Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman filosofu və sosioloqu Maks Veber yüzilliyin astanasında bu suala “yox” cavabını verirdi. Veberin fikrincə, kapitalizm və demokratiyanın uğurlu inkişafı üçün insan xüsusi mədəniyyətə – həyata münasibətdə rasional və tənqidi baxışa, eləcə də, protestantizm dini təlimi və dini praktikası vasitəsilə təşəkkül tapmış əməyin kapitalist etikasına yiyələnməlidir . Avropa teokratiyasının çiçəkləndiyi dövrdə tarixdə Cenevrə papası kimi tanınan 16-cı əsrin hüquqşünası , din və dövlət xadimi , Fransalı Jan Kalvin tərəfindən inşa olunmuş (10 iyul 1509, Nyayon, Fransa krallığı – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası) Cenevrədə, daha sonra isə Niderland, Şotlandiya, Almaniya və Fransada yayılan Xristinalığın Protestanlıq qolunun xüsusi cərəyanı kimi qəbul olunmuş Kalvinizm təliminin kapitalizimin inkişafına çox böyük tövhələr verdiyini inkar etmək olmaz. Dəbdəbəli həyat tərzini, bərbəzəkli geyimləri, ləl-cəvahiratdan istifadəni , rəqs etməyi, sərxoşluğu zərərli məşğuliyyət hesab edən, hətta qadağan edən , əməyin müqəddəsliyini , insanın zəhmət və ibadətlə Tanrıya ucalacağını və Tanrı tərəfindən seçilimişlər qrupuna aid edildiyini təbliğ edən bu cərəyan Burjuaziyanın ideoloji təməllərini inşa etdi. Jan Kalvinin quşların uçmaq üçün yaradıldığı kimi insanın da əmək üçün yaradıldığı barədə təbliğatı, dürüstlük və çalışqanlığa üstünlük verməsi, israfçılıq etməməyi, pulun daimi dövriyyədə olmasını , artmasını və maddi neymətlər yaratmasının, bununla iqtisadi inkişafın doğru olması barədə görüşləri Burjuaziyanın möhkəm ideoloji təməli ilə yanaşı , həm də burjuaziyanın cəmiyyətdə siyasi liderliyinin əsasını qoydu. Tanrını daha çox cəzaverici sifətləri ilə təbliğ edən Kalvinizm teokratiyasının həm burjuaziya üçün ehtiras, həm də sərvətə mötədillik ideyası bir arada ümumiləşmişdi. Kalvinizmin əmək təlimi ilə sosializmin əmək etikasında oxşar xüsusiyyətlərin olması da danılmaz həqiqətdir. Fərq yalnız Sosializmin Tanrısız əmək təlimini inzibati əsaslarla müəyyən etməsi idi. Bəli, içərisindən mütləq Ədalətin özü olan Tanrı çıxarılmış ideologiyasız kazarma sosializminin çəngindən qurtulmuş bir çox postsovet dövlətləri üçün maddi sərvətlərə ağılagəlməz ehtiras dağıdıcı təsir bağışlamaya da bilməzdi. Belə də oldu.

Protestantizmin yayılmasından yüzilliklər sonra əmək etikasının dini motivi, demək olar ki, unudulurdu. Lakin Maks Veberin yazdığı kimi, əməyə xüsusi münasibət Qərb insanı psixologiyasında özünə möhkəm yer eləmişdi. Bu gün bir çox MDB dövlətləri ilə iqtisadi uğurlarına görə müqayisə olunmaz dərəcədə irəlidə olan qərb iqtisadiyyatının qət etdiyi zirvələrin əsas səbəblərindən biri də yüksək əmək etikasının təsiridir. Almanların istehsal etdiyi şöhrəti bütün dünyaya yayılmış yüksək texniki imkanlara malik ağıllı avtomobillərinin heç təkərini istehsal edəcək imkanlara malik olmayan ölkələr az deyil. Bəs biz əmək etikası barədə hansı səviyyəsni tutmuşuq ? Əziz həmvətənlər, bilirsinizmi ölkəmizdə nə baş verir ? Bilirsinizmi nə qədər müəssisə və təşkilatlarda yenicə əmək fəaliyyətinə başlamış çox gənc oğlan və qızlarımız hansı əmək etikasına sahibdirlər. Bilirsinizmi mənimsəmə və maliyyə fırıldaqçılığı faktları üzrə hüquq mühafizə orqanlarının icraatında olan minlərlə cinayət işləri var. İnanın ki, mən öz təcrübəmə əsaslanaraq deyirəm ki, xüsusilə gənc qızlarımızın elə mürəkkəb və ağılagəlməz maliyyə fırıldaqçılığı və mənimsəmə sxemlərinə rast gəlmişəm ki, sadəcə heyran qalmışam. Həmin qız övladları, gələcəyin anaları cəmiyyətə oğru, quldur cinayətkarlardan başqa hansı keyfiyyət parametrlərinə məxsus vətəndaşlar verəcəklər ? Heç bunu düşünürsünüzmü ? Gənclərin pul qazanmağa olan izafi ehtirasları onların gələcəyini büsbütün məhv edir. Nə qədər təsərrüfat subyektləri dələduzluğun qurbanına çevrildiyindən xəbəriniz varmı ? Maddi nemətlərə izafi bağlılıq, ehtiraslı zümrənin ortalıqda var gəl etməsi , sərvətlərinin və dəbdəbəli həyat tərzinin təbliğatı gələcəyimizi məhvə kökləyib. İndi hər bir gəncin qafasında bircə məqsəd var, nəyin bahasına olursa olsun tez bir zamanda varlanmaq lazımdır vəssalam. Bu nə tərbiyədir? Bu nə təlimdir, nə əxlaqdır ? Nə baş verir axı ? Mən cəmiyyətdə kölə ehtirasının , kölə təfəkkürünün hökümranlığını görürəm. Əziz həmvətənlər , problemimiz ən azı artıq geridə qoyduğumuz Qarabağ problemi qədər həlli vacib olan məsələdir. Gələcəyimizi xilas etməliyik. Mən bütün imkanlarımla əlimdən gələn xidmətləri təmənnasız göstərməyə hazıram. Biz cəmiyyətimizi mənəvi fəlakətdən qurtarmalıyıq. Əks təqdirdə planlaşdırdığımız inkişafa sosial iqtisadi sistemə uyğun etikasız nail ola bilməyəcəyik.

Elçin QURBANOV

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …