Ana səhifə / Cəmiyyət / Din xadimlərinin attestasiyadan keçirilmə qaydası təsdiqlənib

Din xadimlərinin attestasiyadan keçirilmə qaydası təsdiqlənib

Din xadimlərinin attestasiyadan keçirilmə qaydası təsdiqlənib.

Bu barədə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda məlumat öz əksini tapıb.

Qeyd olunub ki, “Dini etiqad azadlığı haqqında” qanunun əsasən din xadimləri hər beş ildən bir attestasiya edilir.

Attestasiyasının keçirilməsi məqsədi ilə Komitədə Qafqaz Müsəlmanları İdarəsinin, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla 9 nəfərdən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, Komitə sədri tərəfindən təsdiq edilir.

Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və attestasiya zamanı sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Komitə sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən din xadimlərinin nəzərinə çatdırılır. Attestasiya proqramı bu Qaydanın 2.6-cı bəndində göstərilən sahələr üzrə formalaşır.

Attestasiyada iştirak üçün namizəd tərəfindən bu Qaydanın 2.7-ci bəndində göstərilən sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir.

Attestasiya komissiyasının üzvləri tərəfindən din xadiminə yalnız vəzifəsi, icra etdiyi işləri və onların nəticələri ilə əlaqədar suallar verilə bilər. Attestasiya olunan din xadiminə onun fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi yolverilməzdir.

Din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin din xadimi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.

Din xadiminin fəaliyyətinə verilən qiymət attestasiyadan keçən din xadiminin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.

Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən din xadimi tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra din xadiminə bildirilir.

Fəaliyyətdə olan din xadiminin rotasiyası zamanı onun din xadimi olduğu dövr ərzində fəaliyyəti, attestasiya nəticəsi, din sahəsində elmi və pedaqoji fəaliyyəti, habelə mənəvi dəyərlərin təbliği sahəsində fəaliyyəti nəzərə alınır. Rotasiya Komitə sədrinin əmri ilə həyata keçirilir.

Attestasiyanın nəticələri attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydada göstərilən attestasiya vərəqəsinə (2 nömrəli əlavə) yazılır. Attestasiyadan keçən din xadiminin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır və onun surəti arzusuna əsasən həmin din xadiminə verilir. Din xadimi attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı məhkəməyə verildi: Həbsi tələb olunur

ARB telekanalında yayımlanan “Səni axtarıram” proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və verliş iştirakçılarından biri – Bərdə …