Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Cəmiyyət / Deputatların qış tətili – əksəriyyət “Bakıda qalasıyam” deyir

Deputatların qış tətili – əksəriyyət “Bakıda qalasıyam” deyir

Milli Məclisin 2019-cu ildə keçiriləcək yaz sessiyasının ilk iclasının vaxtı müəyyənləşib. Modern.az-ın məlumatına görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Maraqlıdır, deputatlar qış tətilini harada keçirir və yaxud nə kimi planları var? Bu kimi suallarla deputatlara müraciət etdik. Bu məqamda qeyd edək ki, “Deputatın statusu haqqında” qanuna əsasən, Milli Məclis üzvlərinə diplomatik pasport verilir. Bəzi deputatların tətil zamanı xarici ölkəyə getdiyini nəzərə alsaq, deyə bilərik ki, diplomatik pasportla bu, daha da asan başa gəlir. Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Deputat Fazil Mustafa sualımıza cavabında nəinki ölkədən, heç paytaxtdan kənara çıxmaq niyyətinin olmadığını bildirdi: “Bakıdayam, heç yerə getmək fikrim yoxdur. Mən ümumən qış tətilində Bakıdan kənara getmirəm. Burda müəyyən işlərim var. Həmçinin idmanla, mütaliə ilə məşğul oluram. Uşaqları Naxçıvana göndərmişdim ki, bir az havalarını dəyişsinlər. Amma öz işlərim çoxdur deyə, Bakıdan kənara çıxa bilmədim”.

F.Mustafa qeyd etdi ki, yanvarın 20-sində AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa gedəcək: “21-ndə sessiya başlanır, o da iş ezamiyyətidir”.

Deputat Fəzail İbrahimli “Yeni Müsavat”a dedi ki, kənara çıxmaq niyyətində deyil: “Elə ölkədə olacağam. Əsasən Bakıda olacağam, rayonlara da gedəcəyəm. Cənub bölgəsinə baş çəkəcəyəm”.

Maraqlıdır, professor daha çox harada istirahət etməyi xoşlayır? F.İbrahimli: “Ən gözəl istirahət elə evimdə olur. Elə Yeni ili də evimdə qarşıladım. Ümumiyyətlə, mən kənara çıxanda 3-5 gündən sonra darıxıram. Hesab edirəm ki, harada daha rahat istirahət edə bilirsənsə, sənin üçün əsl istirahət odur. Mənəvi-psixoloji rahatlığın varsa, deməli, sənin üçün əsl istirahət odur, fərqi yoxdur, ölkədə, ya xaricdəsən”.

Deputat Elmira Axundova Türkiyə səfərinə hazırlaşdığını bildirdi: “Bir-iki günə gedəcəyəm. İki həftə Antalyada olacağam. Dostlarımın orda evi var. Antalyada dincəlib, dəniz sahilində gəzib bir neçə məqalə yazıb geri dönəcəyəm. Mənim dörd böyük və çox vacib siyasi, bədii məqalələrim var. Onlar yığılıb qalıb, qış tətilində istəyirəm ki, böyük məqalə və oçerklər yazım”. E.Axundova dedi ki, 2018-ci il onuncun çox məhsuldar və uğurlu keçib: “Keçən il üç kitabım nəşr olundu. Biri Türkiyədə, türk dilində ”Heydər Əliyev. Şəxsiyyət və Zaman”  kitabım üç cilddə nəşr olundu. Digər kitablar isə Azərbaycanda çap olundu. Birində mənim haqqımda 15-20 il ərzində yazılan sanballı yazılar toplanıb. İkinci isə “Həmkarlarımla üz-üzə”dir. Beləliklə, 2018-ci ildə 3 nəşr, üstəgəl Xalq yazıçısı adı. Bir də mənim nəvəm dünyaya gəldi, həyat yoldaşımın adını qoydum – Ramiz. Ona görə də bizim üçün çox gözəl, çox xoşbəxt bir il oldu”.

Deputatlar ile ilgili görsel sonucu

E.Axundova dedi ki, Azərbaycanda və Türkiyədə kitablarının təqdimatını keçirəcək: “Heydər Əliyev haqqında yazdığım kitabın təqdimatını aprelin sonları, mayın əvvəllərində mütləq keçirəcəyəm. Heydər Əliyevin ad günü ərəfəsində inşallah, təqdimat edəcəyəm. Heydər Əliyev qardaş Türkiyəni çox sevirdi. Türklər də onu sevirdilər, amma onu yaxşı tanımırdılar. Mən istərdim ki, bu kitab vasitəsilə türklər onu tanısınlar”.

Üzgüçülük həvəskarı olan xanım deputat əlavə etdi ki, çox soyuq olmasa, Antalyada dənizə də baş vuracaq.

Deputat Cavanşir Feyziyev dedi ki, xarici ölkələrdən birində qısamüddətli səfərdədir: “Mən bir neçə gündən sonra Vətənə qayıdacağam. Amma geri dönəndən sonra tətilimi seçicilərimlə birgə keçirəcəyəm. 15-20 kəndi seçib seçicilərimlə görüşlər keçirəcəyəm”.

Deputat Asim Mollazadə isə bildirdi ki, qış tətilini Bakıda keçirir: “Qarşıdakı günlərdə də heç bir planım yoxdur. Məclis tətildə olsa da, ölkədən kənara çıxmaq fikrində deyiləm. Çünki işlər çoxdur. Partiya işi, seçicilərlə görüşlər var”. A.Mollazadə qeyd etdi ki, regionlara  çıxmağı, hansısa bölgədə istirahət etməyi də planlaşdırmır.

Deputat Vahid Əhmədov bildirdi ki, hələlik Bakıdadır və işlərinin çoxluğundan rayona da gedə bilməyib. Tətilin bundan sonrakı hissəsi ilə bağlı nə planlaşdırdığına gəldikdə, deputat “hələ bilmirəm” deməklə kifayətləndi.

Deputat Zahid Oruc “Yeni Müsavat”a dedi ki, artıq ölkə xaricindədir: “Britaniyaya gəlməli oldum. Ancaq bu səfər istirahət məqsədi ilə olmadı. Yaxın insanlarımla bağlı 3-4 gün burada qalıb, geri dönəcəm”.

Deputat Fərəc Quliyev isə telefon zəngimizə Bakıdan cavab verdi: “Ölkədəyəm, ailəmlə bir yerdəyəm və heç yerə çıxmaq fikrim yoxdur. Demək olar ki, istirahət barədə düşünmürəm. Çünki partiyada görüləsi işlər var, işlərimi davam etdirirəm”. Bu, o deməkdirmi ki, F.Quliyev qış turizminə bağlı insan deyil? Deputat: “Mən təbiəti sevirəm, amma işlərimin çoxluğundan bu qış istirahət edə bilməyəcəyəm. İnşallah, yayda əvəzini çıxaram”.

Həmçinin oxuyun

Mərdəkandakı tarixi qala baxımsız qalıb – FOTOLAR

Bakıda bir çox tarixi abidələr var ki, baxımsız vəziyyətdədir. Belə ki, bu abidələr Mədəniyyət Nazirliyinin …