Ana səhifə / Cəmiyyət / Deputatlar maaşlarını haraya və necə xərcləyirlər?

Deputatlar maaşlarını haraya və necə xərcləyirlər?

Bəzən cəmiyyətdə millət vəkillərinin maaşının yüksək olması ilə bağlı fikirlər səslənir. Bəzi parlamentarilər isə aylıq əmək haqqının artırılması ilə bağlı təklif irəli sürürlər. Bəs görəsən, deputatların gəliri xərcləri qarşılayırmı? Ümumiyyətlə, millət vəkilləri seçiciləri nəzərə almaqla ətrafdakı insanlara yardım edə bilirlərmi? Aylıq gəlir onları qane edirmi?

Millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu məsələ cəmiyyətdə tez-tez müzakirə olunur: “Təbii olaraq maraq göstərirlər. Bunu mövzu tapılmadığına görə gündəmə gətirirlər. Dünya parlamentləri ilə müqayisə etdikdə Azərbaycanda deputatların əmək haqları aşağıdır. Buna baxmayaraq, bu gün maaşların artırılmasına zərurət yoxdur. Çünki əhalinin gəliri də arzuolunan səviyyədə deyil. Bu gün daha çox pensiyaların artırılmasına ehtiyac var. Təbii ki, deputatlar müraciət edən insanlara dəstək verirlər, köməklik göstərirlər. Bundan əlavə, söhbət deputatlardan getmir.

Bir çox qurumların maaşları məhz Milli Məclis üzvlərinə verilən maaşlara uyğunlaşdırılaraq verilir. Milli Məclisin sədrinin maaşı Ali Məhkəmənin sədrinin maaşı ilə bir səviyyədə götürülür və avtomatik olaraq məhkəmə sistemində maaşlar bu qaydada verilir. Fikrimcə, məhkəmə sisteminə əlahiddəlik tanınmalıdır. Məhkəmə sisteminin müstəqil olmasını, hakimlərin rüşvət almamasını istəyiriksə, hakimlərin əmək haqlarını minimum 10 min manat təyin etmək lazımdır. Başqa yolu yoxdur. Məhkəmədə proseslər qaydaya düşməyincə, hakimin iqtisadi müstəqilliyi təmin olunmadıqca, rüşvət almamaq tələbi qoymaq çətindir. Hakim kirayədə yaşayırsa, maaşlar aşağı olduğuna görə öz aparatına dəstək verməyə məcbur olur. Yüksək əmək haqqı alan rüşvət almağa meyl etməyəcək”.

Millət vəkili hesab edir ki, qiymətlərin qalxdığı, gediş haqlarının artması ehtimalı olduğu bir zamanda inflyasiyanın gətirdiyi çətinlikləri, bahalığı kompensasiya etmək üçün əhalinin aztəminatlı hissəsinin maaşı, həmçinin pensiyalar ən azı 50% artırılmalıdır.

Millət vəkili Asim Mollazadə də hesab edir ki, ilk növbədə büdcədən maliyyələşən müəllimlərin, həkimlərin barəsində düşünmək lazımdır: “Sözügedən kateqoriyalarda əməkhaqları aşağıdır. Buna diqqət etmək lazımdır. Təbii ki, deputatlar imkan daxilində ətrafdakı insanlara müəyyən qədər yardım edirlər”.

Qeyd edək ki, “Milli Məclis deputatının statusu haqqında” Qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini – 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində  vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …