Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Cəmiyyət / Ekspertdən deputatın “ölkədə “qırmızı diplom”un heç bir önəmi yoxdur” fikrinə ilginc reaksiya

Ekspertdən deputatın “ölkədə “qırmızı diplom”un heç bir önəmi yoxdur” fikrinə ilginc reaksiya

“Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazır”

“Bir qızın ali məktəbdə dörd il müddətində bütün qiymətləri “5”dir. Qəbula yaxınlaşıb ki, qorxuram dövlət imtahanında balımı kəsərlər, amma mən ali məktəbi “qırmızı diplom”la bitirmək istəyirəm. Maraqlandım ki, bu qız universiteti “qırmızı diplom”la bitirdi. Axı bu diplom ona nə əlavə üstünlük verir?! Araşdırdım ki, ölkədə “qırımızı diplom”un heç bir önəmi yoxdur”.

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin  iclasında millət vəkili Rauf Əliyev deyib.

“Bu isə tələbələr arasında rəqabətsizliyə gətirib çıxarır. Düşünürəm ki, bu məsələ ictimailəşməlidir. Təhsil Nazirliyinə zəng edirsən ki, belə bir problem var, cavab verirlər ki, bizlik deyil. Sizlik deyilsə, kim baxır bu məsələyə? Məktəb direktorları ilə bağlı bir məsələ var: onu tutdular, bunu tutdular, orada rüşvətxorluq, burada korrupsiya. Bəs təhsil nə zaman veriləcək?”, – deyə deputat sual edib.

Rauf Əliyev “qırmızı diplom”ların necə alınmasını, onu alan şəxslərin biliklərinin yoxlanılmasını da təklif edib:

 “Əvvəllər qızıl medalla bitirən, əlaçı uşaqları imtahansız qəbul edirdilər. Universiteti qırmızı diplomla bitirənlərə hansısa maraq var idi, dövlət qurumları buna çox böyük diqqət yönəldirdilər. Bir çox ölkələrdə reytinqi yüksək olan təhsil ocaqlarını bitirən uşaqların bir çoxunu artıq dövlət qurumlarında və özəl sektorda nəzarətə götürürlər və hələ universiteti bitirmədən onlara təkliflər gəlir. Hətta NASA-nın da belə layihəsi var. Bu qurumlar uşaqlara təklif edir ki, təhsil haqqını ödəsinlər və onlar universiteti bitirəndə həmin qurumda işləsin. Digər tərəfdən, “qırmızı diplom”u necə almaları, hansısa formada onların bilikləri yoxlanılmalıdır. Bilmək lazımdır ki, doğrudan bu diplom real diplomdurmu? Bizdə əvvəllər təhsil ocaqları var idi ki, orada təhsilin necə keçirilməsi bizə məlumdur. Sağ olsun, Prezident onları ləğv etdi”.

Bəs Azərbaycanda “qırmızı diplom” almaq üçün hansı şərtlər tələb olunur? Ekspertlər deputatın “ölkədə “qırımızı diplom”un heç bir önəmi yoxdur” fikirləri ilə razılaşırmı?

Distant təhsilə keçmək həll deyil, şagirdlərin tətilə ehtiyacı var" - Kamran  Əsədov

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Bu gün ali təhsil əldə etmək məsələsi olduqca vacibdir. “Qırmızı diplom” almaq üçün Nazirlər Kabineti tərəfindən  müəyyən edilən şərtlərə cavab verməlisən.

Qaydalara görə, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir.

Etiraf edək ki, ali məktəbləri fərqlənmə ilə bitirən şəxslər yüksək bilik və peşə vərdişlərinə yiyələnmiş orta mütəxəssislər hesab olunurlar.

Sözsüz ki, əmək bazarında onların üstün mövqeyi də qorunur. Çünki hər hansı bir müəssisə yüksək qabiliyyətli , bacarıqlı insanların çalışmasına üstünlük verir. Bu mənada indiyə qədər ali məktəbi fərqlənmə ilə bitirən adamların cəmiyyətdə aldıqları bilikləri doğrultduqlarını görürəm. Onlara inam və etibar əksər hallarda özünü təsdiq edir. O cümlədən ali məktəblərin də imici qorunur.

Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində “qırmızı diplom”un sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə 1 kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta siz magistratura pilləsində təhsil alsanız belə, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu, fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur”.

Ekspert qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində diplomlar bala görə müəyyən olunur:

“Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil”.

Kamran Əsədov da vurğulayıb ki, Azərbaycanda “qırmızı diplom”un heç bir özəlliyi yoxdur:

“Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq “qırmızı diplom”un heç bir özəlliyi yoxdur.

Əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də “qırmızı diplom” digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı diplom” əmək bazarında heç bir üstünlük təmin etmir.

Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda  tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq, hələ də “qırmızı diplom” verilir.

Hesab edirəm ki, diplomun rənginin xüsusi bir önəmi yoxdur. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil özü bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir.

Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”.

Həmçinin oxuyun

İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı …