Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Çaqqallar kəndlərə niyə hücum edir? – Ekspert bunun səbəbini açıqladı

Çaqqallar kəndlərə niyə hücum edir? – Ekspert bunun səbəbini açıqladı

Son dövrlər Azərbaycanın rayonlarında çaqqalların artması müşahidə olunur və bu da yerli sakinləri ciddi narahat edir. Çaqqallar əsasən, kəndlərə hücum edərək əhalinin təsərrüfatına, bəzən insanlara da zərər verir.

Noyabrın 29-da da belə bir hal yaşanıb. Astaranın Şüvi kəndində çaqqal səhər saatlarında kəndə hücum edərək bir neçə insana xəsarət yetirib. Bəs, çaqqalların sayının artması nə ilə bağlıdır?

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov AzNews.az-a açıqlama verib.

Onun sözlərinə görə, ümumilikdə çaqqalların konkret ərazilərdə sıxlığı artıb:

“Əvvəllər onlar müəyyən bir ərazini tuturdularsa, indi həmin ərazilərin yarısı, hətta yarıdan çoxu əkin sahələri kimi istifadə edilir. Ona görə də həmin yerlərdəki çaqqallar digər ərazilərə köçüblər. İkinci əsas səbəblərdən biri odur ki, insanlar çaqqalların ovladığı yem qidasını təşkil edən canlıları ovlayırlar. Nəticədə çaqqallar insan təsərrüfatlarına hücum edirlər. Üçüncü səbəb isə otel, istirahət mərkəzlərinin və əhalinin sayının artması ilə bağlıdır. Bu da qida qalıqlarının, tullantıların artmasına səbəb olur. Həmin zibil yeşikləri olan yerlər, nəzarətdə olmayan zibilliklər var. Çaqqallar görür ki, qida yoxdur, amma insanların yaşadığı yerlərdə kifayət qədər qida var. Buna elmi dildə sinantroplaşma deyillər. Yəni heyvanlar insanların yaşadıqları ərazilərdə çox asanlıqla qida əldə edə bilirlər. Əsas səbəblər bunlardır”.

Direktor problemin qarşısının alınması yollarından da danışıb:

“Bunun da qarşısını almaq üçün ilk olaraq zibil yeşiklərinin ağzı örtülü olmalıdır. Bu, təkcə çaqqallara aid deyil. Bakı şəhərində də qarğaların, sahibsiz itlərin də sayı artır. İkincisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə beynəlxalq ekoloji təşkilatlarla əlaqə saxlamalıdır. Bəzi insanlar kənd təsərrüfatında olan pay torpaqlarından istifadə etmək əvəzinə müəyyən gəlirlərini beynəlxalq təşkilatlar vasitəsilə əldə etməlidirlər. Bu zaman həmin yırtıcı heyvanların, o cümlədən çaqqalların əvvəl məskunlaşdıqları ərazilərdə sayı da bərpa edilər.Və bu zaman insanların təsərrüfatlarına da hücum sayı azalar. Digər məsələ odur ki, bizim təsərrüfat sahibləri elektronika əsrində müasir qoruyucu sistemlərin olmasına baxmayaraq, yenə də öz mal-qaralarını 100 il əvvəlki dədə-baba qaydaları ilə qoruyurlar. Müasir dövrdə xüsusi elektrik çəpərlər var ki, bu çəpərlərə yüngül elektrik cərəyanı verilir. Bundan başqa xüsusi ağıllı boğazlıqlar var. Artıq müasir texnologiyadan, təhlükəsizlik sistemlərindən istifadə etmək vaxtı çatıb. Amma burada bir məsələ var ki, sahibkara desən ki, 10-20 min manata təhlükəsizlik sistemini al, tətbiq et, onda sənin ev heyvanların təhlükəsiz olacaq. Ancaq bunu etməyəcəklər. Zamansa artıq bunu tələb edir”.

Elman Yusifov sonda heyvanların quduzluq hallarına nadir hallarda rast gəlindiyini deyib.

Həmçinin oxuyun

Tağı Əhmədov “aristokratların xəstəliyi”ndən müalicə olunur

Hakim partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti ağırlaşıb, sağlıq …