Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?”

İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra – mayın 2-də həbs edilən Famil Xəlilovun istintaq dövründə azadlıqda qalması üçün apelyasiya şikayəti verilib. Şikayət Binəqədi Rayon Məhkəməsinin qərarındandır. Həmin qərara əsasən, ilkin istintaq dövrü üçün Famil Xəlilov haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərardan verilmiş şikayətə mayın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Birinci qrup əlil – hər iki qolu iflic olan Famil Xəlilovun vəziyyəti məhkəmədə pisləşib. O, qısaca çıxışında təqsirsiz olduğunu, narkotikin ona heç bir aidiyyəti olmadığını bildirib.

Müstəntiq çıxışında Famil Xəlilovun həbsdən buraxılmasına etiraz edib. O bildirib ki, Famil Xəlilovun həbsi üçün olan əsaslar aradan qalxmayıb, ona görə buraxılmamalıdır. Müstəntiq iddia edib ki, azadlığa buraxılsa, istintaqdan yayına bilər, şahidlərə təsir göstərmək ehtimalı var və s.

Onun vəkili Bəhruz Bayramov isə əksinə, bildirib ki, Famil Xəlilovun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Müvəkkilinə qarşı narkotik ittihamının qanunsuz və əsassız olduğunu vurğulayan vəkilin sözlərinə görə, onun fiziki durumu da həbsdə saxlanmasına imkan vermir.
Famil Xəlilovun cibindən narkotik tapılması haqda danışan vəkil bildirib ki, bu absurddur:

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?”

Bəhruz Bayramov əlavə edib ki, müvəkkili ən adi ehtiyaclarının ödənilməsi üçün baxıma möhtacdır:

“Onu yedirmək, geyindirmək üçün kiminsə köməyi lazımdır…”.

Apelyasiya məhkəməsinin hakimləri şikayəti təmin etməyib – Binəqədi Rayon Məhkəməsinin həbs qərarı qüvvədə saxlanıb.

Vəkil Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, Famil Xəlilovun ev dustaqlığına buraxılması üçün vəsatət verəcək:

“Onun durumu acınacaqlıdır, bu vəziyyətdə adamı necə həbsdə saxlamaq olar?!”

34 yaşlı Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Həyat yoldaşı Kiçikxanım Xəlilova da narkotik ittihamının saxta olduğunu deyir. O bildirir ki, həyat yoldaşı sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, hökumətdən, şəxsən dövlət başçısı İlham Əliyevdən insanların hüquq və azadlıqlarına hörmət tələb etdiyinə görə şərlənərək həbs edilib.

Birinci qrup əlil olan Famil Xəlilov mayın 2-də saxlanılıb. Həyat yoldaşı deyir ki, həmin gün Sulutəpə qəsəbəsində kirayə yaşadıqları evə 10 nəfərdən çox polis əməkdaşı gələrək, Famil Xəlilovu zorla sürüyüb aparıblar:

“Famil birinci qrup əlildir, qollarının hər ikisi iflicdir. O yemək, geyinmək, bir sözlə, bütün ehtiyaclarını mənim köməyimlə qarşılayır. Elə polislər evimizə basqın eləyəndə də onu hamamda yuyundururdum, qapı döyüləndə qızım açıb. Qırmızı-qırmızı yalan danışırlar ki, guya evdən narkotik tapıblar…”.

Kiçikxanım Xəlilova deyir ki, əgər narkotikə görə gəlmişdilərsə, o zaman kompüteri aparmazdılar. Onun sözlərinə görə, ardınca onu və uşaqlarını də Binəqədi rayonu, 40-cı polis bölməsinə aparıblar. Orada onlardan telefonlar və kompüterə giriş kodlarını tələb ediblər:

“Yoldaşım içəridə idi, məni və 3 azyaşlı uşağı isə bölmənin həyətində saxladılar. Bir az keçəndən sonra gəlib qızım Qəməri apardılar. Guya atası deyib ki, kompüterin parolunu o bilir. Uşaq elə ağlayırdı…”

Famil Xəlilov həbs olunduğu gün – mayın 2-də onun sosial media hesablarındakı son paylaşımı hökumətdən uşaq pulu tələbilə bağlı olub.

Daxili İşlər Nazirliyi Famil Xəlilovun həbsilə bağlı həyat yoldaşının dediklərinə münasibət bildirməyib.

Hazırda onlarla ictimai-siyasi fəal narkotik ittihamıyla həbsdədir. Onlar bu ittihamı rədd edir, siyasi baxışlarına, ictimai fəaliyyətlərinə, hökumətin ünvanına tənqidlərinə görə narkotiklə şərlənərək cəzalandırıldıqlarını bildirirlər.

Lakin Daxili İşlər Nazirliyi ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edib. Nazirliyin mətbuat xidməti həbs olunanların konkret fakt əsasında saxlandıqlarını iddia edib.

Həmçinin oxuyun

NAZİR: Məktəblərdə yoxlamalar davamlı aparılacaq

Məktəblərdə yoxlamalar davamlı aparılacaq. Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O …