Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb”

“Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb”

Vətən müharibəsində qəhrəmancasına şəhid olan gizir Əmirli Tofiq Şəmsəddin oğlunun qəhrəmanlığından hamı danışır. Hətta qardaş Türkiyənin televiziya kanallarında da şəhid gizirimizin qəhrəmanlığından danışılıb.
Moderator.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsində şəhidimizin ailəsiylə görüşüb və atası Şəmsəddin və qardaşı Nicatla həmsöhbət olub:

Bizi şəhidimizin atası və yaxınları qarşıladı. Bu gün həm şəhidimizin, həm də anasının cümə axşamıydı. Söhbət zamanı məlum oldu ki, Tofiq şəhid olandan sonra anası Xatirə xanım da bu acıya dözməyərək dünyasını dəyişib. Şəhidimizin atası, coğrafiya müəllimi Şəmsəddin Əmirli Tofiqdən danışır:

“Tofiq 1992-ci il fevralın 27-də anadan olub. O, mənim ikinci övladımdır, Tofiqdən böyük qardaşı Nicat və kiçik bacısı var. Tofiq Milli Qəhrəman Vüqar Mürsəlov adına 1 saylı Göytəpə şəhər məktəbini bitirdikdən sonra hərbi xidmətə yolandı. Sərhəd Qoşunlarında xidmət edirdi. Hərbi xidmətini başa vurduqdan sonra işləmək üçün Rusiya Federasiyasına getdi. Daha sonra vətənə qayıdaraq sənədlərini yenidən Sərhəd Qoşunlarına verdi və gizir kimi işləməyə başladı. 2018-ci ildə kurs keçərək Xüsusi Təyinatlı Dəstədə xidmətə başladı. Özü snayperçi idi”.
Şəhidimizin atası deyir ki, Tofiqi evləndirmək istəsələr də, o, hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edib:

“Tofiqi evləndirmək istəyirdik, hər dəfə anası ona qız tapırdı, amma müxtəlif bəhanələrlə evlənməkdən imtina edirdi. Mən artıq bilirdim o, niyə evlənmir. Tofiq hər şeyi yaxşı bilirdi. Mən onun yaralı komandiriylə görüşdüm. Məlum oldu ki, Tofiq Cəbrayılın Minək kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Səngərdə susuz qalan əsgər yoldaşlarına 500 metr uzaqdan təhlükəli olsa da, su gətirib. Bu haqda komandiri mənə danışdı. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını doldurarkən ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı yaralansa da, Tofiq şəhid olub. Tofiq həm də yaralı hərbçi yoldaşının övladının kirvəsidir. Onlar dost idilər”.
Şəhid atası oğlunun şəhid olduğunu yuxuda gördüyünü deyir:
“Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da nəsə bilsin. Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah aşağı mərtəbədədir. Anasını yuxudan oyadırdım ki, silahın yerini desin, çünki düşmən yaxınlaşırdı. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi. Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, “şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə”. Amma elə belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi”.
“Tofiqin istədiyi evi ona tikəcəm…”

“Tofiq ev tikmək istəyirdi və ona görə qəsəbədə 10 sot torpaq aldı. Amma elə oldu ki, əmisinin darısqal evdə yaşadığını görüb buna dözmədi və torpağın 4 sotunu ona verdi. Amma evini tikə bilmədi. Mən ancaq onun arzusunda olduğu evi o torpaqda tikəcəm”.
Şəhid atası həyat yoldaşının qəfil dünyasını dəyişməsinə də məəttəl qaldıqlarını deyir:
“Anası mənə təsəlli verirdi, özü də ağlamırdı. Amma sən demə, bu dərdi içindən çəkirmiş. Bir dəfə qəfildən halı pisləşdi, həkimə apardıqdan sonra özünə gəldi. Amma ikinci dəfə oktyabrın 26-da onu həkimlərin müdaxiləsinə baxamayaraq həyata qaytara bilmədik. Elə onu da Tofiqin məzarı yanında dəfn etdik. Daha sonra eşitdim ki, anası namaz qılanda deyirmiş ki, “Allah, özümü öldürə bilmirəm, günahdır, sən özün məni öldür”. Bu gecə anası yuxuma girmişdi deyirdi ki, “nə var burda, gəl gedək şəhərə”. Həmişə deyirdi ki, “Tofiq ev tikəcək, mən də onunla qalacam”, elə də oldu, Tofiq ev tikdi, anası da onun yanına getdi. (Ağlayır)
Söhbətimizə şəhidimizin qardaşı Nicat  qoşulur:
“Tofiqlə sentyabrın 26-da danışdıq. Dedi ki, özünüzdən muğayat olun. Dedim ki, heç olmasa mən də gəlim, sənə kömək edərəm. O, gülərək dedi ki, “Nicat, sən elə atanın-ananın yanında ol”.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …