Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Cəmiyyət / “Dərs saatlarının sayını azaltmaq düşmən dəyirmanına su tökməkdir” -Sərt etiraz

“Dərs saatlarının sayını azaltmaq düşmən dəyirmanına su tökməkdir” -Sərt etiraz

Təhsil Nazirliyi ali məktəblərdə “Azərbaycan tarixi” fənninin dəsr saatlarını aşağı salır. 2020-2021-ci illər tədris planında Azərbaycan tarixinin dərs saatlarının tarix fakultələrində 210 saata, qeyri-tarix fakultələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur. Bu məsələ cəmyyətdə ciddi narahatlıq doğurub. Nazirlik “Azərbaycan tarixi”ni “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz etmək və fənnin dərs saatlarının azaltmaq istəyir.

Bu məsələ tarixçilər tərəfindən hiddətlə qarşılanıb, hətta bir çox tarixçilər buna etiraz əlaməti olaraq, Təhsil Nazirliyinə müraciət də ediblər.

Məsələ ilə bağlı BDU-nun kafedra müdiri, tarix elmləri namizədi Kərəm Məmmədov Azsiyasət.com saytına açıqlama verib. Tarixçi alim bildirib ki, bu məsələ haqlı olaraq gündəmə gətirilərək müzakirə olunur: 

“Təhsil Nazirliyinin başqa peşəsi yoxdur ki, Azərbaycan tarixinin üzərində “əməliyyat” aparıb qısaltmaq istəyir? Təbii ki, bu mövzu ilə bağlı hər iki tərəfin obyektiv və subyektiv fikirləri var. Bir tərəf deyir ki, dərs saatlarının sayı az olsun, amma daha dərindən öyrənilsin. Eşitdiyimə görə, Təhsil Nazirliyi təklif edir ki, ancaq müstəqillik dövrünün tarixi öyrənilsin. Bəs bu yolla “Azərbaycan tarixi”ni necə dərindən öyrənmək olar? Onda Azərbaycan xalqının yaratdığı 6 min illik zəngin tarix necə olsun? Ortada dünya təcrübəsi var. Son vaxtlar eybəcər bir tendensiya yaranıb. Belə çıxır ki, 1918-ci ilə qədər Azərbaycanın ordusu, gömrüyü, sərhəd qoşunları və daxili qoşunları olmayıb? Elə ermənilər də bunu istəyirlər. Onlar deyirlər ki, siz 1918-ci ildə meydana çıxmısınız. Bəs o min illik tarix necə olur? Halbuki, bütün yazılı qaynaqlarda ordu təşkil edən xalq kimi kutilərin adı çəkilir. Miladdan əvvəl 2228-ci ildə. Bəs bunu hara yazaq? İlk şəhər mərkəzlərindən biri kimi Naxçıvanın adı çəkilir”.

K.Məmmədov qeyd edib ki, bu gün mövcud olan “Azərbaycan tarixi” dərslikləri əsasında tariximizi tədris etməyin özü də düzgün deyil:

“Dərsliklər yenilənməlidir. Söhbət konsepsiyadan gedir. Çox təəssüf ki, indiyə qədər Azərbaycanın müstəqillik tarixinə və müstəqillik dövrünə uyğun gələ biləcək tarix dərslikləri yoxdur. Sovet dövründə nə yazılmışdısa, yenə həmin şeylər tədris olunur. Sadəcə adlar dəyişdirilib, kosmetik dəyişikliklər edilib. Biz nə vaxta qədər Sasani tarixi, Sasani-Bizans müharibələri, Sasanilərin vergi siyasəti ilə bağlı bağlı olan məsələlərlə uşaqların beynini dolduracağıq? Biz niyə babalarımızın Sasanilər üzərindəki qələbələrini yazmırıq? Ən azı orta əsrlərdə bu qələbələrin 5-ə qədərini mən sadalaya bilərəm. Niyə o qələbələrin heç biri haqqında məlumat yoxdur? Heç olmasa, 630-cü ildə Göyçə gölü sahilindəki qələbədən yazaq. 10 min nəfər bizim balarımızın sayı idi, Sasani ordusunun sayı isə 22 min nəfər idi. Babalarımız Sasaniləri darmadağın etmişdi. Niyə “Azərbaycan tarixi” dərsliklərində bu haqda söhbət açılmır?”.

Tarixçi alim bildirib ki,  dünənə qədər Qaraqoyunlu dövlətini dışlayırdıq ki, bizim deyil, guya işğalçıdır, Şirvanşahlar dövləti bizimdir:

“İkisi də bizimdir. Sadəcə olaraq, biri Azərbaycanı separatçılığa sürükləyib, o birisi isə Azərbaycanı birləşdirməyə çalışırdı. Biz Azərbaycanı bölməyə, yoxsa vahid dövlət şəklində görməyə çalışırıq? Bax, mən istəyirəm ki, bu konsepsiya ortaya qoyulsun. Adlar qoymuşduq ki, Qaraqoyunlu, Ağqoyunlu… Nadir Şahı İran şahı elan eləmişdik, Ağa Məhəmməd Şah Qacarı zülümkar, qaniçən kimi təqdim edirdik. Düzdür, indi bu problemlər yavaş-yavaş yoluna qoyulur. Tarix İnstitutu, BDU-nun “Azərbaycan tarixi” kafedrası da bu sahədə işləyir, xüsusilə də, təbiət fakultələri üzrə çıxan dərsliklərdə bu məsələlərə nisbətən obyektiv yanaşılır. Bu dəsliklərin müəlliflərindən biri də mənəm. Yəni bunu dərinləşdirmək lazımdır ki, bizim uşaqlar tariximizi öyrənə bilsinlər. Dərs saatlarının sayını azaltmaq düşmən dəyirmanına su tökməkdir, adını dəyişdirmək isə ümumiyyətlə, biabırçılıqdır. 8-ci sinif “Azərbaycan tarixi” dərsliyinin 4/3 hissəsi xanlıqlara həsr olunub. Bu məsələlər üzərində fikirləşmək lazımdır. Əslində o xanlıqlarla bağlı iki paraqraf da bəs edir. Ağa Məhəmməd Şah Qacarın fəaliyyəti haqqında isə ən azı 3-4, Nadir Şahın fəaliyyəti ilə bağlı 5 paraqraf lazımdır. Bütün dünya Nadir Şaha “Azərbaycanın Fatehi” deyir. İtalyan şərqşünası Rafael Bleda Nadir şahı “Azərbaycanın Napoleonu” adlandırır, biz isə onu İran şahı elan eləmişik”. 

Həmçinin oxuyun

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb …