Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək – SİYAHI

DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək – SİYAHI

Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq, təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaqdır. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaqdır. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcəkdir. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaqdır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində tanış ola biləcəksiniz.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …