Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Çox olmadımı, Aslan İsmayılov?

Çox olmadımı, Aslan İsmayılov?

Deyirdilər, inanmırdım. Deyirdilər ki, bu adam ən adi tənqid səsləndirənə qarşı da dözümsüzdür. Hamıdan və hər şeydən narazıdır. Özündən başqa kimsənin haqlı olduğunu qəbul etmir. Cırtqozdur. Özü haqqında xırda bir tənqid eşidəndə əsib-kükrəyir, hətta tənqidçiləri hər cür yaramazlıqda rahatlıqla ittiham edir. Yəni bu adamın həyat kredosunu mənə belə izah etmişdilər. Lakin hadisələrə və şəxslərə öz baxışım olduğu üçün deyilənlərə çox da bənd olmurdum, hətta ona rəğbət də bəsləyirdim.

Ta ki, bugünlərdə öyrəndiyim bəzi gerçəklərin mənim üçün qəbuledilməz şəkildə ortaya çıxmasına qədər.

Mətbuat son günlər, həftələr ərzində Aslan İsmayılov haqqında yazılarla, müzakirələrlə dolub daşır. Bir fəalın şəxsinə belə maraq normaldır, hətta yaxşıdır. Amma ki, maraq da normal mətləblərdən qaynaqlansa.

Hansı saytı açıram, Facebook səhifəsinə baxıram, bəlli olur ki, Aslan İsmayılov kimlərisə məhkəməyə verib. Bu kimlərin arasında ictimai fəallar və jurnalistlərin, ayrı-ayrı media qurumlarının olması təbii ki, bizim diqqətimizi çəkməyə bilməz. Çünki ictimai fəallığıyla seçilən şəxslərin, jurnalistlərin məhkəmələrə çəkilməsinə biganə qala bilmərik.

Bu məhkəmələrin səbəbi nədir? Aslan İsmayılov iddia edir ki, ona böhtan atırlar, təhqir edirlər və s. Ola bilər. Hələ fəallığıyla diqqət çəkən birisinə qarşı kiminsə yanlış, qərəzli fikirlər səsləndirməsi mümkün haldır. Şəxsən öz başıma da gəlir belə hallar. Tez-tez heç tanımadığım şəxslər barəmdə yalan-yanlış fikirlər tirajlayır, hətta əxlaq həddini aşaraq təhqirlərə yol verirlər. Anlayanlara mədəni dildə hər şeyi izah edirəm, anlamayanları da göndərirəm işlərinin dalınca. Yəni kimsəni məhkəməyə vermirəm, vermək haqqında düşünmürəm də.

Amma Aslan İsmayılov bütün işini-gücünü atıb məhkəmə yollarında qalıb. Haqqında kim bir fikir səsləndirdisə, dərhal məhkəməyə verir. Üstəlik, hər zaman obyektivliyinə güvəndiyim bu adam yalanda ittiham etdikləri haqqında yalan deməkdən də çəkinmir. Necə deyərlər, adımı sənə qoyum, səni yana-yana qoyum.

Bugünlərdə bir müsahibəsində iddia edirdi ki, məhkəmələr sifarişlə işləyir, onun Niyaməddin Orduxanlı və bir neçə başqa fəala qarşı iddiası icraata götürülmür. Üstündən bir gün keçməmiş Niyaməddin bəy sənədlə-sübutla göstərdi ki, heç də elə deyil.

Aslan İsmayılov sadəcə şifahi şəkildə məhkəməni haqsız elan etmişdi, Niyaməddin bəy sənədlə durumun fərqli olduğunu sübut etdi. Belə olan halda mənim güvəndiyim Aslan İsmayılov çıxıb deməliydi ki, yanılmışam, elə deyilmiş. Amma demədi. Bu isə ona güvənən insanların etibarından sui-istifadədən başqa bir şeyil deyil. Təəssüf ki, əlbəttə.

Bu arada 2015-ci ilin parlament seçkiləri zamanı başımıza gələn bir olayı xatırlatmaq istərdim. Aslan İsmayılov hazırda millət vəkili olan Adil Əliyevlə eyni dairədən namizəd idi. Sonuncuyla heç bir yaxınlığım, tanışlığım olmadığı üçün təbii ki, rəğbətim də ola bilməzdi. Amma Aslan İsmayılova, yuxarıda da yazdığım kimi, sayğım vardı və düşünürdüm ki, seçilsə, faydalı olar. Lakin bu adam xırda bir məsələyə görə bizi əsassız ittiham edib bütün xətir-hörmətin üzərindən xətt çəkdi.

…Osman Gündüz hər dəfə olduğu kimi bu dəfə də onlayn səsvermə təşkil etmişdi. Bütün dairələr üzrə keçirilən bu səsvermə ciddi nəzarət altında aparılırdı ki, heç kim haram qatmasın. Mən də bu prosesin içində idim. Əlimdən gələni edirdim ki, səsvermə populyarlaşsın.

Aslan İsmayılovun dairəsi üzrə qızğın çəkişmə gedirdi. O, bir müddət böyük hesabla irəlidə getdi. Bu da təbii idi. Çünki bu adamın onlayn fəallığını hamımız bilirdik, qəbul edirdik. Amma Adil Əliyev də boş durmurdu. O da yetərincə fəal idi və gözlənilirdi ki, elə seçkini də qazanan bu şəxs olacaq. Doğrudan da səsvermə gününə yaxınlaşdıqca Adil Əliyev fəallığını artırdı. Həm seçicilərlə işini, həm də onlayn fəallığını genişləndirdi. Bu da ona gətirib çıxardı ki, onlayn səsvermədə Aslan İsmayılovu ötüb keçdi. Elə problemimiz də bundan sonra başlandı. Aslan İsmayılov heç bir araşdırma aparmadan bizi kimlərəsə işləməkdə ittiham etdi…

Bəlli bir müddət sonra isə ümumiyyətlə namizədliyini geri götürüb meydanı Adil Əliyevə buraxdı. Niyə, nə üçün? Bunu sorğulamırıq. Amma bizi heç bir əsas və səbəb olmadan ittiham etməsi bu adam haqqında Osman bəyin də, mənim də fikirlərimi alt-üst etdi. Şəxsən mən o gündən ona olan marağımı itirdim, obyektivliyinə şübhəm yarandı.

İndi də Aslan İsmayılov sağa-sola çırpınır, qarşısına gələni məhkəməyə verib gündəmdə qalmağa çalışır.

Yaxud da kimlərinsə haqqında əsassız fikirlər səsləndirir.

Yaraşdırmıram açığı. Çox oldu məncə, çox…

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın