Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Elman Rüstəmov “çirkli pullar”ın yuyulmasında ittiham edilir?  

Elman Rüstəmov “çirkli pullar”ın yuyulmasında ittiham edilir?  

Baş bankirlə bağlı bir müddət əvvəl ortaya çıxarılmış şok faktlar niyə dəqiqliklə araşdırılmadı? Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmovun adı ilə bağlı kifayət qədər qalmaqallı məsələlər var. Xatırladaq ki, ötən ilin sonlarında bank rəhbərinin adı mətbuatın gündəminə daha çox gəlmiş və böyük maliyyə əməliyyatlarının iştirakçısı kimi göstərilmişdi. “2005-ci ilin dekabr günlərindən birində, dan yerinin sökülməsinə bir-iki saat qalmış Avstriya Mərkəzi bankının mavi xalatlı işçiləri 30 milyonluq əskinasları taxta paletlərin üstünə döşəməyə başladılar. Onlar Azərbaycan valyutası olan manat əskinaslarını, bu yükdən xəbərdar olanların dediklərinə görə, 38 tonluq maşınlara yükləyirdilər. Nömrəsiz BMW avtomobillərində polislərin müşayiət etdiyi bu karvan Vyananın çoxəsrlik tarixi olan kilsələrinin və Habsburq saraylarının yanından ötərək Slovakiya sərhədini keçdi və Bratislava aeroportuna gəldi. Burada sıx bürünmüş paletlər Azərbaycanın Xəzər dənizi sahillərində yerləşən paytaxtı Bakıya uçacaq təyyarəyə yükləndi”, deyə Bloomberg” saytının məlumatında bildirilirdi. Kit Chellel və Alexander Weber-in “Bloomberg” saytında dərc olunmuş məqaləsinin başlanğıcı detektiv romanlarını xatırlatsa da, materialda söhbət tamamilə real hadisələrdən gedir. “Bloomberg Markets” jurnalı ötən ilin dekabr ayında yazırdı ki, bu tranş sərt təhlükəsizlik tədbirlərinin müşayiəti ilə baş verən və beynəlxalq pul çapı ilə məşğul olan bazarın başqa tranşlarına bənzəyirdi. Lakin Avstriya prokurorları deyirlər ki, bu alqı-satqı Avstriya Mərkəzi Bankının rəsmiləri ilə onların Azərbaycandakı həmkarlarının, konkret olaraq Elman Rüstəmovun ortaq sövdələşməsinin bir hissəsi olub. Bu işlə əlaqədar doqquz nəfər rüşvət və “çirkli pullar”ın yuyulması ittihamları ilə mühakimə edilib. Müttəhimlər arasında Avstriya Mərkəzi Bankı – “Oesterreichische Nationalbank”ın pul çapı sahəsindəki podratçısı – “Oesterreichische Banknoten und Sicherheitsdruck GmbH” və ya qısaca OeBS şirkətinin icraçı rəhbərləri də olub. Avstriya prokurorluğu məlumat yayıb ki, mərkəzi bankın işçiləri sonradan rüşvət üçün istifadə olunacaq əlavə gəlir əldə etmək məqsədilə pul çapının xərclərini şişirdiblər. Prokurorluğun sənədlərinə əsasən pul çapı üçün müqaviləni qazanmaq məqsədilə Azərbaycan rəsmilərinin ofşor bank hesablarına, daha sonra isə Suriyanın Mərkəzi Bankındakı hesablara 14 milyon avro köçürülüb. Bu hadisələrdə MB sədrinin adı daha çox çəkilirdi. Sonradan Elman Rüstəmov özünü müdafiə etməyi bacardı. Bu söz-söhbətlər elə təzəcə səngimişdi ki, manatın devalvasiyası bank sədrinin adının yenidən ölkə mətbuatının gündəminə düşməsinə səbəb oldu. İctimaiyyət nümayəndələri, millət vəkilləri bank rəhbərinin ünvanına tənqidlər səsləndirdilər. Millət vəkili Vahid Əhmədov bildirdi ki, Mərkəzi Bankın son vaxtlar atdığı addımlar kosmetik xarakter daşıyır: “Ümumiyyətlə Mərkəzi Bank ölkənin bank sistemində ciddi islahatlar aparmalıdır. Xüsusilə bank sistemində yaranmış korrupsiya, problemli borcların günü-gündən artması təhlükəli vəziyyət yaradıb. Görün məsələ nə qədər böyüdüsə ölkə başçısı problemli kreditlərin qaytarılması üçün hüquq-mühafizə orqanlarına sərt göstərişlər verdi. Halbuki bütün bunları Mərkəzi Bankın özü tənzimləməliydi və belə bir acınacaqlı vəziyyətin yaranmasına yol verilməməliydi. O ki qaldı Mərkəzi Bankın 21 fevraldakı sərt devalvasiyasına, mən o vaxt da demişdim, yenə də təkrar edirəm ki, bu cür qəfil addımlar atılmasına ehtiyac yox idi. Daha doğrusu, bir il öncədən bu devalvasiyanı yumşaq şəkildə həyata keçirmək olardı. İndi də ikinci devalvasiyanın labüdlüyü məsələsi ortaya çıxıb və dünya bazarında neftin qiymətləri kəskin şəkildə aşağı düşür. Biz istəsək də, istəməsək də manatın kursunu sabit saxlamaq mümkün olmayacaq. Çünki inzibati yolla dövlət öz ehtiyatından külli miqdarda vəsait ayıraraq manatın məzənnəsini zorla saxlaya bilməyəcək. Ona görə də manatın məzənnəsini bazar qiymətlərinə gətirib çıxarmaq lazımdır”. Ekspert Əkrəm Həsənov da bank sədrinin fəaliyyətindəki nöqsanları qabartdı: “Təsadüfi deyil ki, onun son günlər manatın sabitliyi haqda verdiyi vədlərini vətəndaşlar yumorla və ya təşvişlə qarşılayır. Bununla belə, hər kəsin səhvlərindən ibrət alaraq müsbət tərəfə dəyişmək hüququ var. Lakin bunu qanunun pozulması yolu ilə etmək olmaz. Azərbaycanın bir nömrəli problemi qanunun aliliyi prinsipinə riayət edilməməsidir. Buna görə ən saf niyyətlər belə qanunun pozulması yolu ilə gerçəkləşdirilə bilməz. Bu gün yaxşı niyyətlə qanunu pozan, sabah pis niyyətlə də pozacaq. Mərkəzi Bankın fəaliyyəti buna bariz nümunədir. İndiyə qədər yol verdiyi qanun pozuntuları bir qayda olaraq pis niyyətlə edilib. Nəhayət ki, baş bankir qanunun onun üçün heç nə olduğunu özü də etiraf etdi. Onun qanunsuz göstərilşləri bankların gələcək əməliyyatlarına hesablanıb. Bununla belə, bu göstərişlər bankların faiz dərəcələrinin və komisyon haqlarının indiyə qədər mövcud olmuş miqdarının ədalətsiz olduğundan irəli gəlir, elə deyilmi? Elədirsə, vətəndaşlarımız indiyə qədər alınmış kreditlər üzrə də komisyon haqların və faiz dərəcələrinin endirilməsini tələb edə bilər. Qanunun geriyə qüvvəsi yoxdur? Hansı qanunun? Rüstəmov özü də deyir ki, göstərişi qanunsuzdur. Burada artıq qanun işləmir. “Robin Qud” doktrinası işləyir. Bankların gəliri ədalətsiz olubsa, vətəndaşlara dəyən zərər aradan qaldırılmalıdır. Gəlir ədalətli olubsa, Rüstəmov indi niyə belə göstəriş verir?!”. Bu cür ciddi problemlərin yarandığı bir vaxtda baş bankirin ailə biznesini günbəgün genişləndirdiyi haqda da xəbərlər dolaşmaqdadır. Qəzetimizin .ötən saylarında Elman Rüstəmovun oğlunun və qızının xaricdəki biznes obyektləri haqda xəbər vermişik. Həmçinin bank sədrinin Azərbaycandakı iri obyektləri haqda da dəfələrlə danışmışıq. Təəssüflər olsun ki, MB sədri barəsində yazılanlara heç bir reaksiya vermir və necə deyərlər, öz işindədir. Bu arada, onu da vurğulayaq ki, Azərbaycan Mərkəzi Bankı nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobillərinin alışına dair tender elan edib. Bankın tender elanında qeyd edilir ki, birinci tender üzrə təkliflərin qəbulu sentyabrın 14-də başa çatıb. Lakin “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə əsasən, tender iştirakçılarının sayı 3-dən az olduğuna görə AMB bu tenderi baş tutmamış hesab edib. Tenderdə iştirak haqqı 150 manat təşkil edir. Təkliflər noyabrın 4-dək qəbul ediləcək. Təkliflərin açılması proseduru noyabrın 5-də keçiriləcək. Tenderin şərtlərinə əsasən, inkassasiya avtomobilləri müqavilənin imzalandığı gündən etibarən 150 təqvim günü ərzində AMB-yə təqdim edilməlidir. Özəl mənbələrin bildirdiyinə görə, hazırda bankın balansında kifayət qədər nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobilləri var: “Baş bankir sadəcə olaraq şəxsi maliyyə gəlirlərini artırmaq üçün belə bir addım atıb. Əslində, banka avtomobil lazım deyil. Sənəd üzərində aparılan əməliyyatlar son nəticədə dövlətimizin büdcəsinə ziyan vurur. Aidiyyəti üzrə araşdırma aparılsa, bankdakı maşınların hələ artıq olduğu müəyyənləşər”. Gələn saylarımızda baş bankirə məxsus olduğu bildirilən “Planet” şadlıq sarayı, “Subaru”, “Bakı İnvest Holdinq”, “Bakı Sığorta”, “Səba broyler”, “Honda”, “Mitsubishi”, “Bakı taksi”, “Bank Respublika”, köhnə “Şüşəli Bazar” ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanının səfirliyinə kirayə verilmiş malikanələr haqda şok faktları açıqlayacağıq. Həmçinin bir neçə il öncəyə, daha dəqiq desək, 2004-cü ilin sonlarına qayıdıb Hacı Məmmədovun Elman Rüstəmova vurduğu ziyan, baş bankirin hansı yaxın qohumunun oğurlanması və 3 milyonluq anlaşma barədə də maraqlı məqamları açıqlayacağıq. Bizi izləməyə davam edin. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

gundelikbaku.com

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın