Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Cəmiyyət / “Dərsliklərdə əxlaqsız ifadə, şəkil yolverilməzdir – bu, xalqa qarşı cinayətdir”

“Dərsliklərdə əxlaqsız ifadə, şəkil yolverilməzdir – bu, xalqa qarşı cinayətdir”

Dərsliklərdəki nöqsanlar və nəzərdə tutulduğu sinif üzrə uşaqların yaş və psixologiyasının nəzərə alınmaması ilə bağlı təhsil işçiləri, eləcə də valideynlər tərəfindən çoxsaylı şikayətlər eşidirik. Bu istiqamətdə sosial mediada “N” sayda müzakirəyə rast gəlmək olar. Bəs problem varsa, həlli yolu nədir? Dərsliklərdəki səhvlərə görə kim məsuliyyət daşıyır? DİA.AZ xəbər verir ki, AYNA bu istiqamətdə təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.

– Kamran bəy, orta ümumtəhsil məktəblərimizdə tədrisdə istifadə olunan dərsliklərin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

– 2008-ci ildən etibarən Azərbaycan orta ümumtəhsil məktəblərində tədris prosesi yeni standartlarla qurulmağa başlayıb. Yəni kurikulum standartları. Kurikulum, təəssüflər olsun ki, Azərbaycan dərsliklərində və təhsilində reallaşa bilməyib. Biz elə düşünürük ki, ən yaxşı dərslik ağır dərslikdir. Azərbaycan orta məktəblərinin ibtidai sinifləri üçün çap olunmuş dərsliklərin informasiya yükü həddindən artıq ağırdır. Bu yaxınlarda Türkiyədən gəlmiş ekspertin təlimində iştikar etdim. O, bizim üçün dərsliklərdəki informasiya hesablama qaydalarını dedi. Yəni bir səhifədə nə qədər fakt, söz ola bilər. 4-5-ci siniflər üçün olan dərsliklərin bir səhifəsində olan informasiyaları hesabladıq. Ortaya belə bir nəticə çıxdı: bizim 4-cü siniflər üçün hazırlanan kitablarımız dünya standartlarına görə 28-29 yaşlı insanların informasiya götürmə yükünə bərabərdir. Dərsliklərimizin informasiya yükü şagirdlərimizin yaşına və psixologiyasına uyğun deyil.

– Şagird həmin dərsliklərdən nə dərəcədə faydalana bilir?

– Bü gün Azərbaycanda dərsliklər təhsilə yox, repetitorluğa xidmət edir. Bizim dərsliklərimizi müəlliflər ona görə ağırlaşdırırlar ki, şagirdlərə çətin olsun, valideynlər də kömək edə bilməsinlər. Nəticədə valideynlər müəllimlərə müraciət etsinlər. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər. Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özləri güclə qavrayıb başa düşürlər, o ki qaldı, şagirdlər.

– Bəzən indiki dərsliklər Sovet dövrünün dərslikləri ilə müqayisə edilir. Onların indikindən daha üstün olduğunu düşünənlərin sayı da az deyil. İndiki zamanda o dövrün dərslikləri effektiv ola bilərmi?

– Düşünürəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər: pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə bir qədər savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Orada yalnız vahid düzgün ideya, fikir olmalı, artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili və “bir udumluq” olmalıdır. Birmənalı suallara birmənalı cavablar və s. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik bu gün tamam başqa funksiyaları daşımalıdır. Ən müxtəlif informasiya texnologiyaları ortaya çıxıb. İnformasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir. Görüntü var, amma bir dənə səs, söz yoxdur.

– Dərslikləri yazanlar da hər halda pedaqoji fəaliyyəti olan şəxslərdir. Niyə bu qədər narazılığa səbəb olacaq qədər qüsurlara rast gəlirik?

– Təəssüflər olsun ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bunu oxuyan uşaq necə olmalıdır. Onlar bunu düşünürlər: kitabda nə artıqdır, nə yox. Dərsliyə səhifələrin sayına görə yanaşırlar. Səhifələr bitdi, işimiz də bitdi. Amma sonda hamı narazıdır. Hamı bilir ki, dərslik necə olmalıdır, amma heç kəs onu lazım olduğu səviyyədə hazırlamır. Etiraf etmək lazımdır ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərslik deyil, əzab mənbəyidir. Dərslik şagird üçün hazırlanmış olsaydı, onun siması 180 dərəcə dəyişərdi.

– Yaxşı dərslik necə olmalıdır?

– Avropa dərsliklərinə fikir verin. Qalın, maraqlı, cürbəcür – əlavə mətnlər, şəkillər, yaradıcı tapşırıqlar. Müəllim bunların 100-dən 10-nu istifadə edə bilər. Bu dərsliklərdə qələmlə yazmaq da mümkündür. Bilirsiniz, dərslik fikir laboratoriyasıdır. Tapşırıqlarda əlavə göstərişlər olmalıdır. Şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Müəllim şagirdə inkişaf etmək, dəyişmək dərsi öyrətməlidir. Məqsədi və mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jarqon ifadələr, küçə sözləri işlədilə bilməz – bu, şagirdlərə çox pis nümunə ola bilər. Kitabda əxlaqsız ifadə, şəkil olması yolverilməzdir – bu, xalqa qarşı cinayətdir, əxlaqsızlığı təbliğ etməkdir. Təhsil haqqında qanunda nəzərdə tutulur ki, orta məktəb şəxsiyyət yetişdirir, dərsliklər milli dövlətçilik və dəyərlərə sadiq olan vətəndaşların yetişdirilməsinə xidmət edir, amma reallıq isə bunun əksini göstərir.

– Dərsliklərə nəzarət edən bir qurum varmı?

– Dərsliklərə nəzarət edən hansısa bir qurum yoxdur. Çünki, Təhsil Nazirliyi sifariş verir. Deyir ki, dövlətin standartlarına cavab verən dərsliklər yazın. Amma burada mübahisəli məsələ var. Həmin o standart reallaşmasa belə, Nazirliyin elan etdiyi tenderə bir neçə müəllif daxil olur. Dövlətin müəyyən etdiyi qiymətləndirmə balı var. Məsələn, 100 balı keçən dərslik qalib elan olunur. Amma, tutaq ki, 5 dərslik tenderə daxil olub, heç biri 100 bal yığmayıb. Hətta 1, 2, 3, 4 və 5 bal yığılıb. Təhsil Nazirliyi məcbur olur, tenderdə qalib gəlməyən, amma ən yüksək bal toplayan dərsliyi ən keyfiyyətsiz olsa belə, qəbul edib orta məktəblərə göndərir. Yəni, pislərin içərisindən nisbətən az pisi götürüb məktəblərə veririk.

– Dərsliklərin çətinliyindən valideynlər də şikayətçidirlər…

– Bəli, şagirdlərimiz hədsiz dərəcədə yüklənirlər. Əvvəlki illərlə müqayisə etsək, bu gün 1, 2, 3-cü siniflərin informasiya yükü əvvəlki illərin 9-10-cu siniflərinə uyğun gəlir. Hətta şagirdlər 1-ci sinifdə çətin riyazi və məntiqi tapşırıqları da yerinə yetirməlidirlər. Valideynlərin uşaqlarının dərslərinə kömək edə bilməməsi sadəcə müasir standartları bilməməsi ilə əlaqəlidir. İbtidai siniflər üçün nəzərdə tutulan dərsliklər olduqca ağırdır. İnformasiya yükü çoxdur.

– Problemin həlli yolu varmı?

– Dövlətin standartları sadələşdirilməlidir. Şagirdlərin yaş psixologiyalarına uyğun olmayan test tapşırıqları, ifadələr, materiallar dərsliklərə verilməməlidir. Şagirdin yaşına uyğun gələn tədris planı olmalıdır. Dövlətin dərslik üzrə müəyyən idarəsi, qurumu olmalıdır. Mən özüm də dərslik müəllifiyəm. İki ay müddətinə dərslik yaza bilmərik biz. Bizə iki ay vaxt verilir. Dünya təhsil sistemində ortaya normal dərslik çıxarmaq üçün 3-4 il vaxt verirlər. Amma bizdə deyirlər ki, iki aya elə dərslik yaz ki, heç yerdə belə bir şey olmasın, tamam fərqli olsun. Qardaş, Amerikanın Amerika olması üçün 235 il vaxt keçib. Bizdə isə iki ay vaxt verirlər ki, dünya standartlarına cavab verən dərslik yaz. Azı 200 səhifəlik dərsliklərdir. 60 günə bu, necə mümkün ola bilər?! Necə yoxlaya, redaktə edə bilərsən?! Ananın dünyaya uşaq gətirməsi üçün 9 ay vaxt keçməlidir. Dərslik müəllifinin iki aya yazdığı kitab təbii ki, problemli olmalıdır. Necə ki, iki aya dünyaya gələn uşaq qüsurlu olur.

Həmçinin oxuyun

“Sağ olun ki, quru sərhədləri açmadınız…“ – Azər Qərib

“Bir səyahət blogeri kimi quru sərhədlərin bağlı qalması məni narahat edirdi, turizmin inkişafına zərbə kimi …