Ana səhifə / Cəmiyyət / Dollar təxribatçıları Bakıda yeni şayiə yaymağa başlayıb

Dollar təxribatçıları Bakıda yeni şayiə yaymağa başlayıb

Şayiənin arxasındakı mümkün iqtisadi, siyasi maraqları ekspertlə araşdırdıq

Qulu İbrahimov: “Bu kateqoriyanın marağı əhalinin hakimiyyətdən narazı qalmasına köklənib”

“Digər bir qismin isə iqtisadi maraqları var”
Son günlər manatın yenidən devalvasiya ediləcəyi barədə xəbərlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Valyutadəyişmə məntəqələrində müşahidə edilən ajiotaj qismən sakitləşsə də, gərginlik tam aradan qalxmayıb.
Mətbuatda son günlər baş verənlərlə bağlı maraqlı mülahizələr irəli sürülür. Qeyd edilir ki, Bakıda manatı qiymətdən salmaq istəyən müəyyən qüvvələr var və onlar əllərində olan nağd manat vəsaitlərini bazara ataraq süni ajiotaj yaradır. Bu ajiotaj nəticəsində sadə vətəndaşlar manatın yenə devalvasiyaya uğrayacağını düşünərək evdə olan bütün manat vəsaitlərini dollara çevirməyə çalışır.
Hətta dolların kursunun da müəyyən işbaz dairələr tərəfindən manipuliyasiya edildiyinə dair fikirlər səslənir. Ancaq biz apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, kursu oynatmaq o qədərdə asan məsələ deyil. Təcrübəli ekspertlərin fikrincə, Azərbaycan reallığında buna nail olmaq üçün, ən azı, 9 milyard pula malik olmalısan.
Ancaq dollarla bağlı şayiələr bitmək bilmir. İndi də dövriyyəyə belə bir şayiə buraxıblar ki, kursun sabit saxlanması müvəqqətidir və hökumət parlament seçkilərindən sonra kursu sərbəst buraxacaq. Yayılan şayiələrdə bildirilir ki, bunun da nəticəsində dolların qiyməti kəskin qalxacaq.
Son iki gündür ki, Azərbaycan bankları valyutadəyişmə məntəqələrində xarici valyutanın satışına limiti artırıb.
Bəzi kredit müəssisələri dolların alış limitini 2 mindən 5 min dollara kimi qaltırıb, başqaları isə limitsiz həcmdə valyuta dəyişməyə başlayıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata əsasən, AMB tərəfindən xarici valyutanın satışına heç bir limit qoyulmayıb: “Bu hər bir bankın daxili qərarıdır”.
Qonşu ölkələrdə devalvasiya proseslərinin səbəb olduğu ajiotajı və nağd xarici valyuta defisitini aradan qaldırmaq üçün AMB bankların dollar tələbatını lazımi həcmdə təmin edir.
Qeyd edək ki, AMB, sərəncamında olan valyuta ehtiyatlarının azalmasına rəğmən, manatın məzənnəsini sabit saxlamağa çalışır. Belədirsə, dollar ajiotajına səbəb olan şayiələri kim yayır və bu məsələnin arxasında duran qüvvənin hansı siyasi və ya iqtisadi marağı ola bilər?
İqtisadçı Qulu İbrahimov qəzetimizə açıqlamasında bildirdi ki, dollarla bağlı yaranan defisitin bir sıra obyektiv səbəbləri var:

“Birincisi, bu, dünyada gedən iqtisadi böhran təzahürlərilə bağlıdır ki, onun da təsiri bizə sirayət edir. İkincisi neftin qiymətinin aşağı düşməsidir. Bizim iqtisadiyyatımız neft amilindən çox asılıdır. Bu səbəbdən də büdcəyə daxilolmalar azalır. Məlumdur ki, Mərkəzi Bank dolların kursunu stabil saxlamaq üçün külli miqdarda pul xərcləyirdi. Rezervin azalması Mərkəzi Bankı bir qədər qənaətçil davranmağa vadar etdi. Bunun da nəticəsində kursda oynamalar baş verir. Təbiidir ki, bu məsələdə panikanın da böyük rolu olur. Məqsədli şəkildə bədbin proqnozlar verilir.
Təəssüflər olsun ki, belə kampaniyada bəzi media orqanları və müstəqil ekspertlər də yaxından iştirak edir. Bədbin proqnoz verən, əhalinin təşvişə salan iqtisadçıların kimliyinə fikir verdikdə hər şey aydın olur. Əsasən müxalifət cəbhəsini təmsil edənlərdir.
Demək, siyasi maraq daha önə çəkilir. Bu kateqoriyanın marağı əhalinin hakimiyyətdən narazı qalmasına köklənib. Digər bir qismin isə iqtisadi maraqları var. Həmin panik durumdan istifadə edərək məzənnə dəyişiklyindən öz mənfəətlərini götürürlər”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın