Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / Cüdoçu qızlar federasiya rəhbərliyindən gileyləndi

Cüdoçu qızlar federasiya rəhbərliyindən gileyləndi

Birinci Avropa Oyunlarında Azərbaycan ölkə olaraq uğurlu nəticə əldə etsə də, əslində hər kəs daha çox medalı cüdo üzrə milli komandamızın üzvlərindən gözləyirdi.

Çünki Azərbaycan dünyada həm də cüdo ölkəsi kimi tanınmaqdadır. Lakin 9 kişi, 9 qadın olmaqla tatami üzərinə çıxan 18 idmançıdan yalnız biri – Orxan Səfərov gümüş medal ala bildi. Təbii ki, bu nəticə yaxşı qarşılana bilməzdi. Cüdonun dünyada ən məşhur idman növlərindən biri olduğunu nəzərə alsaq, göstərilən nəticə biabırçı idi.

Azərbaycanın Avropa Oyunlarında bayraqdarı və ən böyük qızıl medal ümidimiz Elmar Qasımovun ilk görüşdə ippona düşməsi artıq hər şeydən xəbər verirdi. Kişilərdən ibarət millimizin aktivinə 1 medal yazılsa da, qadınlardan ibarət komandamız bunu da bacarmadı.

Elmar Qasımov

Əslində cüdo komandamızda problemlərin olması əvvəlcədən bəlli idi. Çünki Avropa Oyunlarından öncə cüdoçular federasiyadan pullarını ala bilməməsinə görə etiraz etmişdilər. Lakin federasiya rəhbəri, eks-nazir Füzuli Ələkbərov onların problemlərini həll etmədi. Xüsusən də qadınlar millisi diqqətdən kənarda qaldı. Bu necə ola bilərdi?

Elə bu uğursuz nəticələrin səbəblərini öyrənmək üçün “Qafqazinfo”-nun əməkdaşı qadınlardan ibarət millimizin üzvləri ilə görüşüb və sensasion iradlar eşidib. Ümid edirik ki, aidiyyəti qurumlar qızların haqlı iradlarından nəticə çıxaracaqlar.

İndi isə gəlin idmançıların özlərini dinləyək.

Əslində, qızların hamısı real vəziyyətdən narazı olsa da, Kifayət Qasımova, Aişə Qurbanlı, Xanım Hüseynova, Nərgiz İbrahimova Avropa Oyunlarındakı medalsız qalmalarına və Cüdo millisində baş verən özbaşınalıqlara “Qafqazinfo”nun əməkdaşları ilə söhbətdə dəhşətli faktlar açıqlayaraq hər şeyə aydınlıq gətiriblər:

Aişə Qurbanlı: “Bizdən heç kim medal gözləyə bilməzdi. Axı nəticə qazanmaq üçün gərək təlim-məşq toplanışı keçirəsən. Bizim isə belə şansımız olmadı. Kişilərdən ibarət komandamız Yaponiyaya getdilər. Biz isə bir dəfə Çexiyada təlim-məşq toplanışında olduq. O da heç bir işə yaramadı. 3-4 ay qalmış isə ancaq Bakıda zallarda çalışırdıq”.

Nərgiz İbrahimova: “Bizim üçün heç nə etmirdilər. Ümumiyyətlə, kişilər millisinə pul ayırırlar. Bizə isə çatanda pul yoxdur deyirlər. Qadınlardı da boş verin. Heç bir problemimizi həll etmirlər. Vitaminsizlikdən belə əziyyət çəkirik. Sonuncu dəfə 4 ay öncə bir vitamin veriblər. Digər idman növlərində nəticə ona görə olur ki, onların bütün problemləri həll olunur”.

Xanım Hüseynova: “Siz bilirsiz ki, Avropa Oyunları öncəsi başımıza nə oyun açdılar? Təsəvvür edin ki, bu cür böyük yarışdan öncə bizə baxmadılar. Heç bir qayğı göstərmədilər. Amma nəticə olmayan kimi, bizdən yapışırlar. Federasiya rəhbəri Füzuli Ələkbərovu nə vaxt gördüyümüzü xatırlamıram. Nə yarışlardan öncə, nə də sonra gəlib bizimlə maraqlanıb”.

Kifayət Qasımova: “Qadınlar millisinə heç vaxt baxmayıblar. Bir neçə il əvvəl bir az yaxşı idi. Avropa Oyunlarından isə heç baxmadılar. Mən zədələnmişdim. Çiynimdə ağır zədə var idi. Ya əməliyyat olunmalı idim, ya da o zədə müalicə ilə  6 aya sağalacaqdı. Yanvarın sonlarında zədə almışdım. Ondan öncə də 6 ay təlim-məşq toplanışı görməmişdim. Yaponiyaya aparmadılar. Dedik ki, heç olmasa, Sloveniyaya gedək. Orda da yaxşı toplanış olurdu. Əvvəllər görmüşük. Amma ona da şərait yaratmadılar və dedilər ki, pul yoxdur”.

Xanım Hüseynova: “Bu qədər komandadan ən uğursuzu cüdo oldu. Amma dünyada cüdo ən məşhur idman növlərindəndir. 18 idmançıdan 1 medal sadəcə gülməli idi. Halbuki ən azı 10-12 medal qazanmalıydıq. Biz yarışlara çıxmaq üçün kimano tapa bilmirdik. Bilmirdik yarışı düşünək, ya kimanonu?”.

Aişə Qurbanlı: “Yarış günü tatamiyə çıxmaq üçün kimano verməli idilər. Təsəvvür edin ki, biz düşüb ondan bundan kimano axtarırdıq. Özü pulumuza gedib aldıq ki, kimanosuz qalmayaq. Kim bizdən nəticə tələb edə bilər ki? Mən 11 ildir ki, cüdodayam. Hələ görməmişəm ki, Füzuli Ələkbərov gəlib problemlərlə maraqlansın. Heç yarışdan öncə də bizimlə görüşmədi ki, nə probleminiz var”.

Xanım Hüseynova: “Mən “Neftçi İdman Klubu”nun idmançısıyam. Onlar da təkcə bizə maaş verir. Başqa heç bir şeylə maraqlanmırlar. Əslində onlar bunu etməməlidir. Dövlət hər il federasiyalara pul ayırır. Bəs, bu pullar hara gedir? Biz adi massaja belə öz cibimizdən pul verib gedirik”.

Nərgiz İbrahimova: “Yarışda komandanın həkiminə deyirəm ki, yaramı sarı. Deyir ki, onsuz da bir mərhələ keçib üstümüzə gələcəksən. “Niyə sənin ayağına baxım ki?” Təsəvvür edin biz Bakıda zallarda məşq edirik. Orda da bizimlə çıxan rəqiblər hamısı gənclərdir. Onlarla da güləşəndə zədə alırıq. Mənim qolum yarışdan öncə əzilmişdi”.

Aişə Qurbanlı: “Cüdo üzrə millinin baş məşqçisi Hacı Əhmədov deyib ki, qızlarla bağlı danışmaq istəmir. Səbəbini isə mən bilmirəm. Ona demək istəyirəm ki, biz pis deyilik, pis sizsiniz ki, yetirmələriniz bu vəziyyətdədir”.

Həmçinin oxuyun

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib. “Report”un yerli …

Bir cavab yazın