Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / ELDAR SABIROĞLU KİMİN ÜÇÜN “KİLLER”LİK EDİR?

ELDAR SABIROĞLU KİMİN ÜÇÜN “KİLLER”LİK EDİR?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq müdiri Ramiz Mehdiyevlə davasına qəzeti niyə qatır? AXCP-nin mətbuat orqanı ilə Səfər Əbiyevin gizli ittifaqında polkovnikin “ariyası”

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu ilə YAP-çı deputat Siyavuş Novruzov arasında başlayan qalmaqal pik həddə çatıb. E.Sabiroğlunun Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevi tənqid etməsi ilə başlayan narazılıq deputat tərəfindən yarımçıq dayandırılıb.

Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bir daha MN-in mətbuat xidmətinin keçmiş rəhbərinə cavab verməyəcəyini bildirib. Bununla belə, o, E.Sabiroğlunun vəzifədə işlədiyi dövrdə düşmənə məlumat ötürdüyünü istisna etmədiyini də qeyd edib.

Bu ittihamlarla bağlı E.Sabiroğlu mətbuata verdiyi son açıqlamada “Yeni Müsavat”ı da hədəfə alıb. Hakimiyyətin yüksək dairələrində təmsil olunan şəxsləri tənqid etməklə, bir nəticə qazanmadığını görən sabiq polkovnik bir mətbuat orqanının ünvanına iftiralar yağdırmaqla gündəmə gəlmək yolunu seçib. Onun açıqlamalarını AXCP-nin mətbuat orqanı olan “Azadlıq” qəzeti də həvəslə tirajlayıb.

Azər Ayxan: “Rahat ol və möhkəm dayan, igid polkovnik. Napoleon Bonapart köməyin olsun…”

E.Sabiroğlunun “Yeni Müsavat” barədə səsləndirdiyi ittihamları olduğu kimi təqdim edirik: “Müsavat.com-un bugünkü sayında mənim 3 gün əvvəl verdiyim müsahibəni tirajlamışdılar. Ramiz Mehdiyevə aid olan hissəni yazıdan götürmüşdülər. Qalan fikirlərim hamısı yerində idi. Təsəvvür edirsinizmi, hardasa səhvə yol verib, hakimiyyətin zirvəsi barədə bir söz işlətsəydim və ya bu mövqeni başqa birisi ifadə etmiş olsaydı, nöqtəsinə-vergülünə qədər hamısını dərc edəcəkdilər. Mən qibtə edirəm ”Yeni Müsavat”la Ramiz Mehdiyev ittifaqına…”.

E.Sabiroğlunun ittihamına “Yeni Müsavat”ın baş redaktorunun birinci müavini Azər Ayxandan münasibət öyrəndik: “Eldar Sabiroğlunun nəzərinə çatdırmaq istəyirəm ki, hansı yazını necə vermək həmin qəzetin, saytın işidir. Bunu KİV-dən birmənalı tələb etməyə nə hüquqi baza var, nə də digər öhdəliklər. Ramiz Mehdiyevi kimlərinsə tənqidindən qorumaq kimi öhdəliyimiz yoxdur. Əgər Eldar müəllim kimlərinsə qarşısında Administrasiya rəhbərini davamlı hədəfə almaq öhdəliyi götürübsə, hakimiyyətdaxili qrupların informasiya savaşında killer rolunu oynamaq vəzifəsini üstələnibsə, biz ”Yeni Müsavat” olaraq belə çirkin oyunlarda yoxuq. Qoy getsin bu işdə özünə başqa müttəfiqlər tapsın”.

A.Ayxan Eldar Sabiroğlunu 20 ilə yaxındır tanıdığını bildirdi: “Onunla 1996-97-ci illərdən tanışam. YAP hazırda ”Səs” qəzetinin redaksiyasını qərargah kimi istifadə etdiyi zamanlarda ondan açıqlamalar almışam jurnalist olaraq. Hələ o vaxtlar bu adamda bir maniya müşahidə etmişəm. Həddən artıq özündən razılıq var cənab polkovnikdə. İndi daha da qabağa gedib. Baxıram, artıq özünü Napoleonla filan müqayisə edir. Etsin, öz işidir, amma belə getsə, hörmətli Eldar müəllimə yaxşı bir psixiatr lazım olacaq. Onun hazırkı ruh halı məni çox narahat edir… İndidən ona “Allah köməyin olsun” deyirəm.

A.Ayxan dedi ki, “Azadlıq” qəzetinin E.Sabiroğluna tribuna verməsi də maraqlı məsələdir: “Mən ”Azadlıq”ı Səfər Əbiyevlə və iqtidardakı digər qrupla ittifaq qurması münasibətilə ürəkdən təbrik edirəm. Eldar Sabiroğlu da bu prosesdə sabiq müdafiə nazirinin, həmçinin hakimiyyətdaxili başqa bir qrupun əsas danışan dilidir. Danışsın. Susmasından danışması daha yaxşıdır. Ən azı arada biz qəzetçilərə mövzu verir bu açıqlamaları ilə. Amma hazırkı iqtidar o qədər də səbirli və demokratik deyil. Vaxtı ilə hakimiyyətdə vəzifə tutub sonra onu tənqid edənlərin aqibəti heç də yaxşı qurtarmır – ya türməyə düşürlər, ya mühacirətə yollanmağa məcbur olurlar. Biz hər iki halda Eldar müəllimə dəstək verməyə hazırıq – Allah qorusun, türməyə düşəcək olsa, məhkəməsindən geniş reportajlar dərc edəcəyimizə bəribaşdan söz verirəm. Mühacirətə üz tutsa, ordan yollayacağı məktubları böyük həvəslə çap edə bilərik. Hesab edirəm o, kifayət qədər məlumatlı adamdır. Rahat ol və möhkəm dayan, igid polkovnik… Napoleon Bonapart köməyin olsun”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın