaqların azad ediləcəyini bir daha vurğulayıb və bu ilin aprelindəki dördgünlük döyüşləri xatırladaraq bildirib ki, Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlər keçirdiyi günlərdə isə Rusiya və Ermənistanın Qafqazda kollektiv təhlükəsizlik zonası çərçivəsində birgə ordu yaradacaqları açıqlandı. Rusiya prezidenti Vladimir Putinə təqdim olunan layihədə birgə ordunun Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılacağı qeyd olunub. Müqavilənin 5 il müddətinə imzalandığı və tərəflərin müddəti artırmaq ehtimallarının da olduğu vurğulanıb. Sənədin layihəsinə əsasən, bu ölkələrdən birinə silahlı hücum olarsa, o biri bunun qarşısının alınmasında iştirak edəcək. Bu orduya Ermənistanın ali baş komandanı komandanlıq edəcək. Bununla belə, ordunun fəaliyyəti məsələsində Rusiya ali baş komandanı ilə məsləhətləşəcək. Daha doğrusu, Ermənistan ali baş komandanı bu orduya formal olaraq, gözdən pərdə asmaq xatirinə rəhbərlik edəcək, bütün məsələlər Moskva tərəfindən tənzimlənəcək. Bu, faktiki olaraq, onsuz da müstəqilliyindən əsər-əlamət qalmayan Ermənistanın bir daha ilhaq olunması anlamına gələ bilər. Ancaq maraqlıdır ki, Ermənistanda fəaliyyət göstərən qərbyönümlü müxalifətin bu məsələyə reaksiyası olduqca zəif oldu. Səbəb nədir?
Politoloq Vüqar Qədirov “Bakı-Xəbər”-ə bildirib ki, Ermənistanın düşdüyü real vəziyyət yalnız həmin ölkədə olan müxalifətə deyil, Qərb ölkələri, o cümlədən ABŞ, Fransa və Almaniya üçün də narahatlıq yaratmalıdır: “Çünki Ermənistan NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına qatılıb, Avropa İttifaqının “Şərq Tərəfdaşlıq Proqramı”nın üzvüdür. Başqa sözlə, İrəvan bir yandan özünü Qərbə inteqrasiya edən ölkə kimi göstərir, o biri yandan isə Qərbin rəqibi ilə Qafqazda birgə ordu yaradır.
Əsas sual budur – Rusiya bu anlaşmadan necə və kimə qarşı istifadə edəcək?! Heç şübhəsiz, bu, ilk növbədə, Qafqazda Qərblə maraqları üst-üstə düşənlərə, yaxud onunla strateji müttəfiq olanlara qarşı yönəlib. Etiraf etmək lazımdır ki, Cənubi Qafqazdakı dövlətlər Rusiyadan güclü deyil. Bu baxımdan rus-erməni birgə ordusu ilk növbədə Qərbin maraqlarına qarşı yaradılıb. Nəzərə almaq lazımdır ki, Rusiya NATO-nun Avropada Şərqə doğru genişləndiyini görür və bundan ciddi narahat olur.
Bundan başqa, Ermənistan Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqdir. Belə bir ordunun yaradılması bir daha sübut edir ki, Azərbaycan torpaqlarını Ermənistan təkbaşına işğal altında saxlaya bilməz.
Ermənistanda avtoritar rejim hakimiyyətdə olduğu üçün müxalifət çox zəifdir. Onları hərəkətə gətirmək üçün Qərbin dəstəyi lazımdır. Qərbin özü səsini çıxarmırsa, Ermənistanın qərbpərəst müxalifəti nə edə bilər ki?”.
Məhəmmədəli QƏRİBLİ