Ana səhifə / Cəmiyyət / Din xadimlərinin dövlət tədbirlərində fəal iştirakı mübahisəli qarşılanır…

Din xadimlərinin dövlət tədbirlərində fəal iştirakı mübahisəli qarşılanır…

Seyid Camal Əzimbəyli: “Tanınmış din xadimlərinin dövlətin dəstəklənməsində iştirakı lazımdır”

Adəm Umudlu: “Bunun üçün dindarın dövlət tədbirlərində yuxarı başda əyləşməsinə ehtiyac yoxdur”

31 mart – Soyqırım Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və dini icma rəhbərlərinin iştirak etdiyi tədbir keçirilib. Qurumun sədri Allahşükür Paşazadə anım tədbirində çıxış edərək ermənilərin 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində erməni kilsəsi və “Daşnaksutyun” partiyasının xətti ilə həyata keçirdiyi məkrli siyasətdən danışıb.
Tədbirdə 31 Mart – Soyqırım Günü ilə bağlı ölkədəki dini konfessiyaların adından dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Müraciətdə bildirilib ki, milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır. Belə faciəvi soyqırım cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır.
Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxışı zamanı məscidlərdə tətbiq ediləcək yeniliklərə də toxunub.
O, dindarların dövlət tədbirlərində iştirakı ilə bağlı fikirlərini bildirib.
“Dövlətimiz, torpağımız, imanımız var. Düzdür, din dövlətdən ayrıdır, ancaq din xadimləri həqiqətləri xalqımıza çatdırmalıdır. Biz bu dövləti qorumağa çalışmalıyıq. Din xadimlərimiz dövlətin tədbirlərində fəal iştirak etməlidir. Bir ovuc adam deyir ki, dövlət adını çəkirsənsə, düz danışmırsan. Bunu deyən adamlar özləri yanlış yoldadır, din xadimləri dövlətimizə dəstək verməlidir”.
Göründüyü kimi, Şeyxülislam din xadimlərinin dövlət tədbirlərində iştirakının zəruriliyini vurğulayıb. Bu təklif barədə ekspertlər nə düşünür?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, şeyxin bu fikri birmənalı qarşılanmaya bilər:

“Çünki dinin dövlətdən ayrı olduğunu əsas tutaraq buna tənqidi yanaşanlar da olacaq. Ancaq mən bu ideyanı təqdir edirəm. Hesab edirəm ki, Azərbaycanda digər ölkələrlə müqayisədə din-dövlət münasibətləri yüksək səviyyədədir. Bizim milli kimliyimizlə yanaşı, həm də müsəlman kimliyimiz var. Bu o deməkdir ki, bu dövlət həm də müsəlmanlarındır. Bu səbəbdən də tanınmış din xadimlərinin dövlətin dəstəklənməsində iştirakı lazımdır. Təbii ki, bu məsələyə dövlət tədbirlərində iştirak da aiddir”.
Sosioloq Adəm Umudlu isə fərqli düşünür. Onun sözlərinə görə, dövləti dəstəkləməklə hansısa rəsmi dövlət tədbirlərində mütləq iştirak tamamilə başqa məsələlərdir: “Azərbaycan dünyəvi dövlətdir. Bizim Konstitusiyamızda birmənalı şəkildə yazılır ki, din dövlətdən ayrıdır. Bu ölkənin hüdudlarında yaşayan hər bir vətəndaş dövləti dəstəkləməlidir. Bu həm də onun konstitusion borcudur. Bunun üçün dindarın dövlət tədbirlərində yuxarı başda əyləşməsinə ehtiyac yoxdur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …

Bir cavab yazın