Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Cəmiyyət / Doğum günün mübarək, Cəlal müəllim!

Doğum günün mübarək, Cəlal müəllim!

İyunun 30-da onun 89 yaşı tamam olur.
Özü aramızda yoxdur, amma ruhən bizimlədir: dünyasını dəyişsə də, ötkəm, prinsipial qayğıkeş obrazı dəyişməz olaraq qalır.
Mən Cəlal müəllimi tanıdığım üçün həmişə qürur duymuşam. Onunla ünsiyyət mənim həyatımın ən canlı və yadda qalan xatirələrinə çevrilib.
Onun insani münasibətlərə dair birmənalı baxışları vardı.
Cəlal müəllim müdriklərdən birinin dostluq haqqında dediyi fikri müntəzəm xatırladırdı: ”Dostlarını tez-tez dəyişən adamın dostu olmaz”.

Əqidəsini, məsləkini maddi maraqlara qurban verənləri heç cür qəbul edə bilmirdi.
Deyirdi ki, əsl şəxsiyyət var-dövlətin, rəyasətin yox, həqiqətin yanında dayanmalıdır.
Mən onu həmişə belə gördüm: haqqın tərəfində ,mərd, mübariz və əyilməz …
Şəxsiyyətin yetişməsində ailənin böyük təsiri vardır.
Ailədəki mühit hər bir insanın gələcək həyat yolunu müəyyənləşdirir.
Ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələrin üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə və daxilindəki vətənpərvərlik hissi çulğaşaraq Cəlal Əliyevin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb.

Cəlal Əliyev Azərbaycan elminin əfsanələrindən biri sayılır.
Onun Müstəqil Azərbaycan elminin dünya miqyasında tanıdılmasında müstəsna xidmətləri vardır.
Onun ixtiraları, dəyərli elmi əsərləri, səmərəli təklifləri iqtisadiyyatla elmin vəhdətini təşkil edən fundamental konsepsiyalardır.
Elmi kəşfləri Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
Cəlal Əliyevin təməlini qoyduğu elmi məktəbin yetirmələri bu gün Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir.

Cəlal Əliyevin ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngindir.
Onun böyük alim kimi yüksək nüfuzu və nümunəvi vətəndaş mövqeyi ölkəmizin ictimai-siyasi həyatındakı coşqun fəaliyyəti ilə qırılmaz vəhdət təşkil edir.
Cəlal müəllim mübarizələrlə zəngin, hamıya örnək ola biləcək və fərqli bir ömür yaşayıb.
Hər elm adamına nəsib olmayan uğurlara imza atdı. 30 ilə yaxın bir müddətdə Əkinçilik institutunda kiçik, baş elmi işçi, bitkilərin fiziologiyası laboratoriyasının müdiri işləmişdi.
Onu yaxından tanıyanlar bilir ki, Cəlal müəllim çox sadə, hər cür dəbdəbədən, təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından 40 yaşına kimi başqa-başqa evlərdə yaşamışdı.
O, 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinə ünvanladığı ərizəsində yazırdı: “62 illik ömrüm boyu xalqa və vətənə təmənnasız xidmət göstərib, sağlamlığımı, firavanlığımı, ailəmin səadətini elmə fəda etmişəm.”

1987-i ildə siyasi bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin əleyhinə yönəlmiş kampaniya onun yaxınlarından yan keçmədi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz yazılar dərc edilməyə başladı. Həmin məqalələrdə kin-küdurət, fürsətkeşlik, intiqam hissi aşıb-daşırdı. “Pravda”,” Sovet kəndi” və başqa qəzetlərdə Heydər Əliyevə və onun qardaşlarına saysız-hesabsız böhtanlar yağdırılırdı. Heydər Əliyev isə bununla bağlı deyirdi ki, məni ittiham etmək üçün göstərmək istəyirdilər ki, mən öz qohumlarımı müxtəlif vəzifələrə qoymuşam: “Hansı vəzifələrə qoymuşam? Əgər mən onları nazir və ya raykom katibi , MK -da ,Nazirlər Sovetində, Ali Sovetin Rəyasət Heyətində vəzifələrə təyin etsəydim, bu başqa iş. Lakin mənim bütün qohumlarım elmi işçilərdir. Özü də onlar mən birinci katib olmamışdan əvvəl bu yolu seçmişdilər. Mən onları elmi işlərdən uzaqlaşdırmalıydım? “

Azərbaycan ictimaiyyətinin yaddaşında Cəlal Əliyev təkcə, böyük alim və ictimai xadim kimi həkk olunmayıb.
Azərbaycan cəmiyyəti onu Ümummilli liderimizin yaxın silahdaşı, əqidə yoldaşı, əvəzsiz xidmətləri olan milli mübariz kimi tanıyır.

Cəlal müəllimlə mənim tanışlığımın 35 illik tarixi var.
Cəlal müəllimin fədakarlığına heyran qalmaya bilmirdin. O zaman- zaman çətinliklərlə, məhrumiyyətlərlə üzləşib.
Haqsızlıqla qarşılaşıb, sıxışdırılıb, incidilib.
Bütün bunlara baxmayaraq, əqidəsindən bir addım belə geri çəkilməyib, tutduğu yola inanıb.
Mübarizəsini uğurla başa çatdırana kimi, sözün həqiqi mənasında
döyüşüb, vuruşub.

Cəlal Əliyev bütün qanı və canı ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyevə bağlıydı.
Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra onun ailə üzvlərinə qarşı ittifaq miqyasında və respublika rəhbərliyi səviyyəsində hücumlar başlayanda Cəlal Əliyev bütün zərbələri öz üzərinə götürərək həm Heydər Əliyevi mənəvi və fiziki təqiblərdən qorudu, həm də Heydər Əliyevi sevən insanları bir araya topladı.
O, respublikamızın müstəqilliyi və dövlətçiliyi təhlükə altında olanda Ümummilli liderin hakimiyyətə qayıdışı üçün həyatını təhlükəyə atan, ölümdən belə qorxmayan fədakarlığı və cəsarəti ilə neçə-neçə insana örnək olan, ictimai-siyasi hadisələrin mərkəzində olan şəxs idi .
O, həmin dövrdə qəzetlərdə yazılan böhtanların qarşısını cəsarətlə alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən geri çəkilmirdi.

Ulu öndərimizin tərəfdarları Cəlal müəllimi yeriyən, döyüşən, canlı “Heydər Əliyev mərkəzi” hesab edirdilər.
Cəlal Əliyev müəllim yeganə elm xadimidir ki, Sov İKP-nin rəsmən buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından çıxmaq haqqında qərar qəbul etmişdir.
O,1991-ci ildə Elmlər Akademiyasının partiya komitəsinə ərizə yazdı və partiyadan çıxdı. Onun yazdığı ərizənin mətni bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər Azərbaycan ziyalısıdır. Cəlal müəllim ərizədə yazırdı: “Bütün 62 illik ömrüm boyu xalqa, vətənə təmənnasız xidmət etmişəm. Sağlamlığımı, firəvanlığımı ailəmin səadətini elmə fəda etmişəm. Bəs nəticəsi nə olub? Partiya biletini özünə sipər edən cılız, ləyaqətsiz ünsürlərin təhqir və təqiblərinə məruz qalmışam. Bundan sonra partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə, günahsız qanlarda xalqın alçaldılmasında iştirakçı olmaq deməkdir, bu cinayətkar siyasətə tərəfdar çıxmaq deməkdir”.
Cəlal müəllim dayanmaq bilmirdi.

Yalnız bir dəfə, 1991-ci ildə mərkəzi mətbuatda çıxış etmək imkanı qazanmışdı. Moskvada nəşr edilən “Nezavisimaya qazeta” akademikin müsahibəsini vermişdi. Həmin müsahibədə Cəlal müəllim Heydər Əliyevin və onun yaxınlarının təqib edilməsinin səbəblərini izah etmiş, Vəzirov və onu əvəzləmiş Mütəllibovu ifşa etmişdi. Belə faktlar onlara, yüzlərlədir. Məsələn,1988-ci ildə Kommunist qəzetində” Qərəz çaşqınlığı” adlı böhtan dolu bir yazı çıxmışdı. Əlbəttə ki, bu yazı təsadüfi deyildi. Hadisələrin gedişini izləyəndə məlum olur ki, bir neçə- gün əvvəl Akademiya partiya təşkilatının konfransında tribunaya qalxan Cəlal Əliyev Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyevi tənqid edənləri mafiya üzvləri adlandırmışdı. Və elə buna görə də “Kommunist ” qəzeti Cəlal Əliyevi hədəf seçmişdi.
Cəlal Əliyev redaksiyalara, MK-ya göndərdiyi məktublarda çəkinmədən, birbaşa yazırdı ki, Heydər Əliyev haqqında mətbuatda gedən yazıların əsas səbəbkarı məhz Ə.Vəzirovdur.
Hətta bir dəfə Vəzirov Cəlal müəllimin evinə zəng vurub demişdi ki, Heydər Əliyev haqqında məqalələr yazılması üçün mən heç kimə tapşırıq-zad verməmişəm. Cəlal müəllimin dəyanəti Vəzirovu çıxılmaz vəziyyətə salırdı.

Elmlər Akademiyasının prezidenti Vəzirovun göstərişi ilə Cəlal müəllimdən xahiş edirdi ki, o Vəzirovu tənqid edən çıxışlarını dayandırsın.
O, cəsarətli çıxışlar edir, qardaşına onun ailəsinə yağan təhqirləri qəbul etmirdi. Amma onun çoxsaylı müraciətlərinin təkziblərinin heç biri o illərdə respublika mətbuatında dərc edilmədi.
Cəlal Əliyev Azərbaycanın nicatını Heydər Əliyevin Bakıya qayıtmasında və ölkəyə rəhbərlik etməsində görürdü.

 

O, özü qədər Heydərə Əliyevə sadiq olan insanlara müzakirələr açır, onun Bakıya qayıtması üçün çıxış yolu axtarırdı.
Yaxşı xatirimdədir, Cəlal müəllim Əjdər Xanbabayev, Aqil Əliyev və mənimlə (R.V) görüşündə bütün təhlükələrə baxmayaraq, qətiyyətlə Heydər Əliyevin Vətənə qayıtmasını israrla söyləyirdi.
(Bu yolda onun ən yaxın silahdaşı “Azərnəşr”in o dövrkü rəhbəri Əjdər Xanbabayev idi)
Əjdər müəllim Moskvaya, Heydər Əliyevə zəng vurub demişdi ki, burada Sizin gəlişinizə mane olurlar, amma Siz mütləq gəlməlisiniz, tərəfdarlarınız sizi Bakıda gözləyirlər.
Əjdər müəllim yenidən onunla yanvarın 30-da danışdı.
Cəlal müəllimlə Ə. Xanbabayev yenidən görüşürlər. Əjdər müəllim deyir ki, nə olur-olsun Heydər Əliyev mütləq gəlməlidir.

Ə.Xanbabyev neçə müddət idi ki, o “KQB” tərəfindən izlənilirdirdi.Həmin gün Ə.Xanbabayev dostunun evindən çıxarkən axşam saat 9 radələrində qətlə yetirildi).
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasında əvəzsiz xidmətləri olan Cəlal Əliyev partiyanın quruculuq işlərində fəal iştirak etmişdi. O YAP-ın “Qızıl Fondu”na adını yazdırmış nadir şəxsiyyətlərdəndir.
Onun qazandığı hər bir uğur, nailiyyət gecə-gündüz yorulmadan çəkdiyi zəhmətin, alın tərinin bəhrəsi olub. Onun dövlət və hakimiyyətdən heç bir təmənnası olmayıb.
Cəlal müəllim qardaşlıq anlayışını ailə-qohumluq çərçivəsindən çıxarıb əqidədaşlıq, vətəndaşlıq məqamına yüksəltdi.
Dövlətimiz onu çoxşaxəli ictimai və elmi fəaliyyətini yüksək qiymətləndirmiş və ali dövlət mükafat – “İstiqlal” ordeni ilə təltif edibdir.
Heydər Əliyevə zəngin siyasi məktəb kimi baxan akademik Cəlal Əliyev bu məktəbin fəxrli və nümunəvi akademiki səviyyəsinə yüksəlmiş şəxsdir.
Cəlal müəllim millətini, dövlətini, onun tarixini sevir və qədrini bilirdi.
Dəyərli elmi-tarixi araşdırma mənbəyi olan “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı” kitabı Cəlal Əliyevin böyük vətənpərvərliyinin bariz nümunəsidir
Cəlal Əliyev Qarabağ barədə həqiqətləri yorulmadan dünyaya çatdırırdı. Onun Moskvada işıq üzü görən “Dağlıq Qarabağ Azərbaycanın qanı, canıdır” kitabı erməni işğalı haqqında ən tutarlı elmi-tarixi araşdırma hesab oluna bilər.
Akademik Cəlal Əliyev insanpərvərliyi ilə yaddaşlarda iş qoymuş şəxsiyyətdir.
Bu gün Cəlal müəllim aramızda olmasa da, vətənpərvər ziyalı, ləyaqətli insan, böyük ictimai xadim kimi qəlbən bizimlədir.
Doğum günün mübarək, Cəlal müəllim!

Rizvan VAHABOV
YAP Siyasi Şurasının üzvü

Həmçinin oxuyun

Elzadan daha bir rüsvayçı şeir: “Sən məni aldın, mən sənə verdim”

Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib.  Şəxsi instagram hesabında izləyiciləri ilə paylaşdığı “Metamarfozlar” …

Bir cavab yazın