Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Cəmiyyət / Deputat: “Vətəndaşlar məcbur olub o natəmiz yerlərə gedirlər”

Deputat: “Vətəndaşlar məcbur olub o natəmiz yerlərə gedirlər”

“Xəzərin elə sahilləri var ki, orda abadlıq işləri aparılıb, çünki oradakı istirahət mərkəzləri, restoranlar çox bahadır. Həmin mərkəzlər, sahələr sadə vətəndaşların cibinə görə deyil və ora təmizdir. Lakin Xəzərin elə sahilləri var ki, orada zibil dizə qədər çatır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev Xəzərin qeyri-özəl sektorunun çirkləndirilməsi ilə bağlı danışarkən deyib.

O, Xəzərin bəzi ərazilərində vəziyyətin pis olduğunu və sadə vətəndaşların rahat istirahətinin mümkün olmadığını bildirib:

“Həmin yerlərdə səliqəsizlik, dağınıqlıq hökm sürür, dəniz də çox çirklidir. Orada zibil qutuları yoxdur, insanlar yemək qalıqlarını hara olsa atırlar. Hər tərəfi kol-kos basıb. Dəniz kənarında mədəniyyət adına nəsə yoxdur. Buna görə də, kimsə düşüb orada istirahət etmək, hava dəyişmək istəmir. Kimsə əlacsız qalıb, məcbur olub ora gedir. Çünki istirahət etmək üçün başqa hara var? Sadə vətəndaş başqa necə dincələ bilər? Həmin vətəndaşlar məcbur olur yenə o natəmiz əraziyə getməli olur. Mənim kimi bir çox insan isə o yerlərə getmirlər. Şəxsən dəniz kənarına gedəndə mənim ürəyim açılmır, istirahət edə bilmirəm”.

Deputatın fikrincə, məsələni müvafiq qurumlar nəzarətə götürməli və qısa zamanda ciddi addımlar atılmalıdır:

“Bu, şəhər təsərrüfatının üzərinə düşən məsələdir. Dəniz kənarına aidiyyatı qurumlar nəzarət etməlidirlər. Ora zibil atılmasının qarşısı alınmalı, zibil atanlar cəzalandırılmalıdırlar. Əlavə olaraq şəhər təsərrüfatı o ərazilərdə ciddi təmizlik işləri aparmalıdır. Niyə Xəzər bu qədər çirkin, səliqəsiz vəziyyət, görkəm almalıdır? Bu, olduqca narahatedici məqamdır”.

Razi Nurullayev çayların, kanalların su altından bariyer quraraq su axınının səmtinin dəyişdirilməsi, bununla da balıqların kütləvi şəkildə ovlanması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Hüquq-mühafizə orqanları, Ekologiya və Təbii Sərvətlər Nazirləri bu işdə birgə fəaliyyət göstərməlidir. Nazirlik məsələni aydınlaşdırmalı, daha sonra hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Görünür, qeyr-hökumət təşkilatları məsələnin ictimailəşdirilməsi və həll edilməsi üçün addımlar atırlar. Məsələ ilə bağlı faktlar mənə də təqdim olunsa, mən də ictimailəşdirilməsi və aidyyatı üzrə çatdırılması üçün lazımi işlər görə bilərəm”.

Həmçinin oxuyun

“43 min nəfərin narazı olması normaldır” – Nazir

“Müəllimlərin işə qəbulu (MİQ) imtahanına 50 minə yaxın adam müraciət edib, lakin onlara cəmi 7 …