Şənbə , Dekabr 3 2022
Ana səhifə / Cəmiyyət / “Elm meyxanadan da aşağı səviyyəyə salınıb” – AMEA-da nə baş verir?

“Elm meyxanadan da aşağı səviyyəyə salınıb” – AMEA-da nə baş verir?

“Əgər elmi nəticələr sənayedə tətbiq olunmursa, deməli, burada struktur düzgün qurulmayıb”.

Bu fikirləri AzTV-nin Milli Elmlər Akademiyası (AMEA) haqqında tənqidi süjet yayımlamasının Akademiyanın ləğv edilməsinə, yaxud da həmin qurumda ciddi islahatlar aparılmasına hazırlıq olub-olmadığını dəyərləndirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, AMEA-da struktur, idarəetmə, maliyyə və ən çox da kadr siyasəti çox qüsurludur:

“Dövlət televiziyasında AMEA haqqında belə bir süjetin hazırlanması qeyd etdiyiniz hər iki variantla əsaslandırıla bilər. Amma mən bunun AMEA-da köklü islahatlar aparılması niyyətindən irəli gəldiyinə inanmaq istərdim. Çünki bu daha uyğun olardı.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, postsovet məkanında sovet dövründə yaradılmış elmlər akademiyası kimi qurumlar çoxdan digər dövlət strukturlarına inteqrasiya olunublar. Onların bəziləri Təhsil Nazirliyinə, digərləri isə başqa qurumlarla birləşdiriliblər.

AMEA-nın struktur, idarəetmə, maliyyə və ən çox da kadr siyasəti baxımından çox qüsurlu olduğu açıq-aşkar görünürdü. Ən adi bir misal: biz 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazandıq. Ancaq bizim hansı akademik, ya da Akademiyanın müxbir üzvü bu barədə konseptual bir məqalə ilə çıxış etdi?

COVID pandemiyası dövründə AMEA-nın alimləri bununla bağlı nə iş gördülər? Oradakı alimlər “Beşinci kolon” haqqında niyə bir kəlmə danışmırlar?

Bununla bərabər, Akademiyada çox dəyərli, faydalı alimlərin olduğu da qeyd edilməlidir. Ancaq çox təəssüf ki, o alimlərin əldə etdikləri nəticələr sənayedə tətbiq olunmur, ölkəyə, əhaliyə fayda gətirmir. Əgər elmi nəticələr sənayedə tətbiq olunmursa, deməli, burada struktur düzgün qurulmayıb. Ona görə də, alimlər sanki cəmiyyətdən təcrid olunmuş vəziyyətə düşüb.

İndi elmi elə kölgəyə salıblar ki, bu sahə hətta meyxanadan da aşağı səviyyədədir. Belə olmaz axı… Yenə qələbəmizə qayıdıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün qazilərimizə cansağlığı versin. Bu qələbəmizdə texnologiyanın nə qədər mühüm rol oynadığını izah etmək bəlkə də artıqdır.

Baxın, Türkiyə kosmik dövlətə çevrildikdən, “Bayraktar”larla özünü təsdiqlədikdən sonra Ərdoğan “Dünya beşdən böyükdür” iddiasını ortaya qoydu. Ona görə də, bizdə elmə göstərilən bu laqeydlik məni çox ağrıdır. Dövlət büdcəsindən elmə cəmi 0,2 faiz pul ayrılır. Bununla elmi necə inkişaf etdirmək olar?”

Həmçinin oxuyun

“Tərtər işi”ni araşdıran hüquqşünasın azadlığa çıxmasına 1 həftə qalmış həbs müddəti artırıldı

2017-ci ildə yüzlərlə hərbçinin işgəncəyə məruz qalması və nəticədə onlardan bir qisminin işgəncə nəticəsində ölməsinə …