Cümə , Aprel 12 2024
Ana səhifə / Cəmiyyət / Deputatdan sərt sözlər: “Bunun adı mənəviyyatsızlıqdır!”

Deputatdan sərt sözlər: “Bunun adı mənəviyyatsızlıqdır!”

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən restoranlarda dodaquçuqladan qiymətlərlə iftar menyuları təqdim edilir. Bu isə birmənalı qarşılanmır. Bir sıra şəxslər həmin məkan sahiblərini qınaq atəşinə tutsa da, çox adam düşünür ki, belə menyularla iftar açmaq heç də Ramazan ayının məqsəd və amallarına uyğun deyil. 

Məsələni “Yeni Sabah”a şərh edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov açıqlamasında bildirib ki, bəzi işbazlar insanların dini inancından kəskin şəkildə sui-istifadə edir: 

“Təəssüflə qeyd etmək lazımdır ki, hər zaman olduğu kimi, bu gün də işbazlar meydandadır. Fərqli qiymətə iftar menyuları var. Mənim üçün aydın deyil. Dünəndən bu məsələni müşahidə edirəm. 70-90 manatlıq iftar menyusunda insanlara nə təqdim olunur? Bu menyunu tərtib edən, insanların dini inancı ilə öz məqsədləri naminə oynayan bu kəslər nəyə nail olmaq istəyirlər?” 

Deputat bildirib ki, belə qiymətdə olan menyuları seçməkdənsə, kasıb ailələrə əl tutmaq daha üstündür: 

“Əlbəttə ki, mən hesab edirəm ki, biz pulu o restoran və kafelərə xərcləməkdənsə, bahalı iftar menyusunda oruc açmaqdansa, daha çox imkansız və kasıb insanlara əl tutmalı, onların yanında olmalıyıq. Nəinki bu cür bahalı iftar süfrəsi təşkil etməliyik. Belə məkanlarda iftar etmək sadəcə bəzi işbazların əlinə daha çox gəlir verməkdən savayı heç bir işə yaramır. Bu səbəbdən həmin restoran və kafelərə getməkdən imtina etmək lazımdır. İnsanlarımız sözügedən məsələyə öz kəskin etiraz və reaksiyalarını bildirməlidir. Çünki belə addımlar nə dinə, nə də imana uyğundur. Bu bizim dəyərlərimizə sığan yanaşma deyil, yalnız və yalnız mənəviyyatsızlıqdır”. 

Həmçinin oxuyun

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı …