Ana səhifə / Cəmiyyət /  Eks-prezident oliqarx Musa Pənahovla qudalığından danışdı

 Eks-prezident oliqarx Musa Pənahovla qudalığından danışdı

Moldovanın eks-prezidenti, kommunist Vladimir Voronin Azərbaycanın  nəqliyyat nazirinin müavini, “Dövlət Dəmir Yolları” ASC-nin keçmiş rəhbəri Musa Pənahovla qohumluq əlaqələrindən danışıb.

V.Voronin haqqin.az və virtualaz.org saytlarının xüsusi müxbirinə müsahibəsində deyib ki, bu qohumluq əlaqələrindən çox məmnundur. Xatırladaq ki, Musa Pənahovun oğlu Voroninin nəvəsi ilə evlənib.

Azərbaycanla münasibətlər haqda danışan Voronin deyib ki, Moldova Azərbaycana yalnız yaxşı mənada həsəd apara və onun uğurlarından sevinə bilər.

Sabiq prezident Moldovadakı Azərbaycan diasporunun üzvləri ilə ünsiyyətdə olduğunu deyib: “Çox talantlı, zəhmətkeş adamlardır. Onları Moldova cəmiyyətində yaxşı qəbul edirlər. Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bizimlə təmaslarda həmişə ünsiyyətcildir, gözəl və maraqlı insandır, elmlər doktorudur”.

V.Voronin Azərbaycanla Moldova arasında münasibətlərin bütün sahələrdə – həm rəsmi, həm də şəxslərarası əlaqələrdə inkişaf etdiyini deyib: “Mən hələ sovet illərindən Heydər Əliyevə böyük hörmətlə yanaşırdım, onu o vaxtlardan tanıyırdım. Yadımdadır ki, mən Sov.İKP MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında dinləyici olanda o vaxt SSRİ Nazirlər Sovetinin sədr müavini olan Heydər Əliyev bizim qarşımızda mühazirə ilə çıxış etdi. Çox dərin, hərtərəfli, böyük erudisiya və peşəkar hazırlıq nümayiş etdirən məruzə idi”.

Moldovanın eks-prezidenti daha sonra öz prezidentliyi dövründə  Azərbaycan prezidenti İlham Əliyevlə də yaxşı münasibətlər yaratdığını bildirib.

“O cümlədən Azərbaycanda bir çoxları ilə yaxşı münasibətlərim yarandı. Deməliyəm ki, mənim ailəm hazırda sizin ölkənizdə qohumlaşıblar. Bu, bizə çox xoşdur. Allah bizim gözəl ölkələrimizin bütün sakinləri kimi onlara da xoşbəxtlik və can sağlığı versin” – deyə Voronin bildirib.

Musa Pənahov

Xatırladaq ki, Voroninin nəvəsi ilə Azərbaycan oliqarxının oğlu 2011-ci ildə ailə qurublar. Onların toyu Bakıdakı “Buta Palace”də olub. Toy barədə o vaxt Moldova mətbuatı yazmışdı.

Azərbaycanlı oliqarxın oğlu Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladı ilə Fransanın elitar kurort zonası olan Lacivərd sahillərdə tanış olublar. Moldovanın eks-prezidentinin nəvəsi Katerina Voronina atasının 1 milyard dollarlıq sərvətinin yeganə varisi hesab edilir. O, Kişinyovda kollec bitirib, daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib.

Voroninin oğlu və Musa Pənahovun qudası olan Oleq Voronin bu keçmiş sovet respublikasında əsas gəlirli biznes sahələrinə nəzarət edir. Atasının prezidentliyi dövründə o, öz biznesini çiçəkləndirib, ölkənin bank sektorunda əhəmiyyətli iştirakını təmin edib və rəqiblərini sıxışdıraraq onların biznesini ələ keçirməyə nail olub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın