Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Eldar Mahmudovu kimlər “öldürür”? – İDDİA

Eldar Mahmudovu kimlər “öldürür”? – İDDİA

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun növbəti dəfə ölüm xəbəri yayılıb. Bu dəfə də sabiq naziri ürək tutmasından “öldürüb”lər. Bu barədə xebervar.net saytı məlumat yayıb. Saytın verdiyi xəbərdə deyilir: “Milli təhlükəsizlik naziri Eldar Mahmudov ürək tutmasından dünyasını dəyişib. Vəzifədən çıxdıqdan sonra stress, fikir, qorxu keçirən Mahmudov ürək xəstəliyi tapıb və bu xəstəlikdən vəfat edib. Bununla bağlı hər hansı başqa mənbədən məlumat verilməyib”.

Bu sabiq nazirin ilk ölüm xəbəri deyil. Vəzifədən çıxarılandan sonra belə xəbərlər mətbuatda ara-sıra peyda olub. Eldar Mahmudovun ölüm xəbərini əsasən ölkənin aztirajlı saytları yayıb və yaymaqdadırlar.

Həmin saytlarda əvvəllər yayılan məlumatlarda deyilirdi ki, Eldar Mahmudovun yaşadığı bağ evində üstünə təcili tibbi yardım gəlib. Yaxın ətrafı həbs edildikdən sonra hər gün qorxu-stress içində yaşayan Eldar Mahmudov düşdüyü durumdan içki vasitəsilə çıxmağa çalışırmış. İçki aludəçisinə çevrilməsi də onun ürəyində olan problemləri artırıb. Sabiq nazirin səhhətində yaranan ciddi problemlər onun qəfil ürəktutmasına yaxalanmasına səbəb olub. Halı pisləşən Eldar Mahmudova ilkin tibbi yardım göstərilsə də onu ölümün pəncəsindən qurtarmaq mümkün olmayıb. Eldar Mahmudovun öldüyü haqda yayılan bu xəbəri hələlik başqa mənbələrdən, eləcə də rəsmi strukturlardan dəqiqləşdirmək mümkün olmayıb. Bununla belə, keçmiş milli təhlükəsizlik nazirinin faktiki olaraq ev dustaqlığı şəraitində saxlanıldığı və düşdüyü depressiya şəraitində hər gün içdiyi haqda daha əvvəl də məlumatlar daxil olurdu. Mənbələrə görə, Mahmudov həddən artıq spirtli içki içirdi və dəfələrlə bu səbəbdən halı pisləşirdi. Eldar Mahmudovun barəsində hər 2-3 aydan bir ölüm xəbərinin yayılmasını təsadüf hesab etmək sadəlöhvlük olardı.

Belə anlaşılır ki, yayılan xəbərlər sabiq nazirin özünün də maraqlarına uyğundur, habelə onu qoruyan əllərin də maraqlarını ifadə edir. Maraqlıdır ki, bu məlumatlar E.Mahmudovun cinayət xarakterli konkret əməllər törətməsi haqda həbsdə olan MTN generallarının onun əleyhinə ifadələr verəndən sonra ortaya çıxır. Sanki E.Mahmudov bu şəkildə, kiçik tirajlı media üzərindən olsa belə onu himayə edənlərə “öldüm, infarkt oldum” şəklində ismarışlar göndərir, dəstək vermələrini, köməklik göstərmələrini, hərəkətə keçməli olduqlarını bildirir. Nə də olmasa, ölüm xəbəri kimi ildırım sürəti ilə yayılan ikinci bir xəbər yoxdur. Yəni bu xəbərə kimsə “eşitmədim, məlumatsızam” şəkilində reaksiya verə bilmir. Söhbət Eldar Mahmudovdan gedirsə, xəbərin qısa zamanda böyük auditoriyanı əhatə edəcəyi də əvvəldən bəllidir. O da mümkündür ki, sabiq nazirin ölüm xəbərini bilərəkdən yayıb qəfil ölümünə kömək oluna biləcəyini işarə edib onu təzyiq altında saxlayırlar.
Nəzərə çatdıraq ki, növbəti “ölüm” xəbəri həm də Eldar Mahmudov prokurorluqda 3 dəfə dindiriləndən sonra yayıldı.

Görünən odur ki, Eldar Mahmudovun ətrafında gedən proseslər artıq gizli şəkildə aparılmır. Sabiq nazir 2 ildən artıq bir müddətdə müqavimət göstərib yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilsə də, artıq vəziyyət dəyişib. General Elçin Quliyev açıq mətnlə məhkəmədə dedi ki, iş yoldaşları olan Malik Mustafayevin qardaşı Mətləb Mustafayevin evinə silahı Eldar Mahmudovun göstərişi ilə qoyublar. Çox ciddi ittiham olmaqla yanaşı, sabiq nazirin qandallanması üçün əsas verən bir ifadədir. Qalır Eldar Mahmudovu özünün tabeçiliyində olmuş, onun əmrlərini yerinə yetirən generalı ilə üzləşdirib həbs etmək. Əslində isə sabiq nazirin həbsi üçün ortalıqda çox ciddi faktlar, dəlillər var.

Belə bir durumda sabiq nazirin ölüm xəbərlərinin bir-birini əvəzləməsi Eldar Mahmudovun dərhal ciddi nəzarətə götürülməsini diqtə edir. Sabiq nazir “MTN işi”nin əsas fiqurudur. Bu baxımdan onun dünyasını dəyişməsi bir çox tərəflərin maraqlarına cavab verir. E.Mahmudov həqiqətən qəfil öləcəksə, onun rəhbərliyi altında baş verən cinayətlərin izi də itib batacaq. Bunda da maraqlı qüvvələr olmamış deyil. \\musavat.com\\

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …