Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / Deputat Fərhad Qəribov sürücülərin pulunu mənimsəyib – FOTOLAR

Deputat Fərhad Qəribov sürücülərin pulunu mənimsəyib – FOTOLAR

Milli Məclisin üzvü məhkəmə qərarını icra etmir; “Dedi gedin nə bilirsiz eləyin, pulu vermirəm”

Deputat Fərhad Qəribovun oğlu bir qrup fəhləni işlədib pulu vermir. Redaksiyamıza müraciət edən bir qrup sürücünün dediklərindən məlum olur ki, 2012-ci ildə deputatın oğlu Zöhrab Qəribov onları işlədib, əmək haqqı ödəcəyini vəd edib, sonradan isə fikrindən daşınıb. Deyib ki, pulunuzu vermirəm. Sürücülər ədalət axtarışında Fərhad Qəribova üz tutublar.

Şikayətçilər bildirir: “İpək yolu” layihəsinin Kürdəmir ərazisinə düşən hissəsində yolun çəkilişində podratçı kimi Fərhad Qəribovun oğlu Zöhrab Qəribov da iştirak edir. Podratçı şirkət “Ekspress-Trans” MMC-dir. MMC faktiki Zöhrab Qəribova məxsusdur, formal olaraq isə əmisi oğlu Sarvan Qəribov rəhbərlik edir. Biz sürücülərlə danışıb razılığa gələn Zöhrab Qəribov idi.
 2012-ci ilin sentyabrında bizimlə Zöhrab danışmışdı, demişdi ki, işinizi görüb haqqınızı alacaqsız, ödənişdə heç bir problem yoxdur. Bizə yanacaq verdilər. 2012-ci il sentyabrın 21-dən işə başladıq.  Kürdəmir rayonu ərazisində yük maşınları ilə çınqıl, şeben, atsep daşıyırdıq. İş 1 aylıq idi. Belə danışmışdıq ki, yanacaq verəcəklər, sonradan pulunu əmək haqımızdan çıxacaqlar. Daşıdığımız hər kubmetr yük üçün biz sürücülərə 3 manat ödənilməli idi. Əsasən Göyçay rayonunun Qaraməryam kəndi ərazisindən Kürdəmirə daş qırıntıları daşıyırdıq. Öhdəmizə düşən işi 1 ay ərzində gördük. Zöhrab Qəribovla görüşüb pulumuzu almaq istədik. Dedi ki, sabah gəlin verəcəyik. Hələ də ala bilməmişik”.
2 illik get-gəlin sonu; “gedin nə bilirsiz eləyin, pulu vermirəm!”
Sürücülər deyir ki, ümumilikdə işlərinə görə onlara 18 min manat pul ödənilməli olub. Həmin məbləğin 3 min manatı yanacağa sərf olunub: “Pulumuzu verməyəndə Zöhrabla dəfələrlə görüşdük. Hər dəfə bir bəhanə ilə pulumuzu vermədi. Deyirdi ki, verəcəyik. Kürdəmirdə Qəribovun otelində, bazardakı ofisində, zavodunda, böyük istixanalarının olduğu yerdə oğlu ilə ayrı-ayrı vaxtlarda görüşüb pulumuzu istəmişik. Zöhrab Qəribov hər dəfə pulumuzu verəcəyini deyirdi, amma vermirdi. 2 il bizi küçələrdə qoydu”.
Sürücülər deyir ki, uzun süründürməçilikdən sonra Z.Qəribov pulu verməyəcəyini bəyan edib: “Dedi gedin nə bilirsiz eləyin, pulu vermirəm”.
Sürücülər düşünüblər ki, Z.Qəribov gəncdir, haqsızlıq edir, onun atası ilə görüşsələr, 1 aylıq əziyyətlərinin qarşılığını ala biləcəklər. Amma belə olmayıb: “Fərhad Qəribovla görüşə gedəndə düşünürdük ki, millət vəkilidir, haqsızlığa qarşı olar. O da oğlu kimi ”gedin nə bilirsiz eləyin, kimə istəyirsiz deyin, sizə pul verilməyəcək” dedi. Məcbur qalıb prezidentə yazdıq ki, işləmişik, deputatın oğlu pulumuzu vermir. Atası da deyir ki, əcəb eləyirik, vermirik. Məktubu araşdırmaq üçün göndərdilər  Əmək Müfəttişliyinə. İşi araşdırdılar, dedilər ki, iş məhkəməlikdir. Müraciət etdik Kürdəmir Rayon Məhkəməsinə. Hakim Rafiq Bağırov əlimizdə olan yanacaq haqda qaimələrə, sənədlərə baxıb haqlı olduğumuzu dedi. Amma qərarı Qəribovların xeyrinə verdi. Şirvan Apelyasiya Məhkəməsinə üz tutduq. Kürdəmir Məhkəməsinin qətnaməsi ləğv olundu, bizim halal haqqımızın ödənilməsi öhdəliyi Fərhad Qəribovun oğlunun üzərinə qoyuldu. Qəribovlar Ali Məhkəməyə üz tutdular. Ali Məhkəmə Şirvan Məhkəməsinin qərarını qüvvədə saxlayıb haqqımızın ödənilməsi tələbinin yerinə yetirilməsi qərarını verdi”.
“Fərhad Qəribov da deyir ki, 1 milyon xərcləyəcəyəm…”
Sürüclər deyir ki, hazırda iş Kürdəmir Məhkəmə İcra Qrupundadır: “Qrupdan deyirlər ki, bizim Fərhad Qəribova gücümüz çatmır,  o, Kürdəmirin deputatıdır. Aylardır ki, Ali Məhkəmənin qərarı icra olunmur. Halbuki qanuna hörmətlə yanaşmaq ilk növbədə deputatın öz işidir. Qanunu verən də deputat, pozan da?
Məhkəmə qərarının icra olunmamasına görə Qəribovlara məxsus MMC Kürdəmir Məhkəmə İcra Qrupu tərəfindən 1 dəfə 3 min manat, sonradan isə əlavə olaraq 2 min manat cərimə olunub. Fərhad Qəribov da deyir ki, 1 milyon xərcləyəcəyəm, amma sizə 1 qəpik də ödəməyəcəyəm. Sözü də budur ki, siz niyə gedib mənim oğlumdan şikayət etmisiz? Şikayət etməyib nə edək? İşləmişik, pulumuzu vermirsiz. Nə etməliyik? Biz haqqımızı istəyirik. Halal haqqımızı! Üstəlik haqqımızı almaq üçün oğlu, özü ilə dəfələrlə görüşmüşük, telefonla danışmışıq. Hər dəfə də ata-balanın dedikləri bu olub ki, gedin nə bilirsiz eləyin. Bu cür sözlərdən sonra deputatın bizə “niyə şikayət edirsiz” deməsi anlaşılmazdır”.
Deputatın qardaşı oğlunu 120 min manat cərimələyiblər
Sürücülər deyir ki, deputat oğlunun onlara qarşı haqsızlığının aradan qaldırılması üçün üz tutduqları dövlət qurumlarının araşdırmaları zamanı Qəribovlara məxus MMC-nin “İpək yolu”nun tikintisi zamanı böyük vergi cinayətlərinə yol verildiyi də üzə çıxıb. Məlum olub ki,  deputatın oğlu dövlətə vergi ödəməmək üçün qanunsuzluqlar edib, vergidən yayınıb: “Prezidentə müraciətimizdən sonra məsələ araşdırılmağa başlayanda dedilər ki, şikayətçilər – yəni bizlər ümumiyyətlə onların şirkətində işləməmişik. Əlimizdə isə qaimələr var, həmin qaimələrdə ”Ekspress-Trans” MMC-nin möhürü, MMC sədri olan Fərhad Qəribovun qardaşı oğlu Sarvan Qəribovun imzası var. Qəribovlar Əmək Müfəttişliyinə məktub yazıb verdilər ki, “Ekspress-Trans” MMC 2012-ci ilin mayından fəaliyyət göstərmir.
Digər bir məktubda isə yazır ki, qaimələrdəki möhür “Ekspress-Trans” MMC-yə məxsus deyil. 2014-cü ilə qədər dövlət qurumlarına belə yalan məlumatlar verməklə pulumuzu verməkdən yayındılar. Həmin il biz məhkəmə ilə yanaşı Vergilər Nazirliyinin 195 xidmətinə də müraciət edib “Ekspress-Trans” MMC-nin fəaliyyətinin yoxlanılmasını xahiş etdik. Vergilər Nazirliyi araşdırmalara başladı. Araşdırmalarla təsdiqləndi ki, MMC faktiki olaraq fəaliyyət göstərib, lakin vergidən yayınmaq üçün faəliyyətsiz olduqları haqda dövlət orqanlarına yalan məlumatlar veriblər.
Buna görə də deputatın qardaşı oğlu Sarvan Qəribovu saxladılar, rəhbəri olduğu MMC 120 min manat cərimə olundu. S.Qəribov 70 min manatı ödədi, yerdə qalan  50 min manatı da ödəmək öhdəliyi götürdü. Bundan sonra onu azad etdilər. Bizim 15 min manatımızı isə ödəməyə tələsmirlər. Fərhad Qəribov düşünür ki, bizlər haqqımızı istəməkdən yorulacağıq. Bilsin ki, bizim haqqımızı sonadək tələb edəcəyik. Çünki həmin pulları bizlər halal zəhmətimizlə qazanmışıq”. 
E.MƏMMƏDƏLİYEV
P.S Qarşı tərəfi də dinləməyə hazırıq. 



Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın