Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Cahangir Əsgərovun qiymət fırtınası – Etiraz artır

Cahangir Əsgərovun qiymət fırtınası – Etiraz artır

Hər il yay mövsümü başlayanda AZAL-ın bilet qiymətlərinin bahalığı ilə bağlı məsələ gündəmə gəlir.

Qafqazinfo” xəbər verir ki, elə son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu da AZAL-ın uçuşlarının həddindən artıq baha olması ilə bağlıdır. Qeyd edək ki, xaricə səfərə yollananlar qiymət artımını ən çox Türkiyənin və Tiflisin aviaşirkətlərti ilə müqayisə edirlər. Məlum olur ki, eyni tur paketlərini Gürcüstandan bir neçə dəfə ucuz qiymətə əldə etmək mümkündür.

Artıq qeyd olunan problemlə bağlı sosial şəbəkələrdə də kampaniya başladılıb. Kampaniyaya qoşulanlar AZAL-ı soyğunçuluqda ittiham edirlər. Ölkə başçısı İlham Əliyev də ötən gün Nazirlər Kabinetinin iclasında AZAL-ın bilet qiymətləri ilə bağlı sərt çıxış edib. Sitat: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev də bir neçə gün əvvəl mətbuata açıqlamasında bilet qiymətlərinin bahalığından şikayətlənmişdi: “Siz təsəvvür edirsinizmi, insanlar ucuz qiymətə Gürcüstandan hansı təyyarələrlə uçurlar? Bizim aviasiya şirkətlərinin təqdim etdiyi xidmətləri onlarla müqayisə edə bilmərəm. Bu, reallıqdır. Hər bazarın öz qiyməti və xidmət səviyyəsi var. Əlbəttə, mən də arzu edərdim ki, aviabiletlərin qiymətləri daha ucuz olsun. Mənim ailəm də, dostlarım da xaricə uçurlar. Amma qiymətləri bazar tənzimləyir”.

Hüquqşünas Aslan İsmayılov dəfələrlə facebook səhifəsində aviabiletlərin süni şəkildə qaldırılmasına etiraz edənlərdəndir. O qeyd edir ki, əgər vətəndaşlarımızın yay mövsümündə Bakı-Antalya (bu tipli digər çox yay istirahət məkanlarına olan reyslər də aiddir) reysində yüksək tələbatları varsa, hansı əsaslarla AZAL Bakı-Antalya (və digər) marşrutunu inhisara alaraq Azərbaycan vətəndaşlarına qarşı düşmən mövqe sərgiləyir?! Yoxsa Cahangir Əsgərov üçün Azərbaycan vətəndaşları ancaq Biznes Klassla uçanlardır?!

O, 10 iyul tarixində AZAL-ın təklif etdiyi bilet qiymətlərini digər avia şirkətlərin qiymətləri ilə də müqayisə edib.

Bir tərəfli uçuşlara olan qiymətlər: 

Bakı – Antalya: 819 ABŞ Dolları (AZAL)

Tiflis – Antalya: 166 ABŞ Dolları (Turkish Airlines)

10 iyul gediş, 17 iyul dönüş: 

Bakı – Antalya – Bakı: 1619 ABŞ Dolları (AZAL)

Tiflis – Antalya – Tiflis: 282 ABŞ Dolları (Turkish Airlines)

Gənc fəal Bəxtiyar Hacıyevin də sosial şəbəkədə AZAL-ın bilet qiymətlərini Tiflis aviaşirkətinin qiymətləri ilə müqayisə edən infoqrafiki maraqla qarşılanmışdı. O bildirib ki, AZAL Wizzair, Ryanair, Pegasus, Onurair, Atlasjet kimi ucuz hava yollarına şərait yaratmalıdır ki, Bakıdan Avropaya ucuz qiymətə uçmaq istəyən tələbələr, gənclər də bu uçuşlardan yararlana bilsin. Yoxsa, onları çıxarıb, Frankfurta 766 AZN qiymət qoyursa, buna mütləq etiraz etmək lazımdır.

Tiflis-Riqa -235 man

 Bakı-Riqa- 475

Müqayisələrdən də göründüyü kimi, AZAL-ın təklif etdiyi bilet qiymətləri digərlərinə nisbətən fantastik həddə çoxdur. Belə olan halda, AZAL əleyhinə kampaniyaların başladılması da təəccüb doğurmur.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən millət vəkili Asim Mollazadə ümid edir ki, prezidentin göstərişlərindən sonra bu vəziyyət köklü sürətdə dəyişəcək: “Həm AZAL-ın bilet qiymətləri, həm də ölkədə turizmi inkişaf etdirmək üçün müvafiq şirkətlərin viza probleminin həlli yaxın müddətdə həllini tapacaq. Nəticədə Azərbaycanda turizm inkişaf edəcək”. 

Fərəc Quliyev isə bildirib ki, əhalinin vəziyyətinə uyğun olaraq tariflərdə dəyişiklik etmək mümkündür: “Ola bilər ki, bu halda AZAL istədiyi qazancı götürməsin. Amma əhalinin sosial durumunu, dünyada baş verən prosesləri, nəzərə alaraq qiymətlərdə dəyişiklik etmək lazımdır. Xüsusilə Naxçıvan reyslərində dəyişikliyi vacib hesab edirəm. Bura blokada şəraitində yaşayan bir yerdir. Əhalinin imkanı yoxdur ki alternativ yollardan istifadə etsin. Ölkənin turizmin inkişaf emtəsi baxımından həm mehmanxana, həm bilet qiymətlərinin aşağı salınmasına ciddi ehtiyac var. Qısa zamanda ərzində böyük qazanc götürülməsə də, amma uzunmüddətli qazanc əldə etmək mümkündür. Bizim ölkənin buna imkanları var. Biz turizmi inkişaf etdirmək istəyiriksə, rəqib kampaniyalardan aşağı qiymət təklif etməyi bacarmalıyıq”.

Fəzail Ağamalı bilet qiymətlərinin həqiqətən baha olduğunu təsdiqləyib: “Təsadüfi deyil ki, dövlət başçısı da ötən gün iclasda bu məsələyə toxundu. Prezidentin dedikləri tamamilə həqiqəti əks etdirir. Bu bir daha məsələnin aktuallığını ortaya qoydu. Həqiqətən AZAL özünün xidmətlərini dünya standartları səviyyəsində qurub. Mən dəfələrlə AZAL-ın uçuşlarından istifadə edirəm. Göstərilən xidmət yüksək səviyyədədir. Bununla bərabər AZAl-da avabiletləri çox bahadır. İstər ekonom klass, istərsə də biznes klassda qiymətlər bahadır. Qiymətlər insanların imkanları ilə üst-üstə düşmür. Azərbaycan hazırda dünyanın diqqət mərkəzindədir. Ölkədən xaricə gedənlər də kifayət qədər çoxdur. Bu baxımdan AZAL-ın xidmətlərindən geniş şəkidə istifadə olunur. Bu məsələyə yenidən baxmaq vacibdir. Ölkə başçısının da qeyd etdiyi kimi, yanacağı Azərbaycanın özü istehsal etdiyi halda, niyə görə qiymətlər baha olmalıdır. Tamamilə əminəm ki , uçuş qiymətlərin azalması yaxın günlərdə baş tutacaq. Prezidnetin bununla bağlı çıxışı da ölkə vətəndaşlarının maraqlarına xidmət edən məsələdir”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın