Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Cəmiyyət / Çovdarovun hədəsinin arxasında nə dayanır?

Çovdarovun hədəsinin arxasında nə dayanır?

Əyyub Kərimov: «MTN işi başlayandan nə qədər azadlıqda qaldı, o zaman niyə danışmırdı?»

Xural.com yazır ki, MTN-in zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarovun son açıqlamaları maraq doğurur. Ona qarşı irəli sürülən çoxsaylı ağır cinayət ittihamları ilə razılaşmayan Çovdarov həbsinin “sifarişli və qərəzli olduğunu” iddia edir. Məlumata görə, Akif Çovdarov həbsini kimlərin sifariş verdiyini bildiyini də deyir.

Xatırladaq ki, Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.

Mənbənin bildirdiyinə görə, A.Çovdarov saxlanılma şəraitindən də narazıdır, kamerasının “soyuq olmasından” şikayətlənir. Üstəlik səhhətində (ürəyində, mədəsində) ciddi problemlərin olduğunu əsas gətirərək müntəzəm həkim müayinəsi altında saxlanılmasını istəyir.

Həmçinin məlum olub ki, A.Çovdarov təxminən il yarım əvvəl vəzifəsindən istefa vermək istəyib. Səhhətinin yaxşı olmadığını əsas gətirərək o vaxtkı nazir Eldar Mahmudova müraciət edərək işdən azad olunmasını xahiş edib. Lakin Eldar Mahmudov öz “kassiri”nin işdən çıxmaq xahişini təmin etməyib.

Bundan əvvəl Çovdarovun dövlət başçısına da müraciət etdiyini nəzərə alsaq, keçmiş generalın son bəyanatları ilə “mən danışa bilərəm” mesajını vermiş olur.

Digər tərəfdən MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun hələ də azadlıqda olması bir sıra suallar yaradır.

Ekspert, hüquqşünas Əyyub Kərimov hesab edir ki, Çovdarovun açıqlamaları maraqlı olsa da, bu bəyanatlar blefdən başqa bir şey deyil: “O, hay-küy salır ki, məni sifarişlə saxlayıblar. Açıqlasın bu işin arxasında kim dayanır, kim bu sifarişi verib? Çovdarovla əlaqədər hələ çox məlumatlar üzə çıxacaq. Cəmiyyətdə çoxu Çovdarovun tam zərərsizləşdirildiyinə inanmır. Ona görə də hələ də hüquq-mühafizə orqanlarına müraciət etmir. Çovdarov saxlanılma şəraitindən də şikayət edirdi. Onu beş ulduzlu oteldə yerləşdirməli idilər? Bir şikayətçi mənə müraciət edib. Həmin şikayətçi deyir ki, o, Çovdarovun qəbulunda olarkən sabiq general ona deyib ki, onun bir günlük xərcləri 500 min dollara başa gəlir. Xahiş edərdim ki, istintaq onu bu qiymətin qarşılığında otellərin birində yerləşdirsin. Bir günə 500 min xərcləyən biri əlbətdə saxlanma şəraitindən razı qalmayacaq”.

E.Mahmudovun hələ də həbs olunmamasına gəlincə Ə.Kərimov bildirdi ki, bu istiqamətdə bir sıra suallara cavab verilməlidir. “Öncə ona aydınlıq gətirilməlidir ki, prokurorluğun dediyi mütəşəkkil cinayətkar dəstənin başçısı kim olub? Bu baxımdan MTN işində də Hacı Məmmədovla müəyyən paralellər görünür. Bəziləri elə başa düşür ki, biz deyəndə ki, ”Zakir Nəsirovun heç bir günahı yoxdur”, “Hacı Məmmədovun danışması gərəklidir” biz köhnə işləri çək-çevir edirik. Heç də belə deyil. Sadəcə paralellər aparılır”, deyə Ə.Kərimov vurğuladı.

Sadəcə H.Məmmədov işində qaranlıq qalan tərəflərin açılmasının zəruri olduğunu deyən Ə.Kərimov vurğuladı ki, o cümlədən də Çovdarov nə mümkündürsə açıqlamalıdır: “Açıqlamanı vermək, ad çəkmək istəyən bunu edər. Amma o, bir şeyi yadda saxlasın ki, ona qarşı da danışanlar çox olacaq. Yəni kimin ona nə deməsindən asılı olmayaraq icraçı Çovdarovdur. Ona görə Çovdarov başçının və onun ətrafının kimlərdən ibarət olduğunu deməlidir”.

Çovdarovun bu açıqlamasından sonra ona qarşı münasibətin dəyişib-dəyişməyəcəyinə gəlincə isə Ə.Kərimov bildirdi ki, münasibət dəyişsə bunun ciddi fəsadları ola bilər. Ə.Kərimovun sözlərinə görə, bu prosesdə G.Əhmədova işini xatırlamaq yerinə düşər: “Gülər Əhmədova demişdi ki, mənim ağzımı açdırmayın. Guya, Gülər Əhmədova ağzını açsaydı belə nə olacaqdı? O niyə susdu? Hazırda da Çovdarovun dedikləri varsa, buyursun. Akif Çovdarov MTN işi başlayandan nə qədər azadlıqda qaldı? Bəs o zaman niyə danışmırdı, kimə arxayın idi? Çovdarov əgər özündə təpər tapsaydı, törətdiklərinə görə çöldə olduğu müddətdə başına güllə çaxmalıydı. Çünki onun törətdiklərinin qarşılığında yaşamaq haqqı yoxdur”.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın