Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Cavid Hüseynovun azadlığa buraxılmasına sərt reaksiyalar

Cavid Hüseynovun azadlığa buraxılmasına sərt reaksiyalar

Teyfurə Əliyeva: “Balamın qatili azadlıqda gəzir” ; Elçin Şıxlı: “Xırda bir şey olsaydı, əfv edib azad etmək olardı, amma…”

Mirvari Qəhrəmanlı: “Rasim onun ucbatından öldü”; Adəm Məmmədov: “Bilmədən kimisə suçlamaq ədalətsizlikdir”

Ötən ilin yayında döyülərək öldürülən jurnalist Rasim Əliyevin işində təqsirli bilinən futbolçu Cavid Hüseynovun oktyabrın 12-də Bakı Apelyasiya Məhkəməsi tərəfindən azadlığa buraxılması ölkə gündəmini silkələdi. Həbs cəzası 4 ildən 1 il 2 aya endirilən futbolçu barəsində qərar sosial şəbəkələr və mətbuatı iki hissəyə ayırdı.

Bir qisim C.Hüseynovun məlum hadisədə günahının olmadığını iddia edir və onun azadlığa buraxılmasını alqışlayır, azyaşlı qız övladının ona qovuşmasından olan sevinclərini gizlətmirlər. Bunun əksini deyən və futbolçunun azad edilməsini sərt tənqid edən tərəf də var ki, onlar çoxluq təşkil edirlər. Narazı kəsimin əsas arqumentləri bir cinayətdə təqsirli bilinən şəxsin bu şəkildə tezliklə azadlığa buraxılmasıdır. Hətta futbolçu azadlığa çıxdıqdan sonra sosial şəbəkələrdə onunla bağlı qarşıdurmalar da yaranıb. Bir tərəf Hüseynovun qız övladına qovuşan fotolarını paylaşır, digər tərəf isə mərhum jurnalistin nişanlısı ilə olan fotosunu paylaşaraq, futbolçunun bir ailənin yeganə oğlan övladını əlindən aldığını, qurulmaqda olan bir ailəni məhv etdiyini bildirirlər.

Öldürülən jurnalistin ailəsi C.Hüseynovun azadlığa buraxılmasını təəssüflə qarşılayıb.
R.Əliyevin anası Teyfurə Əliyeva AzadlıqRadiosuna açıqlamasında bu qərarı “haqsızlıq” adlandırıb.

“Çox pis oldum. Çox haqsızlıqdır, çox…Həkimləri elə, Cavidi belə aradan çıxardılar. Mən qorxu içindəyəm ki, o beş nəfəri də azadlığa buraxacaqlar. Canlı şahidəm ki, oğlumu çağıran Cavid olub. Onun mesajlarından da görünür. Mesajda deyildiyi kimi, çox adam yığılmasaydı, yəqin Cavid özü də Bayıla gələrdi. Bəlkə özü də həmin ətrafda olub. Balamın qatili azadlıqda gəzir. Balamın qanı yerdə qalır. Necə barışmaq olar bununla?”

R.Əliyevin atası Məmmədəli Əliyev BBC-yə açıqlamasında xəbərə hədsiz pis olduğunu, deməyə söz tapmadığını bildirib.

Mərhum jurnalistin valideynlərinin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev isə qərarın gözlənilməz olduğunu qeyd edib: “Bir neçə gün əvvəl mətbuatda Cavid Hüseynov barəsində Apelyasiya Məhkəməsinin ilkin iclas qərarından kasasiya şikayətinin geri götürüldüyü barədə məlumat çıxdı. Elə fikir yarandı ki, bu nahaq yerə baş verməyib. Bu şikayət hansısa məqsədlə verilib və götürülməsində də məqsəd olub”.

Ə.Mustafayev Cavid Hüseynovun işində Rasim Əliyevin valideynlərinin zərərçəkmiş kimi tanınmadığını bildirərək qeyd edib ki, tərəf olmadığı üçün jurnalistin valideyn və vəkilləri hüquqi müstəvidə heç nə edə bilməz: “Valideynlər ölkə başçısına müraciət edə bilərlər”.
Rasim Əliyevin nişanlısı Gülər xanım Cavidin məhkəmə zalında gülərüz şəklinə belə reaksiya verib: “Onda (daha sərt ifadə işlədib deyə dərc etmirik-red.) vicdan yoxdur. Olsaydı, dişlərini ağartmaqdansa, utanma hissi keçirərdi. Amma belə rahat yaşamaz o. Tezliklə əsl ədalət yapışacaq ayağından onun”.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, futbolçunun azad edilməsi saymamazlıqdır: “Hər halda, bu insanın bu və ya digər şəkildə jurnalistin ölümünə baiskar olduğunu deyə bilərik. Xırda bir şey olsaydı, əfv edib azad etmək olardı. Amma burada bir jurnalistin ölümündən söhbət gedir. Onun tezliklə azad olunması, hər halda, yaxşı deyil”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, Cavid Hüseynov cəzasız buraxılmalı deyildi: “O, cinayəti bilib gizlətmişdi. Bu zaman cinayətin iştirakçısı olur. Rasim onun ucbatından öldü. Bir idmançı belə çıxır ki, kimisə öldürə, yaxud cinayət hadisəsi törədə bilər və azadlığa buraxılar. Düşünürəm ki, o, kiminsə nəzarəti altında olan idmançıdır. Onun arxasında dayanan güclü qüvvə var. Deməzdim ki, ondan pul alıb buraxıblar. Burada, sadəcə, başqa məsələlər var. Onun azad olunması cəmiyyətə hörmətsizlik oldu. Sosial şəbəkələrdə sevinənlər var. Onlar düşünmürlər ki, bir ana Cavidin ucbatından övladsız qalıb. Cavid azad olunanda Rasimin anasının yanına getməli, üzr istəməli, əllərindən öpməli idi. Amma o, gülə-gülə azadlığa çıxdı. İnsanın mənəvi məsuliyyəti var. Cavid ömrü boyu mənəvi işgəncə altında olacaq, təpkilər görəcək. Nə qədər gec deyil, mətbuat konfransı keçirməlidir. Hər bayramda Rasimin ailəsinə baş çəkməli, hər kəsdən üzr istəməlidir. Bu mənəvi əzabı üzərindən atmalıdır. Hakim bu qərarı verməklə insanlar arasında ciddi ayrı-seçkilik yaratdı. Çünki eyni cəza ilə olan insanlar hazırda həbsdədir. Cavidi heç zaman müdafiə etmək fikrində olmamışam. Çünki mən də anayam”.

C.Hüseynovun vəkili Adəm Məmmədov ədalətin tam bərpa olunmadığını bildirdi: “Cavidin 1 il 2 aydan çox həbsdə qalmasını qanunsuz hesab edirik. Səbayel Rayon Məhkəməsində jurnalistlər prosesə buraxılmırdılar. Vəsatət qaldırdım ki, məhkəmə açıq keçirilsin. Bütün cəmiyyətin və Rasimin həmkarlarının həqiqətlərin üzə çıxarılmasının şahidi olmalarını istədim. Əmin idim ki, Cavid günahsızdır. Bir faktı deyim. Mərhum 102-yə zəng vurur və döyülməsi barədə xəbər verir. Rasim xəstəxanada olan vaxt Cavid ora gəlir. Həmin vaxt polis əməkdaşları xəstəxanaya gəlir. Mərhumun izahatını alırlar. Rasimin dostu deyir ki, şikayət ərizəsini mən yazdım. Belə olan halda cinayəti bilib xəbər verməmək maddəsi verilə bilərmi? Polis hər şeyi bildiyi halda Cavid nəyi bilib deməmişdi? Qabaqcadan ağır cinayəti bilib gizlətmə ittihamları var. Cavid əvvəlcədən ağır cinayəti necə bilə bilərdi? Tərəflər arasında küçə davası olub. Cavid bilə bilməzdi ki, bunlar dalaşacaqlar, Rasim xəsarət alacaq.

Rasimə Allah rəhmət eləsin. Rasimin anası deyirdi ki, oğlumu Cavid görüşə çağırıb. Amma yazışmalar üzə çıxdı və məlum oldu ki, Cavid heç zaman onu görüşə çağırmayıb. Ad çəkmək istəmirəm, amma işin içində olan bir şəxs deyirdi ki, qarşı tərəf də bu işin bəraət qazanmalı olduğunu bilir. Azərbaycanda ən ədalətli hakimlər İlham Həsənovdur-ədalətli olduğuna görə 65 yaşı tamam olanda 5 il belə artırmadılar-bir də Namiq Cəfərovdur. Aparsınlar bu işi onların yanına. İnandırıram ki, bundan sonra Cavidi bir gün də həbsdə saxlamazdılar. Bunu tam məsuliyyətimlə deyirəm. Bu sıradan bir iş deyil. Əgər Cavid günahkar olsaydı, cəmiyyətin qarşısına bu qədər getməzdim. Çox tənqidlərə tuş gəlirəm. Həqiqət olmasaydı, onu bu şəkildə müdafiə etməzdim. Gecə-gündüz çalışırdım. Bu cinayət işində davam edənlərin yaşları 21-23 arasındadır. Bu yaşda olanlar nə bilir ki, jurnalist kimdir? Bu cür söhbətləri adətən gənclər edirlər. Onlara haqq qazandırmıram, layiqli cəzalarını aldılar. Sadəcə, ikisi günahsız idi. Onlar hətta davanı səngidiblər, mərhuma əlavə zərbələr vurmağa imkan verməyiblər. Amma onları məsuliyyətə haqsız olaraq cəlb etdilər. Cavidin həbsi əsassız idi. Kim şübhəlidirsə, cinayət işinin materiallarını göndərim. Bilmədən kimisə suçlamaq ədalətsizlikdir. Cavid kimdir ki, nəsə sifariş də etsin, sadəcə, futbolçudur. Rasimin valideynlərinə başsağlığı veririk”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın