Ana səhifə / Cəmiyyət / Elxan Şükürlü: “Razılaşma Rusiya ilə İranı Cənubi Qafqazda toqquşduracaq”

Elxan Şükürlü: “Razılaşma Rusiya ilə İranı Cənubi Qafqazda toqquşduracaq”

İranla “Altılıq” ölkələri arasında razılaşma dünyanın geopolitik və geoiqtisadi düzəninə təsir edəcək əhəmiyyətli hadisələrdəndir və bunun xüsusən Cənubi Qafqaz regionuna təsirini çox yaxın zamanlarda görəcəyik.

Bu fikirləri “Sputnik”- ə açıqlamasında “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin rəhbəri,  siyasi ekspert Elxan Şükürlü bu gün İranla “Altılıq” arasında əldə olunan razılaşmaya münasibət bildirərkən deyib.

Şükürlünün sözlərinə görə, bu gün imzalanan şərtlərin qüvvəyə minməsi üçün BMT-nin təsdiqi və 90 gün aralıq zaman tələb olunsa da, bu razılaşmanın dünya iqtisadiyyatına və siyasətinə təsiri dərhal hiss ediləcək: “Razılaşma, ilk növbədə, neftin qiymətinin sürətlə aşağı düşməsinə səbəb olmaqla, ABŞ-ın uzun müddətdir həyata keçirdiyi qlobal siyasəti gücləndirəcək və xüsusən Rusiyanın mövqeyinə ciddi zərbə vuracaq. Üstəlik, bu hadisə İran diplomatiyasının uğuru sayılmaqla, bizim regionda – Cənubi Qafqazda da psixoloji üstünlüyün rəsmi Tehranın əlinə keçməsinə yardım edəcək. Gözləmək olar ki, İran tezliklə Cənubi Qafqazda da xeyli fəallaşacaq və regionda bu fəallıq bir müddət sonra, onu Rusiya ilə toqquşduracaq”.

Şükürlünün təxminlərinə görə, İranla razılaşma dünyanın enerji xəritəsində də dəyişikliklərə gətirib çıxara bilər: “Bu razılaşma gələcəkdə İranın əsas enerji layihələrində iştirakına, həmçinin zəngin neft və qaz yataqlarının Qərb şirkətləriylə birgə işlənməsi və Avropaya nəqli imkanlarına da yeni töhfələr verəcək. Eyni zamanda, daha sərfəli variantlardan biri kimi, Xəzərin və Mərkəzi Asiyanın enerji ehtiyatlarının Fars Körfəzi istiqamətində nəqli məsələsi də gündəliyə gətiriləcək”.

Ekspert hesab edir ki, İranla razılaşma Suriya böranının həllində və İraqda sabitliyin əldə edilməsində də Qərb-İran dialoqunu yeni mərhələyə keçirəcək.

Bu razılaşmanın Azərbaycana təsirinə gəldikdəsə, Şükürlü bildirib ki, regionda Qərblə əməkdaşlığa açıq yeni güclü oyunçunun peyda olması Azərbaycanın işinə yarayacaq: “İndiyədək Azərbaycan Qərbin İrana qarşı planlarında əsas sərhəd-kəşfiyyat məntəqələrdən biri olub və indi münasibətlərin yumşaldılması, siyasi və iqtisadi baxımdan Azərbaycana daha çox sərfəlidir. Yəni, Qərb-İran münasibətlərinin yumşalması, istər-istəməz, din, dil və mədəniyyət baxımından ortaq dəyərləri bölüşən bu iki ölkəni – İranla Azərbaycanı da bir-birinə bütün istiqamətlər üzrə sürətlə yaxınlaşdıracaq. Bu yaxınlıq bizə təkcə iqtisadi baxımdan deyil, həm də Dağlıq Qarabağ məsələsində hərbi-diplomatik müstəvidə uğur qazanmaq sarıdan üstünlüklər yaradır. Əvvəla, Azərbaycanın işğal edilmiş ərazilərinin böyük bir hissəsi İranla həmsərhəddir. Digər tərəfdən, İran həm də Ermənistan iqtisadiyyatı üçün “nəfəslik”dir. Belə bir ölkəylə yaxınlıq Azərbaycana hava-su kimi lazımdır. Yəqin, bu yaxınlarda Tehran universitetinin 5 aliminin Dağlıq Qarabağla bağlı yaydıqları tədqiqat materialı ilə tanış oldunuz. Bu, bir mesaj idi ki, rəsmi Tehran Dağlıq Qarabağ məsələsində Azərbaycanı müdafiə edəcək. Əgər Azərbaycan diplomatiyası Rusiyanı qıcıqlandırmadan danışıqlar prosesinə Türkiyə və İranı cəlb edə bilsə, bu, məsələnin sülh yolu ilə xeyrimizə çözülməsində əhəmiyyətli irəliləyişlərə gətirib çıxara bilər. Çünki danışıqlarda sülhməramlı qüvvələr missiyasının kimlərdən ibarət olması məsələsi Rusiya, İran və Türkiyə arasında ciddi mübahisə predmetinə çevriləcək”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın