Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Deputat həmkarları Cəlal Əliyevi necə xatırlayırlar?

Deputat həmkarları Cəlal Əliyevi necə xatırlayırlar?

Şahlar Əsgərov: “Məğrur yerişi, sərt danışığı var idi”

Maksim Musayev: “Onun barəsində Azərbaycanda 1-2 nəfər bilər…”
Keçmiş deputat, akademik, ölkə başçısının əmisi Cəlal Əliyevin ölümündən sonra onunla bağlı xatirələr hər keçən gün aktuallığını daha da artırır. Xüsusilə onunla birlikdə çalışmış tanınmış simaların fikirləri cəmiyyət üçün daha maraqlıdır.
Parlamentdəki çıxışları ilə daima gündəmdə olan C.Əliyev ölümü ilə də gündəmi zəbt etdi. Akademiklə birlikdə uzun müddət parlamentdə təmsil olunmuş şəxslərin onunla bağlı xatirələrini aldıq.

VHP sədri, sabiq deputat Sabir Rüstəmxanlı C.Əliyevin ölkəmizdə tanınmış bioloq alimlərdən biri olduğunu söylədi:

 

“Allah rəhmət eləsin. Azərbaycanda taxılçılığın inkişafında böyük rolu olub. Yeni toxum növləri yaratmışdı. Özü şəxsən bu işlərlə məşğul idi. Onunla Milli Məclisdən əvvəl bir çox görüşlərimiz olub. O, elmi işləri barədə geniş məlumat verirdi. Öz işi haqqında danışmağı xoşlayırdı. Elmi fəaliyyətini təbliğ etməyi bacaran şəxs idi. Maraqlı həmsöhbət idi. O günlər yaddaşımda çox yaxşı qalıb. Mərhum Heydər Əliyev ölkəyə gələndə onun evində qalırdı.

Cəlal Əliyev Milli Məclisdə əsəbi, müxalifətə qarşı dözümsüz şəxs idi. Mənə qarşı çox-çox əvvəldən münasibəti olduğuna görə, çox istiqanlı idi. Münasibətlərimiz daim normal olub. İndi haqq dünyasındadır. Onun Yeni Azərbaycan Partiyasındakı xidmətləri barədə danışmaq istəmirəm. Açığı, dünyasını dəyişən bir insanın bu şəkildə müzakirə olunmasının tərəfdarı deyiləm. Hər halda, böyük alimlərimizdən biri dünyasını dəyişib. Onun haqqında ən çox yadımda bu qalıb ki, mərhum Heydər Əliyev deyirdi ki, onun öhdəsindən mən gələ bilmirəm. Möhkəm xarakteri, hadisələrə şəxsi baxışı olan bir şəxs idi”.

“91-lər”in üzvü, parlamentin Təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərov mərhum akademiki iki istiqamətdə daim xatırlayacağını söylədi: “Cəlal müəllim görkəmli alim idi. Azərbaycan elmini iki hissəyə bölürəm. Vətənə və ümumbəşəri elmə xeyir verən elm. Cəlal müəllimin elminin xalqımıza birbaşa dəxli var idi. Mənim üçün çox qiymətli alim idi. O, buğda sortları yetişdirirdi. Çalışırdı ki, Azərbaycanda davamlı buğda sortları olsun. Böyük məktəb yaratdı. Ölkəmizdə məktəbi olan alimlər çox azdır. Cəlal müəllim məktəbi olan alim idi. Onun tələbələri Azərbaycanda çoxdur. Ölkəmizdən kənarlarda da rast gəlmək olar. Elm sərhəd bilmir. Cəlal müəllim elmdə yeniliyin tərəfdarı idi. XXI əsrdə bioriyaziyyat elmi dünyada əsas elmlərdən biri olacaq. Bunu alimlər deyirlər. Azərbaycanda bu elmin əsasını Cəlal müəllim qoydu. Özü də biologiya sahəsində. Riyaziyyatı bu elmə tətbiq etməklə. Bu onun elmi duyumunun necə yüksək olduğunu göstərir. Onunla 10 il birlikdə elm və təhsil komissiyasında fəaliyyət göstərdik. Ondan sonra Cəlal müəllim bir dönəm də deputat oldu. Onun çox məğrur yerişi, sərt danışığı var idi. Amma baxışı çox mülayim idi. O, özündən kiçik insanların səhvini tez bağışlayırdı. Kin saxlamırdı. Allah rəhmət eləsin”.

“91″lərin digər üzvü, sabiq deputat Maksim Musayev C.Əliyevi 1964-cü ildən tanıdığını açıqladı:

”Leninqradda oxuduğum illərdə məni Azərbaycana praktika göndərdilər. Pirşağıda Əkinçilik İnstitutu var idi. Orada Cəlal Əliyevi tanıdım. Toxumçuluğu mükəmməl bilirdi. Onun yanına o vaxtlar tez-tez gedirdim. Məni həmişə qəbul edə bilmirdi. Çünki işləri çox olurdu. Onun yanında Elyanora Kazıbəyova adlı çox savadlı elmi işçi var idi. O, sonradan Cəlal müəllimin həyat yoldaşı oldu. Sonralar bundan xəbər tutdum. Kazıbəyova çox istedadlı, qabiliyyətli idi. Leninqradda çox alim tanıyırdım, amma o xanım kimisi az idi. Hədsiz dərəcədə mədəni, hörmətcil qadın idi. Yeni Azərbaycan Partiyasını yaradanda evlərində oldum. Onların ailə münasibətləri mənə xoş oldu. Cəlal müəllim sözünü deyən şəxs idi. O, birdən elə nərə çəkirdi ki, institutda olan rəhbərlər səsini eşidirdilər. İşçilər işə gəlməyəndə çox əsəbləşirdi. Sonralar onun Heydər Əliyevin qardaşı olduğunu bildim. Onun yanında aqrotexniklər işləyirdi. Onlara qarşı tələbkar idi. Cəlal müəllimin sayəsində yüksək vəzifələr tutdular. Hazırda Azərbaycanda məşhur şəxslərdir. Adlarını çəkmək istəmirəm”.

Sabiq deputat mərhum həmkarının deputatlıq dövründən də danışdı: “Onun deputatlıq dövründən saatlarla danışa bilərəm. O çalışırdı ki, mənə zərbə dəyməsin. Daim məni qoruyurdu. Onun fəaliyyəti barədə saatlarla danışsam azdır. Onun barəsində deyəcəklərimi, bildiklərimi Azərbaycanda 1-2 nəfər bəlkə bilər. Çox cəsarətli hərəkətlər edirdi. Vəzirovun zamanında mətbuatda sərt danışmağa qadağalar qoyulmuşdu. Həmin vaxt Cəlal müəllimin mətbuatda sərt məqalələri çıxırdı. Bəzən redaksiyalar onun yazılarını dərc etməkdən çəkinirdilər. Onun cəsarəti barədə çoxsaylı faktlar bilirəm”.

Qeyd edək ki, Cəlal Əliyev yanvarın 31-də uzun sürən xəstəlikdən sonra 88 yaşında dünyasını dəyişib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın